SORONBAY JEENBEKOV QALİBDİR

17.10.2017 12:03     A-reaksiya     1914

Seçkilər bir daha göstərir ki, Qırğızıstan SSRİ-nin süqutundan sonra seçdiyi geopolitik siyasi kursa sadiq qalacaq

"Ümidvarıq, yeni prezident qonşu Qazaxıstanla münasibətlərdə yanlışa yol verməyəcək. Çünki Qırğızıstanın mövcudluğu Qazaxıstana bağlıdır”
 
Qırğızıstanda keçirilmiş prezident seçkilərində hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soronbay Jeenbekov qalib olub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Jeenbekov 55 faizə yaxın səs qazanıb. Xatırladaq ki, Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50 faizdən çox səs toplamalıdır.
 
Qanunvericiliyə əsasən, 20 gün ərzində seçkilərin yekun nəticələri elan ediləcək. Ekspertlərin fikrincə, Jeenbekovun qələbəsi bir daha göstərir ki, Qırğızıstan SSRİ-nin süqutundan sonra seçdiyi geopolitik siyasi kursa sadiq qalacaq. Rəsmi Bişkek bundan sonra da Avrasiya İqtisadi İttifaqına inteqrasiya siyasətini davam etdirəcək əsas addımları müttəfiqi, eyni zamanda siyasi "patronu” sayılan Rusiya ilə razılaşdıracaq. 
 
Seçkilərin qalibi olan Jeenbekov da Qazaxıstan və digər dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulacağını deyib: 
 
"Hər bir ölkə suveren dövlətdir. Onlar biri-birlərinə hörmətlə yanaşsalar, məsələlər asanlıqla həllini tapar. Qazaxıstan rəhbəri Nursultan Nazarbayev bizə qonşu olan qardaş dövlətin prezidentidir. Əməkdaşlıq etdiyimiz bütün dövlətlərə və onların prezidentlərinə münasibətimiz hörmətə əsaslanır”. Qazaxıstan və Qırğızıstan qonşuluq və qardaşlıqdan əlavə KTMT, Avrasiya İqtisadi Birliyi, eyni zamanda Gömrük İttifaqı kimi qurumların tərkibində birgə təmsil olunurlar. O baxımdan, bu ölkələrin münasibətlərində ciddi gərginliyin yaranması gözlənilmir. Hətta Jeenbekovun ilk rəsmi səfərini Mərkəzi Asiyanın ən böyük dövləti olan Qazaxıstana edəcəyi də iddia edilir. 
 
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Həsrət yeni prezidentin sağlam siyasət yeridəcəyinə inandığını bildirib. Ekspertin sözlərinə görə, Qırğızıstanla Qazaxıstan arasında yaranmış ziddiyyətin tezliklə aradan qalxması region üçün, xüsusən Qırğızıstan üçün faydalıdır:   
 
"Qırğızıstan əhalisi müstəqillik qazandıqdan sonra tez-tez inqilablar yaşayıb və bu inqilablar xalqın ciddi əziyyət çəkməsinə səbəb olub. İnsanlar uzun müddət sosial baxımdan acınacaqlı durumda qalıblar. İndinin özündə belə keçmiş SSRİ məkanında düşmən Ermənistanı nəzərə almasaq, ən çətin vəziyyətdə olan məhz Qırğızıstandır. Qazaxıstan isə hər zaman Qırğızıstan üçün nəfəslik rolunu oynayıb. Nazarbayevin başçılığı altında rəsmi Bişkekə bütün istiqamətlərdə yardım edilib. Əfsuslar olsun ki, son vaxtlar sabiq prezident Atambayev diplomatik və siyasi hədləri aşaraq Qazaxıstanla bağlı uyğunsuz ifadələr sərf edib. 
 
Amma həm Nazarbayev, həm də bölgəni yaxşı bilən siyasi ekspertlər bu məsələyə çox bənd olmadılar. Çünki artıq Atambayevin vəzifəsi sona çatmışdı. Ancaq onun hakimiyyəti bitməmiş olsaydı, söylədiyi fikirlər çox təhlükəli olardı. Ümidvarıq, yeni prezident qonşu Qazaxıstanla münasibətlərdə yanlışa yol verməyəcək. Çünki Qırğızıstanın mövcudluğu Qazaxıstana bağlıdır. 
 
Nəzərə almaq lazımdır ki, Nazarbayevin rəhbərlik etdiyi ölkə regionun siyasi və iqtisadi cəhətdən ən güclü ölkəsidir. Digər qonşu və qardaş ölkələrin ayaqda dura bilməsi üçün Qazaxıstanın önəmi böyükdür. Əgər Jeenbekov iddia etdiyi kimi xarici dövlətlərlə xoş münasibət saxlasa, Qırğızıstan üçün daha yaxşı olacaq”.
 

Şərhlər