Avtoritet boşluğu dövləti bitirər!
06.12.2017 14:40 A-reaksiya 2303
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və hazırda sonuncunun vətəndaşlığından belə çıxarılmış Mixeil Saakaşvilinin davranışları bu ölkəni yenidən dünya gündəminə gətirib. Dekabrın 5-də onun həbs təhlükəsinin yaranması, Kiyevdə dama çıxaraq özünü atmaqla hədələməsi isə bir ayrı əhvalatdır. Dünya tarixində hələ bu miqyasda heç bir siyasət adamı belə şou göstərməmişdi ki, bunu Saakaşvili bacardı.
Dünən onun bütün dünyanın diqqətini bu yolla cəlb etməsini bir kənara qoyub faktiki olaraq tutulması, kütlənin səyləri nəticəsində azad edilməsi üzərindən hərəkət etmək istərdim.
Haqlı, haqsız, Saakaşvili Ukrayna vətəndaşlığından azad edilmişdi. Bunu şərh etməkdən uzağam. Lakin onun cibində pasport daşımadan Ukraynaya zorla qayıtmasını heç yerə yoza bilmirəm. Bu adam öz iddialarında haqlı ola bilər. Bəs Ukrayna dövlətinin avtoritetinin ayaqlar altına atılmasına nə deyək? Necə olur ki, bir dövlətin sərhədlərini qanunsuz və iznsiz keçirsən, dövlət sənin bu əməlinin qarşısını almaq istəyir, ala bilmir? Belə dövlətmi olar?
İndi də polis (dövlət) bu adamı həbs edir, maşına mindirib aparmaq istəyir, kütlə isə zorla maşından endirib qələbə çılğınlığı edir. Bu nədir? Nə dövlətdir bu? Məgər dövlətin polisini bu qədər aciz duruma düşürmək olarmı? Yaxud, niyə bir dövlətin polisi – hüquq mühafizə sistemi bu qədər aciz durumda olmalıdır?
Ukraynadakı son olaylar və hələ daha öncə baş verənlər bu dövlətin ciddi avtoritet probleminin olmasından xəbər verir.
Hər kəs yəqin ki, xatırlar. Narıncı inqilab sonrası ölkədə ayrı-ayrı məmurların, deputatların kütlə tərəfindən tutularaq zibil yeşiklərinə atılması səhnələri bütün dünyaya tirajlanırdı. Biz də acı-acı baxırdıq o səhnələrə. Şəxsən mən Ukraynanı sevən birisi olaraq buna üzülürdüm. Aramızda elələri də vardı ki, çox sevinirdi, ehtizaza gəlir, coşur, aşıb-daşırdı ki, Azərbaycanda da rüşvətxor məmurları, deputatları belə etmək lazımdır. Mənsə deyirdim ki, lazım deyil. Ona görə yox ki, belələri cəzasız qalmalıdır. Ona görə ki, dövləti təmsil edən şəxs cinayət işləmişsə belə, onu küçə deyil, ədalət mühakiməsi cəzalandırmalıdır. Əks halda dövlətin avtoriteti ciddi zədə alar, ölkə uzun müddətli anarxiyaya sürüklənər, insanların can və mal güvənliyi təhdid altında olar. Bu isə marığa yatmış iç və dış düşmənlərə əlavə fürsət verər ki, ölkəni qalan yerdən də dağıtsınlar. Ukraynada olduğu kimi.
İstənilən ölkədə dəyişiklik hərəkatları normaldır. Amma bu hərəkatlar anarxiyaya səbəb olursa, arxasında heç də xoş niyyət yoxdur.
Ukrayna insanı deputatları zibil yeşiyinə atmaqla, nazirləri, məmurları linç etməklə ölkəsini daha firavan bir duruma gətirəcəyini sanırdı. Aradan illər keçir, dəyişən bir şey yox. Əslində var, lakin yaxşılığa doğru deyil.
Bir zamanlar demokratiya və azadlıqlara təşnə olan Ukrayna insanı dövlətin avtoritetini ayaqlar altına atmaqla tarixin ən böyük səhvini etmişdi. İndi də bu səhv təkrarlanır, davamlı hal alaraq vərdişə çevrilib. Nəticə nədir?
Nəticə odur ki, ölkənin Krım kimi çox dəyərli bir mirvarisi əldən gedib. Şərq vilayətləri nə zaman bitəcəyi bəlli olmayan bölücülük və silahlı münaqişə bölgəsinə çevrilib. İqtisadiyyat çöküb. Vətəndaş sülhü və qarşılıqlı anlaşma yox dərəcəsindədir. Cəmiyyət hər an bir-birini didib parçalamağa hazır olan kəsimlərə bölünüb. İnsanların can güvənliyini təmin etmək üçün strateji obyektlərdə əli avtomatlı, ağır texnikalı əsgərlər yerləşdirilib. Yəni o sakit, sabit, gözəl, sevimli Ukrayna indi bir təhlükəli ölkəyə çevrilib. Həm öz vətəndaşları, həm də əcnəbilər üçün.
Dediyim kimi, yanlış orda və ondadır ki, ölkədə dəyişiklik istəyənlər bunun üçün küçəni səfərbər edib onun əlinə fürsət verdilər. Küçə də inersiya ilə hərəkət etdiyindən qarşısına çıxanı ayaqlarının altına aldı. Halbuki normal demokratiya və dəyişiklik istəyən cəmiyyətlər bu prosesdə dövlətin avtoritetini də düşünməli və qorumalıdır. Ukraynada bu baş vermədi.
Azərbaycan, nə yaxşı ki, Ukraynanın başına gətirilənlərdən özünü vaxtında sığortalaya bildi. (Əlbəttə, 90-cı illərin bəlli dövrünü nəzərə almasaq.) Yəni bizdə də küçənin hakimiyyətinə azacıq belə imkan verilsəydi indi səhərlər evimizdən çıxarkən ailəmizlə halallaşmaq məcburiyyətində qalardıq. Çünki anarxiyanın hökm sürdüyü ölkələrdə səhər evdən sağ-salamat çıxan vətəndaşın axşam eyni salamatlıqla evə dönəcəyinə heç kim təminat verə bilmir. Bu təminatı dövlət verməlidir, onun da avtoriteti ayaqlar altında olduğu üçün vəziyyəti sürü təfəkkürlü küçə idarə edir. Edirsə, istədiyini də edir…
…Bugünlərdə mediada Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasovun geniş müsahibəsini oxudum. Nardaran haqqında danışmışdı. Hər kəs xatırlar ki, bu kənddəki bəlli bir qaragüruh qrupu xaricdən aldığı təlimatlarla əhalini qorxu altında saxlayırdı. Polisin belə burada hərəkət etməsi imkansızdı. Durumu yaxından izlədiyim üçün öz-özümə sual edirdim ki, niyə mənim dövlətim bu kənddə də öz hakimiyyətini təmin etmir? İndi rəis olduqca aydın bir şəkildə orada dövlətin avtoritetinin bərpa edildiyini, sakinlərin güvənli bir ortamda yaşadığını, qaragüruhun məktəbə getməsini yasaqladığı qız uşaqlarının da təhsilə cəlb edildiyini deyir. Açığı, buna çox sevindim.
Dövlətin avtoriteti ölkənin hər qarışında ayaqda tutulmalıdır. Heç kimə, heç bir halda güzəşt edilməməlidir. Əgər kimsə nədənsə narazıdırsa, bunu hansısa başıpozuq dəstələrin, din, demokratiya dəllallarının dililə ifadə etməməli, dövlətə üz tutmalıdır. Üz tutmaq üçünsə dövlətin avtoriteti möhkəm olmalıdır. Azərbaycan məhz bu baxımdan Ukraynadan ciddi şəkildə fərqlənən dövlətdir.
Biz həm də yaxın coğrafiyamızdakı qanın su yerinə axdığı İraq, Suriyadan da ciddi şəkildə fərqlənirik. Fərqlənməsəydik indi bizim da gözəl Bakımız Suriyanın Hələbi kimi yerlə yeksan edilmiş olardı. Fərqlənməsəydik bizdə də milyonlarla insan yurd-yuvasını atıb qaçmalı olardı. (İşğal altındakı torpaqlar məsələsi başqa söhbətin mövzusudur.)
Sözümün canı odur ki, nə olursa olsun, heç bir halda heç bir siyasi qüvvə dövlətin avtoritetini ayaqlar altına atmamalıdır. İstənilən siyasi mübarizədə dövlətin müqəddəsliyi, toxunulmazlığı qorunmalıdır. Bu olmazsa, o dövlət Ukraynanın, Suriyanın halına düşər. Avtoritet boşluğuna yuvarlanan dövlətlər ümumiyyətlə inkişafdan geri qalar, başqaları üçün yemə çevrilər. Bu isə o deməkdir ki, həmin başqaları o dövlətin öz mənafeləri üçün bir şey etdikləri görüntüsü yaradar. Amma əksini edər, öz faydalarını önə çəkər. Hətta həmin dövlətin ərazisini də, əhalisini də ayaqlar altına almaqla. Bir sözlə, avtoritet boşluğu dövləti bitirər!
Azər Həsrət
Şərhlər