“Sarkisyan aprel döyüşlərini unuda bilmir”
22.12.2017 15:17 A-reaksiya 2293
Son günlər Ermənistan rəhbərliyi aprel döyüşləri ilə bağlı etiraflar edirlər.
İşğalçı ölkənin prezidenti Serj Sarkisyan "Armeniya” telekanalına müsahibəsində aprel döyüşlərində Ermənistanın məğlub olduğunu açıq şəkildə bəyan edib.
Bunun ardınca Ermənistanın Baş Qərargah rəisi Movses Hakopyan da oxşar fikirlər səsləndirib. O, aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Ordusunun qələbə qazandığını gizlətməyib, Lələtəpənin geri alınmasını hələ də həzm edə bilmədiklərini etiraf edib.
"Biz nə qədər qələbə qazandığımızı desək də, faktiki olaraq əlverişli mövqedə olan Lələtəpəni itirdik"- Hakopyan deyib.
Baş qərargah rəisi, Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya biləcəyini diqqətə çatdırıb.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a bildirib ki, Ermənistan rəhbərliyi hələ uzun müddət aprel döyüşlərini unuda bilməyəcək.
"Ermənistan tərəfi aprel döyüşlərindən nəticə çıxarmalı idi. Onlar məğlub olduqlarını gizlətməyə çalışırdılar. Hərbidən anlayışları olsaydı, vaxtında etiraf edərdilər. Bir müddət bunu gizlətdilər, erməni xalqını aldatmağa çalışdılar. Artıq özləri də Azərbaycanın gücünü, ordumuzun aprel döyüşlərindəki zəfərini etiraf edirlər. Bunu Ermənistan rəhbərliyi də bilir ki, Azərbaycan Ordusu aprel döyüşlərində qələbə qazanıb. Apreldə ordumuz həm də düşmənə öz gücünü göstərdi. İşğalçılar hələ də həmin döyüşləri yaddan çıxara bilmirlər”.
Y.Aydəmirov Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqlarını azad etmək üçün hər an döyüşə hazır olduğunu deyib: "Ali Baş Komandanın əmri ilə ordumuz əməliyyatlara başlaya bilər".
Şərhlər