“Mən Azərbaycan Ordusunun qisas almaq niyyətindən qorxuram” - FRANSALI SENATOR
06.07.2017 15:00 A-reaksiya 1515
Növbəti erməni təxribatı Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir.
Reaksiya.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşar (André Reichardt) bəyanat verib.
O qeyd edib: “Günahsız dinc sakinlərin qətlə yetirilməsi barədə xəbər məni çox kədərləndirdi. Azyaşlı uşağın qətlə yetirilməsi xəbərinin isə mənə xüsusi təsiri oldu. Mən Azərbaycan ailələri və hakimiyyətinə dərin hüznlə başsağlığı verirəm. Bu dramatik hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır. Mən bunları Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda təşkil etdiyi konfransda da demişəm. Təsadüfi deyil ki, Prezident Emanuel Makron bu məsələni hər zaman diqqət mərkəzində saxlayır”.
A.Reyşar bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədrləri Rusiya və ABŞ ilə birlikdə bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsinin tərəfdarıdır və bunun üçün öz töhfələrini verməkdədir:
“Münaqişə ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması münaqişənin sülh yolu ilə həll edilməsinin əsas şərtidir. Mən Azərbaycan Ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram”.
Şərhlər