Deputat: Brüsseldə keçirilən separatizmlə bağlı forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yadda qaldı
22.11.2017 12:14 A-reaksiya 1952
Belçikanın paytaxtı Brüsseldə "Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun çıxışı, hər şeydən öncə hazırda demək olar ki, bütün dünya üçün aktual olan bir məsələnin, terrorizm və separatizmin nə qədər təhlükəli olduğunu aktuallaşdırmaqla, həm də Azərbaycanın bu bəladan uzun illərdir nə qədər əziyyət çəkdiyinin diqqətə çatdırılması ilə yadda qaldı.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, forumun "Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələlərinə toxunan Ə.Həsənov beynəlxalq münasibətlərin hazırki vəziyyətində terrorizmin və etnik separatçılığın az qala bütün dünya ölkələrinin ərazi bütövlüyünü təhdid etdiyini bildirdi: “Hindistandan başlamış Şimali Avropaya, Avroatlantikadan Latın Amerikasına qədər olduqca geniş bir geosiyasi məkanda çoxsaylı dövlətlərin belə problemlə üz-üzə qaldığını xatırladan natiq vaxtında Azərbaycanda baş qaldıran etnik separatizmə qarşı beynəlxalq təşkilatların biganə qalmasının, problemə ikili standart siyasətilə yanaşmalarının bu bəlanın geniş yayılmasında olan rolunu önə çəkdi. Postsovet məkanında az qala kütləvi şəkildə baş qaldıran etnik separatizmin Avropanın dərinliklərinə qədər irəliləməsində bu problemin vaxtında həll edilməsi üçün yetərli cəhdlərin göstərilməməsi səbəblərdən biri kimi diqqətə çatdırıldı. Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş qaldıran etnik separatizmə qarşı vaxtında qətiyyətli mübarizə aparılsaydı, sonrakı mərhələdə Balkanlarda, Şimali Qərbi Avropada və nəhayət, İspaniyada separatçılıq bu həddə gəlib çatmazdı. Separatizm və terrorizm - biri digərini bəsləyən iki radikal vasitə kimi bu gün milli dövlətlərin dağılmasına qədər gedib çıxan dəhşətli dağıdıcı proseslərə səbəb olur. Terror hazırda hibrid müharibə vasitəsinə çevrilməklə, müsəlman Şərqində və Şimali Afrikada çoxsaylı dövlətlərin funksional dövlət aparatını dağıdıb, tarixdə görünməmiş dəhşətlərə və miqrasiyaya səbəb olub. Bu gün isə vaxtilə Avropadakı bəzi mərkəzlər tərəfindən dəstəklənərək üçüncü ölkələrə ixrac edilən terrorizm və separatizm Avropanın qapısını döyməyə başlayıb. Əli Həsənov haqlı olaraq qeyd etdi ki, bu problemə qarşı mübarizə birgə səylər tələb edir. Əgər beynəlxalq hüquq tərəfindən dəstəklənən dövlətlərin ərazi bütövlüyü prinsipi sözdə deyil, əməldə müdafiə olunarsa, o zaman separatizmə qarşı effektiv mübarizə aparmaq olar. Hətta qısa müddətdə nəticələr də əldə etmək olar”.
Deputat bildirib ki, Azərbaycan artıq uzun illərdir ki, separatizmdən və terrordan əziyyət çəkir: “Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vaxtı çoxdan çatıb. Ona görə də hazırki mərhələ belə problemlərin həlli mərhələsi olmalıdır. Əks təqdirdə, bu gün əgər dünyada 50-dən çox belə problem mövcuddursa, gələcəkdə yuzlərlə ola bilər. Çünki dünyanın hər yerində, xüsusilə Avropada potensial separatizm ocaqları həddindən artıq çoxdur. Əgər onların hamısı birdən aktiv fazaya keçərsə, onda hazırki dünya nizamından əsər-əlamət qalmaz. Ən çox əziyyət çəkən isə elə terrorizmə və separatizmə ən çox dəstək verən ölkələr olar. Ona görə də belə ölkələr imperialist ambisiyaları bir kənara qoyaraq, dağıdıcı separatizmə qarşı ciddi mübarizə aparmalıdırlar. Məhz Azərbaycanın bu cür qlobal problemi aktuallaşdıraraq, dünya ictimaiyyətinin diqqətini buna cəlb etməsi xüsusi qiymətləndirilməli bir hadisədir. Düşünürəm ki, ölkəmizin təşəbbüsü ilə başladılan bu beynəlxalq proses dostlarımızın və tərəfdaşlarımızın sayını artırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini vermiş olacaq”.
Qeyd edək ki, noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlər, siyasi xadimlər, sabiq ölkə prezidentləri, baş nazirlər və parlament sədrləri iştirak ediblər.
Şərhlər