Tələbələrin ümidinə qalan işğalçı ordu tükənir

30.10.2017 13:21     A-reaksiya     2266

Ermənistanda ali təhsilə görə hərbi xidmətdən möhlət hüququnun ləğvində əsas motiv; düşmən ölkə sonuncu ümidini də Rusiyaya bağlayıb; politoloq: “İrəvan anlayır ki, Rusiyasız Azərbaycanın artan hərbi gücünə qarşı dura bilməyəcək”

Keçən həftə katalonların öz müstəqilliklərini elan eləməsi öz başlarına bəla oldu. Artıq İspaniya hökuməti cavab tədbiri olaraq, separatçı bölgənin muxtariyyətini ləğv edib. Yəni “çox” istəyən katalonlar faktiki, “az”dan da məhrum olublar. Ən önəmlisi, dünya birliyi, o sırada Avropa İttifaqı, BMT, ABŞ, NATO, Fransa, Almaniya, Türkiyə, hətta Rusiya İspaniyanın ərazi bütövlüyünü dəstəklədiklərini, Kataloniya məsələsini bu ölkənin daxili işi hesab etdiklərini bəyan ediblər. Azərbaycan da, təbii ki, bu sırada yer alır.

Göründüyü kimi, proses bir növ Dağlıq Qarabağdakı separatçı hərəkatı və rəsmi Bakının ona reaksiyasını xatırladır. Yada salaq ki, Dağlıq Qarabağda da qanunsuz referendumlar keçirilib və Azərbaycanın mərkəzi hakimiyyəti ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Hərçənd, Qarabağdakı erməni separatçılığı ilə Kataloniyanın müstəqillik hərəkatı arasında üç ciddi fərqi qeyd eləməyə dəyər.

Biri odur ki, 7 milyonluq katalonlardan fərqli olaraq, erməni xalqı çoxdan öz müqəddəratını təyin edib. Onun formal da olsa, “Ermənistan” adında dövləti var. Ayrı sözlə, Qarabağdakı cəmi 100 minlik erməni əhalisinə də dövlət qurmaq üçün öz müqəddəratını təyinetmə haqqı tanına bilməz.

İkincisi, katalonlarla xaricdən konkret ölkə səviyyəsində hansısa hərbi, siyasi, maliyyə dəstəyi yoxdur. Bu mübarizədə onlar tamamilə təkdirlər. Azərbaycan kimi İspaniyanın ərazisinin bir hissəsi xarici (qonşu) ölkə tərəfindən işğal edilməyib. Yəni İspaniya işğala deyil, separatizmə məruz qalıb.

Image result for erməni əsgərləri

Üçüncüsü isə İspaniya Azərbaycandan fərqli olaraq, xristian dövlətidir. Yəni katalonlar da, ispanlar da xristiandır və qarşıdurmada gizli-açıq din amili, hansısa tərəfə gizli xristian təəssübkeşliyi  yoxdur. Yerdə qalır separatçılıq faktoru - Dağlıq Qarabağ və Kataloniya məsələlərini bir-birinə yaxınlaşdıran yeganə amil.    

*****

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə hesab edir ki, Qarabağda separatçılıq yoxdur, işğal var və bu üzdən də işğalçıya işğalçı kimi yanaşılmalıdır. Cəbhədəki son erməni təxribatlarına münasibət bildirən politoloqun sözlərinə görə, düşmən tərəf bu yolla Rusiyanı birbaşa konfliktə cəlb eləmək, Azərbaycanın gündən-günə artan hərbi qüdrətini önləmək istəyir.

Bəs hazırkı durumda ATƏT-in Minsk Qrupunun vasitəçiliyi nə dərəcədə effektli ola bilər?

Sualı cavablandıran sabiq diplomat vasitəçilərin məsələyə yanaşmasında iki fərqli baxışa diqqət yönəldib: “Söhbət Minsk Qrupunun keçmiş həmsədri Riçard Xoqlandın nizamlama prinsipləri və ”Lavrov planı" deyilən plandan gedir. Bu, onu göstərir ki, Qarabağ konflikti ilə bağlı Rusiya və ABŞ-ın mövqeləri bir-birindən fərqlənir. Moskva ilə Vaşinqton arasında gərginliyin güclənməsi tendensiyası göstərir ki, bu gərginlik Azərbaycan-Ermənistan konfliktində də özünü göstərəcək".

Image result for Tofiq Zülfüqarov

Elə isə necə etməli ki, tərəflər anlaşmaya gələ bilsin?

Azərbaycanın keçmiş baş diplomatına görə, bundan ötrü həmsədrlər yanaşmalarını dəyişməlidir: “Çünki biz görürük ki, Dağlıq Qarabağda millətlərin öz müqəddəratını təyinetmə hüququna dəxli olan separatçı problem və ya məsələ yoxdur. Burada yalnız Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal siyasəti, anneksiya (ilhaq) var. Bu açıq-aşkar faktlar həmsədrlərin təkliflərinin əsasında durmayıncasa, sülh danışıqların effekti və gələcəyi olmayacaq”.

Hərbi əməliyyatların təzədən qızışması ehtimalına gəlincə, keçmiş XİN başçısının fikrincə, Ermənistanın siyasəti və strategiyası gərginliyi artırıb onu döyüş əməliyyatları səviyyəsinə çatdırmaq və konfliktə Rusiyanı cəlb eləməkdən ibarətdir. “Ermənistan anlayır ki, o, Rusiyasız Azərbaycanın artan hərbi gücünə qarşı dura bilməyəcək”, - deyə politoloq əlavə edib.

*****

Tofiq Zülfüqarovun qənaəti ilə razılaşmamaq qeyri-mümkündür. Ordusuna düzəməlli çağırışçı tapa bilməyən və Rusiyanın arxasında gizlənən işğalçı böyük müharibə zamanı da, Azərbaycanın artan hərbi qüdrətini neytrallaşdırmaq üçün də bütünlüklə Rusiyaya güvənir. Bu da daha bir fakt. Ötən həftəsonu Ermənistanda tələbələrin orduya çağırışdan möhlət hüququnu ləğv edən qanun qəbul edilib. Parlament tələbələrin etirazına səbəb olan qalmaqallı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yada salaq ki, neçə müddət idi, qanun layihəsinin qəbulu ciddi etiraz doğurmuşdu və ötən həftə İrəvan Dövlət Universitetinin tələbələri buna görə müxtəlif qurumlar qarşısında silsilə aksiyalar da keçirmişdilər. Hesab olunur ki, bu qanunun qəbulu fərariliyin artmasına, həmçinin gənclərin ölkəni tərk etməsinə səbəb olacaq.

Ancaq göründüyü kimi, ordusunu komplektləşdirmək problemi ilə üz-üzə qalan hakimiyyət gəncləri orduya göndərməyi üstün tutdu. Qanuna görə, tələbələrin təhsilə görə orduya çağırışdan möhlət hüququ ləğv ediləcək. Yalnız hərbi sənaye komitəsi və Müdafiə Nazirliyinin sifarişi ilə ali təhsil alanlar, o cümlədən hərbi həkim ixtisasına yiyələnənlərə möhlət veriləcək. Ancaq təhsillərini başa vurduqdan sonra onlar ixtisasları üzrə 3 illik xidmət keçməlidirlər.

*****

Lakin çətin ki, bu kimi sərt tədbirlər işğalçı ölkəni düşdüyü qəliz durumdan çıxara bilsin. Məsələ ondadır ki, işğalçı Ermənistanın iqtisadiyyatı da böhran vəziyyətindədir və ölkədən gənc əhalinin də kütləvi köçü davam edir. Bu kimi səbəblərdən orduya çağırışçı planını doldurmaq ildən-ilə çətinləşir. Qalır, Rusiyanın köməyi ilə, təmas xəttində gərginliyi artırmaqla Azərbaycanın artan hərbi potensialını neytrallaşdırmaq variantı.

Image result for Fikrət Sadıqov

“Son günlər cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq bildirib: “Ərazilərimiz işğal altındadır, danışıqlar prosesi müsbət nəticə vermir, İrəvan faktiki olaraq bütün təkliflərdən yayınır. İşğalçı açıq və kobud şəkildə beynəlxalq hüquq normalarını tapdalayır. Bir sıra aparıcı qüvvələr bu işdə İrəvana qəsdən şərait yaradır. Beynəlxalq birlik isə işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını açıq və kobud şəkildə tapdalamasına seyrçi mövqe nümayiş etdirir. Əgər Ermənistan bu şəkildə özbaşınalığa davam edərsə və cəbhədə gərginlik səngiməzsə, Bakı ”İsgəndər"lərin rəqibi sayılan “Polonez” reaktiv yaylım atəş sistemlərini işə salmaq məcburiyyətində qala bilər".

Reaksiya.az

Şərhlər