ABŞ-dan “Şahdəniz”ə sanksiya?
15.07.2017 14:46 A-reaksiya 1826
ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qəbul etməyə hazırlaşdığı yeni qanun layihəsi Azərbaycanın “Şahdəniz” yatağının işlənilməsinə və hasil olunan qazın Avropa bazarlarına nəqlinə zərbə vura bilər.
Bu barədə ABŞ prezidentinin və dövlət katibinin Xəzərin enerji məsələləri üzrə keçmiş xüsusi köməkçisi, Bakıdakı keçmiş səfir Riçard Morninqstar “The Hill” nəşrində dərc edilmiş məqaləsində xəbərdarlıq edib.
Diplomat qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən sanksiyaların bu ölkənin energetika şirkətlərini də əhatə etməsinə dair yeni qanun layihəsi artıq Senatdan keçib. Hazırda Nümayəndələr palatası qanun layihəsini müzakirə edir.
“Baxmayaraq ki, Rusiyanın sərt davranışlarına cavab olaraq sanksiyaların genişləndirilməsi qeyd-şərtsiz haqlıdır, lakin hazırda müzakirə olunan qanun layihəsi ən azından bir halda ABŞ-ın Avropanın qaz təchizatını şaxələndirməyə, Rusiya qazından asılılığı azaltmağa yönələn strategiyasını qəsdən də olmasa sarsıda bilər”-Riçard Morninqstar yazır.
Diplomat bildirir ki, qanun layihəsinə əsasən Rusiyanın energetika şirkətlərinin yer aldığı istənilən layihə ABŞ-ın sanksiyalarının təsiri altına düşəcək. Bu isə Cənub Qaz Dəhlizi layihəsini təhdid edir. Çünki Rusiyanın “Lukoil” şirkəti bu layihənin tərkib hissəsi olan “Şahdəniz-2” yatağının işlənilməsi üzrə konsorsiumda 10 faiz payla təmsil olunub.
“Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək, Rusiya qazından asılılığı azaltmaq uzun müddətdir ABŞ-ın ikipartiyalı siyasətinin əsas məqsədi olub. Bu siyasətin əsas istiqamətlərindən biri “Şahdəniz” yatağının işlənlməsi və onunla əlaqəli qaz kəmərləri sisteminin dəstəklənməsidir, hansı ki, bunlar regionda enerji daşıyıcıları ilə təchizatın təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır. Lakin hazırda nəzərdən keçirilən qanun layihəsinin tətbiqi nəticəsində Xəzər qazını Avropa bazarlarına çatdırmalı olan Cənub Qaz Dəhlizi ciddi zərbə ala bilər”-Riçard Morninqstar bildirir.
Keçmiş səfir qeyd edir ki, Rusiya şirkətinin bu layihədə kiçik payla iştirakına görə Cənub Qaz Dəhlizinin sanksiyaların təsirinin altına düşməsi ABŞ-ın energetika diplomatiyasına, eləcə də Avropanın energetika təhlükəsizliyinə ciddi əngəllər yaradacaq. Nəticədə qanun layihəsi əslində Rusiya üçün mükafat olacaq. Çünki Rusiya da elə buna çalışır ki, Avropanın qaz bazarında inhisarçı mövqelərini saxlasın.
Diplomat vəziyyətdən çıxış yolu kimi ABŞ-ın bir neçə il əvvəl İrana qarşı tətbiq etdiyi sanksiyalara edilmiş düzəlişi nümunə göstərir. Həmin qanun layihəsinə əsasən İranın energetika şirkətlərinin iştirak etdiyi istənilən layihə Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşürdü. Lakin qanuna əlavəyə əsasən bu müddə İranın NİOC şirkətinin 10 faiz payla iştirak etdiyi “Şahdəniz” layihəsinə aid deyildi.
“Bu düzəliş ona görə edilmişdi ki, “Şahdəniz” layihəsinə qarşı qəsdən olmasa da sanksiyalar tətbiq olunmasın və nəticədə ABŞ-ın illərlə yürütdüyü siyasətə zərbə dəyməsin”-Morninqstar əlavə edir.
Diplomatın fikrincə Rusiyanın daha çox energetika sektorunda hiss olunacaq şəkildə cəzalandırılması Ukraynadakı cinayətlərinə və ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə görə tamamilə yerində olan qərardır. Lakin qanun layihəsi ancaq o zaman effektli olacaq ki, Cənub Qaz Dəhlizi layihəsinə bilməyərəkdən zərər vurmasın. Diplomat təklif edir ki, Konqres İrana qarşı sanksiyalarda olduğu kimi bu dəfə də “Şahdəniz” layihəsini antirusiya sanksiyalarının təsirindən kənarda saxlamalıdır.(Virtualaz.org)
Şərhlər