Millət vəkili Qənirə Paşayeva Bağdaddan çağırış etdi

13.12.2017 12:12     A-reaksiya     1919

Millət vəkili Q.Paşayeva İraqda Beynəlxalq tədbirdə iştirak edib və İraq hökumət və parlament üzvləri ilə görüşdə Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe bildirməyə çağırış edib. Millət vəkili, siyasi elmlər doktoru İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi terrorla mübarizəyə dair və 50-ə yaxın ölkədən nümayəndələrin qatıldığı beynəlxalq tədbirdə iştirak edib. Tədbirdə İraq rəsmiləri terrorla mübarizəyə dair gördükləri tədbirlər, bu istiqamətdə əldə etdikləri uğurlar barədə məlumatlar veriblər və terrorla mübarizədə ikili standartlara son qoyulmasının vacibliyi, terrorla mübarizədə beynəlxalq birliyin vacibliyi ətrafında müzakirələr keçirilib. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində həmçinin İraqın naziri, İraq hökumətinin parlamentdəki təmsilçisi, bölgələrarası əməkdaşlıq üzrə komissarı Torhan Al-Mufti, İraqın Daxili İşlər Nazirliyi rəhbərliyi, general Saad Maan, müdafiə naziri, Qadınlar Şurası rəhbəri, bir sıra millət vəkilləri ilə görüşüb. Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərini bildirməklə yanaşı Qarabağ problemindən geniş danışıb. Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan, 1 milyon qaçqın və köçkünü olan və erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq Azərbaycanın İraqın terrorla mübarizəsini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır və Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq hər zaman diqqətə çatdırır. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımlar törətməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib. Millət vəkili Q.Paşayeva bildirib ki, İraq parlamentinin Xocalı Soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı və azərbaycanlılar qardaş İraq parlamentindən bu istiqamətdə addımlar atılmasını, ədaləti dəstəkləməsini gözləyirlər. İraqda yaşayan Türkmanlar Azərbaycanla İraq arasında möhkəm bağlardır deyən millət vəkili Q.Paşayeva onlarla bağlı məsələlərin daim Azərbaycanın diqqət mərkəzində olduğunu deyib və eyni zamanda Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti ilə də bağlı məlumat verib. Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycanda görməkdən məmnun olacaqlarını deyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar