Avropada krallıqları XXI əsrin sınaqlarına tab gətirmir.

02.10.2017 12:16     A-reaksiya     1675

Bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən referenduma dair xüsusi yazı ilə çıxış edən Z.Oruc qeyd edib ki, Britaniya ittifaqı üç il öncə şotlandlarla sivil boşanmanın qarşısını almaq üçün bütün vasitələri işə salmağa məcbur olmuşdu: “Xatırlayırsınızsa, Devid Kemeron hökuməti kraliça hakimiyyətinin vahidliyini qorumaq üçün tarixdə görünməmiş səviyyədə siyasi və iqtisadi resursları Edinburqa qarşı səfərbər etməyə nail olmuşdu. Bir qayda olaraq, daxildə amansız rəqabət şəraitində olan partiyalar – hakim mühafizəkarlar, onların koalisiya ortağı liberal-demokratlar və müxalif leyboristlər vahid сəbhədən çıxış edərək, müstəqillik qatarının öz ünvanına çatmasına imkan verməmişdilər. Hər halda parçalanma tarixdə ilk dəfə real idi və London iqtisadi nəhəngləri – BP şirkətini və Standart Life kimi sığorta qurumlarını da işə qataraq, şotlandları seçdiklərin yolun sosial sanskiyaları ilə qorxutmağa nail olmuşdular.

Doğrudur, Bukinqem Sarayından ülyahəzrətin reaksiyası haqqında hər hansı bilgi verilmirdi. Çoxları deyirdi ki, kraliça vaxtilə süngü gücünə qurulmuş izdivacın dağılmasına inanmadığından soyuqqanlılığını və aristokratlığını qoruyub saxlamağa çalışır. Lakin II Yelizaveta 60 ildən artıq başında gəzdirdiyi tacın müqəddəsliyinin və birliyinin mücəssiməsi olarkən ötən əsrin 60-cı illərində Britaniyanın protektoratlığı altındakı müstəmləkələrin bir-birinin ardınca necə azadlığa qovuşduğuna şahidlik etmişdi. Ona yapon imperatoru kimi simvolik hakimiyyət gərək ola bilməzdi. Hər halda şotlandların milli azadlığının qatı tərəfdarları 1707-ci ildə təməli qoyulmuş Birləşmiş Krallığa razılıq imzalarının ingilis qızılına satın alındığını iddia edərkən heç kəs onların gətirdikləri tarixi faktlara qarşı çıxa bilmirdilər. London mərkəzi hakimiyyəti referendumu 55/45-ə nisbətində qazansa da Uilyam Olosun ruhunun daşıyıcıları qarşısında xeyli vergi, maliyyə və idarəetmə güzəştlərinə dair öhdəliyi bəyan etməyə məcbur oldu.

Doğrudur, Sovetlər Birliyinin sonuncu bədnam başçısı Mixail Qorbaçovun dediyi kimi, ”proses başladığı” üçün məlum Breksit qərarından sonra Edinburq indi də Avropa Birliyindən çıxmaq istəyənlərlə bir yerdə olmaq istəmir və ayrılıq havası yenidən dövlət binalarından və ictimai meydanlardan səslənməkdə davam edir”.

Z.Oruc qeyd edib ki, Napoleon Bonapartın imperiyasını çökdürən ispan kəndli üsyanları və partizan hərəkatı indi Madridin özünü bürüyüb: “Katalonlar ayrılmaq üçün 1 oktyabrda hələ ki, yalnız səsvermə məntəqələri uğrunda amansız mübarizəyə qalxıblar. Dünən səhərdən bütün aparıcı informasiya kanallarında canlı yayımla Avropanın xəritəsində dəyişiklik etmək istəyən bir xalqın emosiyaları, göz yaşları, sevinc və kədər marşları nümayiş olunur. Kataloniyaya ağır texnika və hərbi qüvvə yeridilməsə də hər halda polis və gizli xəfiyyə qurumları ilə toqquşmalar zamanı 400-ə qədər şəxs azadlıq yaralarını almağa müvəffəq olub. İlk itkilər barədə müxtəlif kanallarda və sosial mediada verilən xəbərlərsə, özünü doğrultmayıb.

Ərazicə 32 min kvadrat kilometr olan Kataloniya muxtariyyəti yarım milyon kvadrat kilometrdən artıq olan İspaniyadan qopmaq üçün ən azı yüz ildir sivil mübarizə aparır. Hər halda qanlı tarix haqda mifologiyaları Pireney yarımadasının qədim sakinlərindən olan katalonlar haqda söyləmək mümkün deyil.

İqtisadi vəziyyətinə görə ölkənin ümumi daxili məhsulunun həcmində gerçəkdən aparıcı yer tutmasına baxmayaraq, ən varlı iqtisadi bölgənin mərkəzi dövlətlə bir yerdə olmaq istəməməsinin səbəblərini mədəni, dil və digər tarixi amillərlə bağlamaq daha düzgün olardı. XX əsrdə diktatura keçmişini arxada qoyan İspaniya Frankodan sonra bütün etnik zümrələrə və əyalətlərə geniş hüquqlar versə də baskların, katalonların və digər toplumların millətçilik dalğasını söndürə bilmədi. Budur, 2010-cu ilin dünya iqtisadi böhranı fonunda yunanların ardınca Barselonada milyonlarla insan zəifləyən Madridə ultimatumlar yağdırır. Xatırladaq ki, İspaniyada işsizlik Avropada ən yüksək səviyyəyə – 25 faizə çatsa da ölkənin 46 milyonluq əhalisinin 1,5 trilyon avro dəyərində ümumi daxili məhsul yaratması da inkarolunmaz faktdır. Hər halda Kataloniya əhalisinin sayının 7,5 milyon nəfər olması fonunda onların başqalarını yedirtməsi haqda iddiaları əsaslı arqument deyil.

Bununla belə İspaniyanın az qala “balkanlaşma”ya məruz qalması təhlükəsi ortadadır. Hələ ki, Avroparlamentin ekstravaqant təmsilçisi Lunaçek və Venesuela lideri Maduro yeni müstəqil dövləti tanıdıqlarını bəyan ediblər. Lakin məsələnin hüquqi müstəvisi indi kimisə az maraqlandırır. Məgər, Fransa burjua inqilabı zamanı kimisə konstitusiya kitabının sətirləri maraqlandırırdı? Yox, dünyada dolaşan ayrlıq ruhunun qan qoxuyan kabusu fonunda xəritələr yenidən çəkilməkdədir. İki dünya müharibəsindən və bir “soyuq müharibə”dən sonra tərtib olunmuş sərhədlər dəyişdirilir. Qutuya atılan bülletenlər ölüm silahı deyil, ən təhlükəlisi real müharibə vəd edən müstəqillik bürküsüdür. Səddamın təcəlla edən ruhunun yerində boy qaldıran İraq xaosu və zəifləmiş mərkəzi dövlətdən artıq özünü güclü hiss edən Kürdüstan dövləti, onun ardınca Kataloniya, daha sonra Belçikadan Valoniya və Flamandiya, İtaliyada Venesiya və Lombardiya, Fransada bir il sonra referendum keçirməyə hazırlaşan Yeni Kaledoniya, Mikroneziyadan qopmaq icazəsi istəyən Truk ştatı və nəhayət, Donbasda siyasi varlıq mücadiləsi verən “Ukrayna sindromu”. Krım öz müqəddəratını məgər katalonlar kimi müəyyənləşdirib Kiyevdən qopmadımı? Hər halda katalonların qarşısını ala bilmədiyinə görə istefaya çağırılan ispan hökuməti Putinin casuslarını Barselonada ələ keçirməsi haqda raport verməyib. Dünyanı başına alan rus xofu fonunda Avropada son bölücülüyü Moskvanın ayağına yazmağa kəsərli arqument yoxdur.

Yazıda bildirilir ki, Qərbin sakitliyini pozan hərəkatlar baş qaldırdıqca qoca qitənin siyasi mütəfəkkirlərinin nəzəriyyələri də gözlərimiz qarşısında imtahana çəkilir: “Bəs deyirdilər, yalnız totalitar quruluşlardan, diktaturalardan və kazarma sosializmindən qopmağa çalışan xalqlar mövcuddur. Bəs, demokratlar öz aralarında savaşmırdı!?

Dövlət himninin sözləri olmayan bir ölkənin – İspaniyanın küçələrində indi tüğyan edən tarixi “Marselyoza”nın sədaları marksizm banilərinin dediyi kimi, yeni formasiyaların əcəl zəngi kimi çalınmaqdadır. Yaxın Şərqin xəritəsi Avropada və ya Amerkada tərtib olunsa da Madridin, Parisin və ya Berlinin dincliyi də Bağdaddan, Dəməşqdən, yaxud Qahirədən keçir.

Zəmanənin ironiyasına baxın, Fransanın gənc lideri dünyanın həll edə bilmədiyi düyünü çözmək üçün Kürdüstanın rəhbəri Bərzanini və İraq hökumətinin başçısı Heydər İbadini öz ölkəsinə çağırıb. Elə-belə, tərəfləri dalaşmamaq üçün inandırmağa görə...

Ərdoğanın və Ruhaninin qınadığı, Trampın gizli dəstək verdiyi yeni dövlətləri Paris qarşılayır. Kim deyər, Fransa hökmdarı üçün demokratiyadan doğan Kataloniya başçısı Karlos Puçdemonla danışmaq asandır, yoxsa, özünü XII əsrdə müsəlmanların qibləgahı olan Qüdsü səlibçilərin 88 illik işğalından xilas edən böyük Səlahəddinin varisi sayan Bərzani ilə?!”(teleqraf)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar