“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır

19.01.2018 11:57     A-reaksiya     1688

“The Washington Times” qəzetində “Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez “Odlar yurdu”, paytaxt Bakının isə “Şərqin Parisi” adlandırıldığı qeyd olunur.

Vurğulanır ki, birinci səbəb regionun digər ölkələri ilə müqayisədə Azərbaycan vizasını asanlıqla almağın mümkünlüyüdür. 2017-ci ilin iyunundan ASAN sistemi vasitəsilə viza almaq müddəti üç gündən üç saata endirilib.

İkinci səbəb ölkənin unikal coğrafi mövqeyidir. Materialda qeyd edilir ki, “mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”. Yarımadada yerləşən Bakı arzular şəhəridir. Azərbaycan paytaxtında orta əsrlər memarlıq inciləri ultramüasir binalarla, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş və dünyada tanınan Heydər Əliyev Mərkəzi ilə yanaşı dayanır.

Üçüncü səbəb ölkənin görməli yerləri və təbiətidir. Bakı ilə yanaşı, şəhərin ətrafında da görməli yerlər var. Məsələn, Qobustan Milli Parkına, Suraxanı qəsəbəsində “Atəşgah” məbədinə getmək, palçıq vulkanlarına baxmaq. Zərdüştilik məbədi olan “Atəşgah” Hindistan və dünyanın hər yerindən zəvvarları özünə cəlb edir.

Müəllif dördüncü səbəb kimi ölkənin zəngin idman həyatını qeyd edir. “İdmançılar idman yarışlarında öz istedadlarını göstərmək üçün Azərbaycanı bütün dünyada ideal yer hesab edirlər”, - deyə məqalədə bildirilir. Təkcə son illər Azərbaycanda bir neçə beynəlxalq tədbir, o cümlədən Ümumdünya Şahmat Olimpiadası, ilk Avropa Oyunları, gənclər arasında Avropa futbol çempionatı, IV İslam Həmrəyliyi Oyunları, atıcılıq, voleybol üzrə Avropa çempionatları, gimnastika üzrə dünya çempionatı və digər yarışlar keçirilib. Artıq ikinci ildir ki, Formula-1 yarışlarının Qran-Pri mərhələlərindən biri Bakıda keçirilir. Materialda diqqətə çatdırılır ki, tezliklə Bakıda Avropa futbol çempionatının dörd matçı, idman kapoeyrası üzrə dünya çempionatı və digər nüfuzlu tədbirlər keçiriləcək.

Nəhayət, beşinci səbəb yerli və beynəlxalq brendlərin iştirakı ilə alqı-satqı zamanı vergi tutulmayan beynəlxalq ticarət yarmarkalarının keçirilməsidir.

Bundan başqa, milli mətbəxin ləziz nemətlərini dadmaq, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi elan edilmiş muğamı dinləmək və bir çox digər səbəblər var ki, onlara görə Azərbaycana getməyinə dəyər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar