Erməni şərhçidən Qarabağ ETİRAFI: - məğlubiyyət seriyasını Serj Sarkisyan davam etdirir
17.10.2017 12:24 A-reaksiya 2033
Cenevrədə prezidentlər səviyyəsində növbəti Qarabağ görüşü baş tutdu. Ciddi nəticə yoxdur, yeganə qazanc danışıqların davam etdirilməsi üzrə razılıqdır. Hələlik görüşün ictimaiyyətə məlum olan tərəfi bundan ibarətdir. Lakin Ermənistan ictimaiyyəti İrəvanın həm Cenevrədə, həm də ümumiyyətlə, keçmiş prezident Levon Ter-Petrosyanın dövründən başlamış indiyə qədər bütün təmaslarda məğlub olduğunu hesab edir.
Ermənistan mediası I Qarabağ müharibəsində ermənilərin qazandığı qələbənin dağıldığını yazır.
Erməni siyasi şərhçi Sarqis Artsruni Cenevrə görüşündə irəliləyişin əldə edilməyəcəyinin əvvəlcədən bəlli olduğunu deyir.
Onun sözlərinə görə, bu görüş Serj Sarkisyanın prezident statusunda sonuncu danışıqları ola bilər.
“Güman ki, Ermənistanı beynəlxalq münasibətlərdə maraqlı edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Biz tez-tez Ermənistan prezidentlərinin fəaliyyətini məhz bu münaqişə kontekstində şərh edirik. Birinci prezident Levon Ter-Petrosyan sülh razılaşmasını hazırlamışdı, lakin o tarixi anı qaçırtdı, nəticə etibarilə onu devirdilər. Hərçənd, Azərbaycan həmin vaxt bu qədər güclü deyildi və sülh müqaviləsi o zaman imzalansaydı, Ermənistan daha çox qazanc əldə edərdi. Petrosyandan sonra Ermənistan faktiki olaraq demokratik resursunu itirdi və qələbənin dağılması prosesi başlandı. Petrosyan devrildi, ortaya çıxan “qalib” Robert Koçaryan Qarabağ şüarı ilə hakimiyyətə gəldi və danışıqlar masasında məlum Mehrinin mübadiləsi (Pol Qobl planı – red.) üzrə planı müzakirə etməyə başladı. Artıq Ermənistan həmin vaxtdan danışıqlarda güclü tərəf olmaqdan çıxdı. Koçaryan 10 illik hakimiyyəti dövründə mövcud status-kvonu saxlamağı bacardı, amma qələbə potensialı tamamilə dağıldı. Ermənistan regional layihələrdən kənarda qaldı, nəticədə Azərbaycan regionda əsas gücə çevrildi. Qələbənin siyasi və mənəvi resursu tamamilə dağılandan sonra “aprel müharibəsi” baş verdi və Azərbaycan bu müharibədən qalib olaraq çıxdı. Budur, məğlubiyyət seriyasını Serj Sarkisyan davam etdirir”, - deyə Artsruni qeyd edib.
Şərhlər