Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək
25.07.2017 12:45 A-reaksiya 1587
Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək.
Bunu Trend-ə politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşünü şərh edərkən deyib.
Soçi görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini deyən Q.Hüseynli bildirib ki, son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb.
Politoloq hesab edir ki, belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər: "Dağlıq Qarabağın statusu məsələsində həm ruslar, həm də ermənilər həddən artıq müzakirələr aparırlar. Bu baxımdan hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir".
Q.Hüseynli qeyd edib ki, Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib.
Şərhlər