“Azərbaycan geosiyasi və maliyyə baxımından qazanclı çıxacaq”

05.10.2017 19:26     A-reaksiya     1695

"Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinə malik olması da sazişin uğurlu olacağına zəmanət verir".

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri sazişin Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividentlər gətirəcəyini deyib.

O, Qərb dünyasının, o cümlədən Avropa İttifaqının ən inkişaf etmiş və vahid iqtisadi məkan olmasına diqqət çəkib. N.Miri vurğulayıb ki, müasir dövrdə Qərb dünyası, həmçinin Avropa İttifaqı ilə əlaqələrdə olmamaq, müəyyən inteqrasiya imkanlarından istifadə etməmək Azərbaycanın gələcək inkişaf strategiyasının qarşısına problemlər çıxara bilər.

“Bu gün dünyada texnoloji cəhətdən ən çox inkişaf etmiş qitə Avropadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerjidaşıyıcılarının 80 faizindən çoxu Avropa İttifaqında satılır. Azərbaycan öz məhsullarının yalnız 10 faizini Avrasiya İqtisadi İttifaqının bazarında satır. Fərq müqayisə olunmayacaq qədər böyükdür. Bundan başqa, Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması, birləşdirici statusda çıxış etməsi Azərbaycanın dünya miqyasında önə çıxmasına imkan yaradır. Azərbaycan həm geosiyasi, həm də maliyyə baxımından qazanclı çıxacaq. Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək baxımından böyük imkanlar qazanacaq”, - o bildirib.

Müsahibimiz qeyd edir ki, Azərbaycan məhz bu imkanlar sayəsində hazırda dünya dövlətləri tərəfindən siyasi və iqtisadi mərkəz kimi qəbul edilir:

“Bu, sıradan bir fakt deyil. Bun gün qlobal güclərin liderləri, müdafiə nazirləri öz problemlərini müzakirə etmək üçün Azərbaycan paytaxtını dialoq məkanına çeviriblər. Bunların hamısı bu cür layihələr və siyasi addımların nəticəsidir. Bu baxımdan, Azərbaycanın Qərb dünyası olmadan inkişaf perspektivini düşünmək mümkünsüzdür".

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri bu fikirdədir ki, Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş Dağlıq Qarabağ münaqişəsini həllinə də müsbət istiqamətdə təsir edəcək. N.Miri bildirir ki, artıq bunun müsbət işartıları hiss edilməkdədir:

“Azərbaycan prezidentinin bugünkü açıqlamasında çox əhəmiyyətli məqam var. Prezident vurğulayır ki, Avropanın Ermənistana müəyyən təsirləri nəticəsində Ermənistan yenidən danışıqlar masasına qayıtmaq məcburiyyəti ilə üzləşib. Bu o deməkdir ki, Avropa Ermənistana status-kvonun dəyişməsinin qaçılmaz olduğunu anladıb. Bütün bunlar Azərbaycanın geosiyasi əhəmiyyəti ilə bağlıdır. Azərbaycan geosiyasi əhəmiyyətə malik olmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb və bu, Avropa üçün böyük perspektivlər vəd edir. Məhz bunların müqabilində Ermənistana müəyyən təsirlər var. Bilirik ki, Qərb Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşır və bu, problemin həllinə mane olan əsas səbəbdir. Artıq bu davranışın qismən də olsa, dəyişməsinin şahidi oluruq”.

Rəsmi Bakı hesab edir ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Azərbaycan geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkədir. “Şərq Tərəfdaşlığı” proqramının iki üzvü Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə isə Assosiasiya Sazişini imzalamış ölkədir. Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən Azərbaycanın mövqeyinin əsasını təşkil edir.

N.Miri qeyd edir ki, Bakının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan digər ölkələrlə müqayisədə fərqli yol seçməsinin səbəbi Azərbaycanın balanslı siyasət yürütməsi ilə bağlıdır. Müsahibimiz bildirir ki, Avropa İttifaqı ilə assosiativ müqavilənin imzalanması birmənalı olaraq Qərbin lehinə seçim etməsi anlamına gəlirdi. Politoloqun fikrincə, bu da Azərbaycan üçün faydalı deyil:

“Azərbaycan bu gün dünyada qarşı-qarşıya duran iki qlobal güc arasında seçim etmək istəmir. Çünki, hansısa güc mərkəzinin lehinə seçim Azərbaycan üçün problemlər yarada bilər. Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş imzalasaydı, heç kim zəmanət vermir ki, Qərb dünyası Azərbaycanı Rusiyadan müdafiə edəcək. Ortada ən azından 2008-ci ildə Gürcüstan fəlakəti və nəhayət, Ukraynada Krım və Donbasının müəyyən hissəsinin işğalı faktları var. Qərb dünyası nə Gürcüstanı, nə də Ukraynanın işğaldan qurtara bilmədi. Azərbaycan assosiativ müqavilə imzalamamaqla özü üçün Rusiya qarşısında problemlər yaratmaq istəmədi. Bundan başqa, bu müqavilə Avropa ilə müştərək bazarın yaradılmasını nəzərdə tutur. Deməli, Azərbaycan Avrasiya, daha doğrusu Avrasiya İttifaqında yer alan ölkələrin bazarlarından imtina etməli idi”.(publika.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar