“Qarabağ bumeranqı”: Katalon, Uels, Şotlandiya

04.10.2017 14:28     A-reaksiya     3385

Avropanın uzun illər boyu təbliğ etdiyi dəyərlər Kataloniyanın timsalında sınaqdan çıxa bilmədi.

 Politoloq Qabil Hüseynli Avropada güclənən separatizm meyillərindən danışarkən bildirib ki, Avropa separatizm məsələsində ikili standartlar nümayiş etdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-səmimi olduğunu bir daha sübut etdi:

“İspaniyada baş verən hadisələrə Avropa Birliyinin münasibətinə baxanda ikili standartların nə qədər xəcalətli, nə qədər zərərli olduğunu bir daha müşahidə etdik. Azərbaycanda baş qaldıran aqressiv separatizm daha sonra rusların və ermənilərin köməyi ilə qanlı müharibəyə çevrilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilib, 30 mindən çox şəhid, 350 milyard dollarlıq itkiyə məruz qalıb.

Kataloniyada baş verən hadisələrdə polisin aşırı güc tətbiq etməsi nəticəsində 850 nəfərin ağır yaralanması, daha sonra isə AB nümayəndəsinin İspaniyada separatizmə yol verməyəcəklərini bəyan etməsi separatizm məsələsində Avropanın prinsipial münasibətini ortaya qoyur. Özləri separatizmin əleyhinə olduqları halda Azərbaycanda aqressiv separatizmə, özü də bir neçə dövlət tərəfindən himayədarlıq edilən separatizmə qiymət verməkdə “çətinlik” çəkirlər. Bu xristian təəssübkeşliyinin bir ifadəsidir. Hesab edirəm ki, bu məsələ elə belə bitməyəcək. Hələ qarşıda digər separatçı hərəkətlər var. İrlandiya, Şotlandiya, Flamand adaları və s. ərazilərdə separatçı qüvvələrin aktivləşməsi gözlənilir”.

Ekspertin sözlərinə görə, Avropa hələ uzun müddət separatizm məsələsində prinsipallıq nümayiş etdirmədiyinə görə baş verəcək münaqişlərə hazırlıqlı olmalıdır:

“Əgər Avropa separatizmin əleyhinədirsə, Azərbaycanda baş qaldıran aqressiv separatizmin, dəfələrlə seçkilər keçirən, qondarma prezident, parlament yaradan, üstəlik də Azərbaycanın 7 rayonunun işğalını həyata keçirən qüvvələrə qarşı niyə loyaldır? Nəyə görə bu məsələlərdə prinsipiallıq nümayiş etdirmək istəmirlər? Deməli, çox təəssüflər olsun ki, Avropada xristian təəssübkeşliyi var. Onlar müsəlman dünyasında xristian anklavının yaranmasından məmnundurlar. Bu, separatizm də olsa, müharibə də olsa, onlar üçün məmnuniyyətlə qarşılanan bir hadisədir. Öz ölkələrində baş verəndə isə bunu insan haqlarına qarşı bir hərəkət kimi yozmağa çalışırlar. Bir sözlə, Avropanın əsas dəyərləri Kataloniyanın timsalında sınaqdan çıxa bilmədi.

Gələcəkdə də bu proses davam edərsə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində davakar və aqressiv erməni sepratizminin qarşısının alınması yolunda prinsipial mövqe göstərilməyəcəksə, bundan sonra baş tutması ehtimal olunan Şimali İrlandiya, Uels, Şotlandiya və s. ərazilərdə bu kimi proseslər daha qabarıq surətdə olacaq. Bütün bunlar Bakının ərazi bütövlüyü məsələsində nə qədər haqlı olduğunu bir daha sübuta yetirəcək”.

Politoloqun fikrincə, dünyada baş qaldıran separatçılıq meyillərinin qarşısını yalnız o halda almaq mümkündür ki, bütün münaqişələrə eyni cür yanaşılsın:

“Ötən il Varşavada NATO-nun sammitində postsovet məkanındakı bütün münaqişlərə eyni cür yanaşılması barədə fikir səsələndirilib. Yəni burada Dnestryanı ərazi, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, bizdə Dağlıq Qarabağ problemindən söhbət gedir. Nə qədər ki, Qarabağdakı separatizmdə əzmkarlıq nümayiş etdirilmir, bunun nəticəsini Avropa öz üzərində daha ağır formada hiss edəcək. Ona görə də bu məsələlərin həllinə hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində yanaşılmalı və separatçı meyillərə yol verilməməlidir”.(axar.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar