Döyüş əmri istənilən an verilə bilər
07.07.2017 11:29 A-reaksiya 1764
Prezident İlham Əliyev: “Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır”; birinci vitse-prezident Mehriban Əliyeva: “Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”
Elçin Mirzəbəyli: “İndiki halda Ermənistanın təxribatçı hərəkətlərinə düşmənin işğal altında olan ərazilərindəki hərbi obyektlərinə sarsıdıcı zərbələr endirməklə cavab vermək lazımdır”
İşğalçı Ermənistan ordusunun iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində iki dinc sakinin həlak olması, bir nəfərin isə ağır yaralanması ölkəmizdə dərin nifrətlə qarşılanıb. Azərbaycanda hər kəs cinayətkar Serj Sərkisyan rejiminin törətdiyi bu cinayəti lənətləməklə yanaşı, beynəlxalq aləmin baş verənlərə adekvat reaksiyasını tələb edir.
Həmçinin on illərdir aparılan nəticəsiz danışıqların dayandırılması, hərbi əməliyyatlara başlanılması üçün ölkə rəhbərliyinə müraciətlər ünvanlanır. Alxanlıda törədilən dəhşətli cinayət hadisəsinə hələlik dünyanın aparıcı paytaxtlarından gözlənilən reaksiya gəlməsə də, xalqı ilə eyni mövqedən çıxış edən Azərbaycan rəhbərliyi artıq operativ reaksiyasını verib. “Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin rəsmi twitter mikrobloqunda yazılıb.
“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” Bunu isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva twitter səhifəsində yazıb.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov öz növbəsində beynəlxalq QHT-ləri Alxanlı olayına seyrçi qalmaqda suçlayıb. N.Məmmədov özünün facebook səhifəsində bu haqda belə yazıb: “İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT-lər Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?”
Rəsmi Bakı beynəlxalq aləmin insanlığa qarşı növbəti cinayətə imza atmış Ermənistana qarşı prinsipial mövqe bildirməsinə cəhdlər göstərir. Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub. XİN-dən virtualaz.org-a verilən məlumata görə, səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edirlər. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya, Pakistan, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı var.
***
Belarusun paytaxtı Minskdə keçirilən ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyətinin düşmənin Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda qaldırdığı məsələ iclas iştirakçılarının diqqətinə çatdırılıb. Bunu modern.az-a açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib. Deputat bildirib ki, ATƏT PA-nın 26-cı illik sessiyasında 54 ölkədən 330-dən çox parlamentari iştirak edir. Qarabağ məsələsində ədalətli mövqeyi ilə seçilən Belarus prezidenti Aleksandr Lukaşenko da sessiyadakı çıxışında Avropa ölkələrini Dağlıq Qarabağ probleminə ciddi şəkildə diqqət yetirməyə çağırıb.
Avropa Parlamentinin üç üzvü - fransalı Rəşidə Dati, sloveniyalı İvo Vayql və latviyalı İveta Qriqule Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat barədə mətbuata açıqlama veriblər. “ATƏT-in Minsk Qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. Biz isə ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Biz - avropalı siyasi rəhbərlər Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik” - açıqlamada deyilir.
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter (Donald Shooter) Ermənistan prezidenti Serj Sərkisyana açıq məktub ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubun bir surəti Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğuna göndərilib. D.Şuter balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirərək, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirlər görməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə idarənin xaricdəki səlahiyyətli nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
ATƏT-in Minsk Qrupunun bəsit, qeyri-adekvat reaksiyasının ardınca Rusiya Xarici İşlər Nazirliyi də erməni vəhşiliyinə loyal yanaşma sərgiləyib. “Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq” (Report). Rusiya XİN-in sözçüsü Mariya Zaxarova belə deyib. O, rəsmi Moskvanın Minsk Qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib.
Erməni tərəfinin həyasızlığı isə bitmək bilmir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan “razılaşmalara əməl etməyəcəyi təqdirdə” Azərbaycanın yenə də zərbələrə hədəf olacağını alçaqcasına bəyan edib. Nazir müavini Savaş Köçəryan da eyni məzmunlu sərsəmləmələri ilə ortaya çıxıb. Erməni rəsmiləri o qədər şərəfsizdir ki, onlar 18 aylıq uşağı “yaxşı eləyib öldürmüşük” deməkdən də çəkinmirlər.
“Son hadisə bir daha sübuta yetirdi ki, Azərbaycan torpaqlarının işğalına sülh yolu ilə son qoymaq mümkün deyil. Vasitəçilərin əsas məqsədi status-kvonun qorunub saxlanılması, Azərbaycanın təslimçi sülhə sövq edilməsi üçün əlverişli zəmin hazırlanmasıdır”.
Politoloq Elçin Mirzəbəyli bunu qəzetimizə açıqlamasında dedi. Ekspert xatırlatdı ki, Rusiya münaqişədə tərəfdir və həm Azərbaycan torpaqlarının işğalında iştirak edib, həm də işğalın davam etməsinə öz təsirini qoruyub-saxlamaqdadır: “Hadisələrin inkişafı barədə konkret fikir söyləmək çətindir. İndiki halda Ermənistanın təxribatçı hərəkətlərinə düşmənin işğal altında olan ərazilərindəki hərbi obyektlərinə sarsıdıcı zərbələr endirməklə cavab vermək lazımdır. Eyni zamanda bir millət olaraq mövcud durumla barışmadığımızı və heç vaxt barışmayacağımızı, torpaqlarımızı hərb yolu ilə azad etməkdə israrlı olduğumuzu işğalçıya və bütün dünyaya nümayiş etdirməliyik”.
E.Mirzəbəyli hesab edir ki, ictimaiyyət Azərbaycan hökumətindən Minsk Qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməyi tələb etməlidir: “Azərbaycanın müttəfiqlərinin, xüsusilə də Türkiyə və Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi prosesinə üçüncü ölkənin müdaxiləsi olacağı təqdirdə Azərbaycana hərtərəfli hərbi dəstək verəcəkləri bəyan olunmalıdır. İranda, Güney Azərbaycanda, Gürcüstanda yaşayan azərbaycanlılar öz dövlətlərindən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb etməlidirlər. Ermənistana qarşı bütün cəbhələrdə durmadan savaş açmaq lazımdır”.
Aparıcı dünya paytaxtları sussa da, normal düşüncə sahibi olan bəzi əcnəbi ekspertlər Ermənistanın hərəkətlərini pisləməyə cəsarət tapırlar. “Moskva-Baku” portalına açıqlamasında məşhur rusiyalı publisist, ideoloq Aleksandr Proxanov Alxanlıda baş verən hadisələrə münasibət bildirib: “Mən Moskvadan bu zavallı qızcığaz və onun nənəsi qarşısında baş əyirəm. Bədii şəkildə desək, onları güllə və mərmilərdən qorumağa çalışıram. Lakin bu kömək etmir. Bu gün baş verənlər Azərbaycan, elə erməni xalqları üçün də böyük bədbəxtlikdir. Uşaqlar güllədən ölür. Bu güllələrin qurbanları sovetlərin və Qorbaçov rəhbərliyinin doğru olmayan siyasətinin qurbanlarıdır”
“Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konflikti yenidən alovlanmağa başlayır”. Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına açıqlamasında “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib. “Dinc sakinlər arasında olan itki bu konfliktin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Biz yaxşı anlayırıq ki, bu, elan edilməmiş müharibədir. Vasitəçi qrupun aktiv fəaliyyəti ilə bu konflikt bitməyəcək. Alxanlı hadisələri konflikt üçün barıt çəlləyi ola bilər. Bunun nəticəsində bölgədəki situasiya yekun şəkildə pozulacaq, aprel hadisələrindən daha ciddi olan müharibə başlayacaq”.
Bəzi erməni ekspertlər də Sərkisyan hakimiyyətinin ciddi səhvə, həm də bəşəri cinayətə yol verdiklərinin fərqindədirlər. “Sülh danışıqlarının aparılmadığı şəraitdə irimiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər”. Bunu “168 Jam” qəzetinə politoloq Areq Qalstyan deyib. (modern.az) Onun fikrincə, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyə qərar versə, beynəlxalq birlik buna mane ola bilməyəcək. “Düşünürəm ki, azərbaycanlılar müharibəyə başlayarsa, beynəlxalq aləmin çağırışlarını dinləməyəcəklər. Ona görə də hər şeyə hazır olmalıyıq. Əslində vəziyyət çox ciddidir və sabah hər şey ola bilər. Minsk Qrupunu idealizə etmək də lazım deyil. Onun mexanizmləri yoxdur”.
Ermənistanda da yaxşı anlayırlar ki, Azərbaycanın cavabı sarsıdıcı olacaq, aprel müharibəsindən qat-qat dəhşətli. Ona görə də çıxış yolları arayır, hətta Azərbaycandan beynəlxalq təşkilatlara şikayət edirlər. Ermənistanın Alxanlı sakinlərinə zərbə planının əvvəlcədən düşünüldüyünü təsdiqləyən bir fakt da bundan ibarətdir ki, hadisədən dərhal sonra İrəvandan hadisə barədə rəsmi məlumatlar yayıldı, beynəlxalq aləmə müraciətlər edildi. Azərbaycana guya cavab zərbələri vurulduğu, itki verdiyimizi bəyan etdilər. Düşmən qadın və uşaq qətlini belə planlaşdıracaq qədər alçaqdır. Təbii ki, onun cavabı özünə layiq olmalıdır. Bu gün xalqımız da bunu tələb edir.
Reaksiya.az
Şərhlər