ABŞ-la Şimali Koreya arasında gərginlik pik həddə - müharibə qaçılmaz ola bilər
06.12.2017 14:33 A-reaksiya 2607
Politoloq: “ABŞ-ın hərbi-sənaye kompleksi hədəf kimi Şimali Koreyanı seçib”
Cənubi Koreya və ABŞ Şimali Koreyanın sonuncu ballistik raket sınağından 1 həftə sonra ortaq hərbi təlimə start veriblər.
“Vigilant Ace” adını alan və cümə gününə qədər davam edəcək təlimdə 230 təyyarə, 6 ədəd “F22 Stealth Raptor”, “F5" və çox sayda 5-ci nəsil hərbi təyyarələrin iştirak edəcəyi bildirilir.
Təlimdə 12 min ABŞ dəniz piyada və donanma əsgərləri Cənubi Koreya ordusu ilə birgə çıxış edəcək.
ABŞ-ın verdiyi açıqlamada bildirilir ki, təlim Koreya yarımadasında müharibəyə hazır olma vəziyyəti və qabiliyyətlərinin artırılması məqsədi daşıyır.
Pxenyan isə bu manevrləri KXDR-ə qarşı açıq təxribat adlandırıb və istənilən an nüvə müharibəsinə gətirib çıxara biləcəyini bəyan edib.
ABŞ prezidenti Donald Trampı “ruhi xəstə” adlandıran Pxenyan hökuməti hərbi təlimlərin gərginliyi daha da alovlandıracağını bildirib: “Təlimlər açıq və konkret təxribatdır. Hər an nüvə savaşına səbəb ola bilər”.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri bildirib ki, Şimali Koreya ilə savaş ehtimalı hər gün daha da artır.
“Yeni Müsavat”a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Şimali Koreya ətrafında baş verən hadisələrə qiymət vermək üçün prosesləri Vaşinqtonun xarici siyasətinin təməl sütunları müstəvisindən dəyərləndirmək daha doğru olar:
“Müharibə ABŞ-ın xarici siyasətinin nüvəsini təşkil edir. Vaşinqtonun xarici siyasəti konfliktlər və bu konfliktlərin həlli üzərindən geosiyasi maraqların gerçəklişdirilməsi üzərində qurulub. Müharibə son 70-80 il ərzində Birləşmiş Ştatlar üçün həm ideoloji, həm siyasi, həm də iqtisadi baxımdan qlobal mövcudluğun əsas amillərindən biridir. Məhz buna görə də ABŞ-ın hərbi-sənaye kompleksini dövlət daxilində dünyanın ən nüfuzlu güc mərkəzlərindən biri sayırlar. Bir çox hallarda ABŞ-ın hərbi-sənaye kompleksi ”deep state" - “dərin dövlət” kimi qiymətləndirilir. Bu “dərin dövlət”in miqyası trilyon dollarla ölçülən yeni sifarişlər alması üçün isə mütləq müharibə aparmaq lazımdır. Şübhəsiz ki, bu sifarişlər təkcə ABŞ hökuməti tərəfindən verilmir. Əslində bu məqsədlə istifadə edilən texnologiya çox sadədir: ABŞ bu və ya digər dövləti təhlükəli elan edir. KİV və sosial şəbəkələr vasitəsilə həmin ölkənin aqressiv obrazını yaradır. Elə bir obraz ki, qonşu dövlətlər də qorxub ABŞ-dan dəstək istəsinlər, silah almaq üçün Vaşinqtona yalvarsınlar. İndi də hərbi-sənaye kompleksi hədəf kimi Şimali Koreyanı seçib. Tramp isə bu prosesdə məcburi oyunçudur. O, hərbi-sənaye kompleksinə qarşı açıq mövqe sərgiləyə bilmir, hakimiyyətini qorumaq üçün “dərin dövlət”in maraqlarını nəzərə almaq niyyətindədir və hələlik hərbi ritorika, təlimlər və s. ilə kifayətlənir. İranla bağlı bəyanat verir, İranın ətrafındakı ölkələr, xüsusilə də neft milyardları üzərində oturan ərəb şeyxləri ABŞ-dan silah alırlar. Şimali Koreya məsələsini gündəmə gətirən müttəfiqləri Cənubi Koreya və Yaponiyanın silaha ehtiyacı yaranır".
Politoloq bildirib ki, burada digər amil, diqqəti ABŞ-ın Suriyadakı məğlubiyyətindən yayındırmaqdan ibarətdir:
“Təbii ki, bu faktor bilavasitə Tramp administrasiyasının strategiyasıdır. Çünki Tramp hakimiyyətə gəldiyi ilk dövrlərdə İranı hədəf seçmişdi. Lakin regionda baş verən proseslər, Rusiya, Türkiyə və İranın Suriya məsələsində, həmçinin İraqda baş verən proseslərdə mövqelərini yaxınlaşdırması Vaşinqtonu bu hədəfindən yayındırdı. Çünki əgər İranla bağlı strategiyanın həyata keçirilməsi istiqamətində addımlar atılarsa, o zaman Trampın idarə etdiyi ABŞ, Rusiya və İranla qarşı-qarşıya qalmalıdır. Türkiyənin isə bu məsələdə ABŞ-a bir dəstək verməyəcəyi şübhə doğurmur. Ərəb şeyxlərinin idarə etdiyi dövlətlər isə o gücün və cəsarətin sahibi deyillər ki, regionun 3 güclü dövlətini qarşılarına alsınlar. Yaranmış vəziyyətdə ya Tramp daha öncə elan etdiyi hədəflərdən əl çəkdiyini bildirib geri addım atdığını etiraf etməli, ya da diqqəti yayındırmaq üçün başqa hədəf seçməlidir. İndiki halda ”qurbanlıq keçi" missiyasını Şimali Koreya yerinə yetirir. -Əslində olduqca çıxılmaz bir durum yaranıb. Çünki Şimali Koreya ilə müharibə saysız-hesabsız insan itkilərinə və dağıntılara səbəb ola bilər. Bu isə özünü doğrultmayacağı üçün ABŞ-ın mövqelərinə ciddi zərbə vuracaq. Yəni hazırda Şimali Koreya bölgədəki dövlətlər üçün hər hansı real təhlükə yaratmayıb. Məsələn, İraq kimi qonşu dövlətə hücum etməyib. Ballistik raketlərin sınaqdan keçirilməsinə görə müharibəni başlamaq üçün isə elə də ciddi əsas yoxdur. Çünki ABŞ-ın müttəfiqləri olan Cənubi Koreya və Yaponiya kifayət qədər müasir və güclü hava hücumundan müdafiə sistemlərinə sahibdirlər. Bu baxımdan müharibənin başlaması üçün elə də ciddi əsas görmürəm. Zənnimcə, Şimali Koreya kampaniyası Tramp administrasiyasına Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində baş verən proseslər normal məcraya düşənədək vaxt udmaq üçün lazımdır".
Şərhlər