"Rusiya açıq şəkildə göstərir ki, Ermənistanın tərəfindədir"
10.07.2017 13:06 A-reaksiya 1660
Bunu Azvizion.az -a politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı münasibəti təəccüb doğrur.
“İki dövlət arasında diplomatik münasibətlərdə belə müraciət formasının sərgilənməsi yaxşı əlamət deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrlər oynadığı rolu müsbət qiymətləndirmək olmur. Həmçinin dünyanın vicdanlı hissəsinin son günlər Füzuli rayonunun Alxanlı kəndində körpə Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirdiyi halda Rusiya tərəfindən guya Azərbaycanın rus vətəndaşlarına qarşı kobud davranması, kimlərinsə soyadlarına görə hava limanından geri qaytarılmasına dair iddialarla qarşılaşdıq. Bu, ağılasığmazdır. Azərbaycanın hüquq mühafizə, xüsusi xidmət orqanları ölkəmizə gələn şəxslərin anketləri ilə ciddi şəkildə maraqlanır. Bizim üçün təhlükəli olan adamların öz ərazimizə buraxılmaması sırf suveren işimizdir. İstər Rusiya, istər ABŞ, istərsə də başqa bir ölkənin vətəndaşı olsun, biz onların vətəndaşlığına yox, Azərbaycan üçün nə qədər arzuolunan şəxs olmasına diqqət edirik”.
Q.Hüseynlinin fikrincə, Rusiya qaşınmayan yerdən qan çıxarmağa çalışır: “Dövlətlərarası münasibətlərdə normal sayıla biləcək məsələri şişirdərək az qala problem halına gətirmək istəyirlər. Rusiya açıq şəkildə nümayiş etdirmək istəyirlər ki,Ermənistanın tərəfindədir və ermənilərə qarşı xüsusi münasibət var. Bu da beynəlxaq hüquqda, diplomatik münasibətlərdə qəbuledilməz haldır. Kiminsə, bir millətə xüsusi münasibəti ola bilər, amma bunun dövlətin xarici siyasətini yönləndirən qurumun adından xüsusi bəyanat formasında səsləndirilməsi dünya praktikasında görülməmiş hadisədir və hər cür pislənməyə layiqdir. Azərbaycan tərəfi Rusiyanın bəyanatına təmkinli formada cavab verib”.
Politoloq vurğulayıb ki, Atət -in həmsədrlik institute özünü doğrultmayan bir quruma çevrilib: “Amma, bu qurumun fəaliyyətinin tormozlanmasında, müəyyən təşəbbüslərin boğulmasında Rusiyanın böyük rol oynadığını görməmək mümkün deyil. Yəni, Rusiya tərəfi digər beynəlxalq təşkilatın bu işə qarışmasını istəmir. Bu işə qarışan beynəlxaql təşkilatları öz təsiri, inhisarı altında saxlamağa çalışır.
“Zənnimcə ATƏT-in Minsk Qrupunun fəaliyyətsiz və təsirsiz bir duruma düşməsində Rusiya və onun oradakı həmsədrinin fəaliyyəti böyük rol oynayır”.
Şərhlər