Rusiyalı deputat: “Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinin, xalqlarının iradəsi kifayətdir”
08.12.2017 13:08 A-reaksiya 1868
Moskvada “Generation Z” forumu keçirilib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının mətbuat xidmətindən apa-ya verilən məlumata görə, forumda 150-dən çox tələbə, gənclər və ictimai təşkilatların sədrləri iştirak edib.
Onların arasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın Rusiyadan olan gənc sülh səfiri Tehran Hacıyev da olub.
Forum çərçivəsində keçirilən siyasi oyunlarda T. Hacıyev “Siyasətsiz Dünya” layihəsini təklif edib. O qeyd edib ki, 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi mövcuddur və Rusiya münaqişənin sülh yolu ilə həllinə böyük töhfələr verib. T. Hacıyev münaqişə edən xalqlar arasında dinc dialoqun yaranması üçün Azərbaycan və Ermənistan, Osetiya və İnquşetiya, Gürcüstan və Abxaziya vətəndaş fəallarının iştirakı ilə görüşlərin və mədəni tədbirlərin təşkilini təklif edib.
Sonra Rusiya Dövlət Dumasının deputatı, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü İvan Savvidi ilə görüş keçirilib. İ. Savvidi iştirakçıları Rusiya Federasiyasının etnik və milli siyasəti haqqında məlumatlandırıb. Çıxışdan sonra T. Hacıyev İ. Savvidiyə “25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi davam edir. Necə düşünürsünüz, münaqişəyə sülh yolu ilə son qoymaq üçün hansı addımlar atılmalıdır?” sualı verib. İ. Savvidi sualı belə cavablandırıb: “Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinin və xalqlarının, üçüncü tərəfin müdaxiləsi olmadan, iradəsi kifayətdir”.
Şərhlər