Krakov görüşü: Kreativ təkliflər nədən ibarətdir? - ŞƏRH
19.01.2018 14:36 A-reaksiya 1569
Yanvarın 18-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.
Krakov görüşünü şərh edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həmsədrlər tərəfindən Qarabağ münaqişəsinin həllinə dair bir sıra kreativ fikirlər irəli sürülüb:
XİN rəhbəri açıqlamasında deyib: “Görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
Maraqlıdır, həmsədrlər hansı kreativ fikirləri irəli sürüblər?
Nazirlərin Krakov görüşünü şərh edən millət vəkili Zahid Oruc bildirib ki, danışıqların nəticələrindən danışarkən, əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı sonuncu açıqlamasına diqqət yetirmək lazımdır: “Sergey Lavrov bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Qarabağ məsələsindən danışarkən əvvəlki çıxışlarından fərqli olaraq daha nikbin mövqe sərgilədi. Dərhal Azərbaycan xarici işlər nazirliyi ona rəsmi reaksiya verdi, bu mövqeni alqışladı. Rusiya xarici işlər naziri ölkəmizdə onun əleyhinə olan ictimai reaksiyaları yaxşı bilir. Onun etnik mənşəyi səbəbindən bu və ya digər formada Rusiya mənafelərini Ermənistana qurban verdiyi anlayışlarından da məlumatlıdır. O, indiki halda bir qədər balanslı mövqedən çıxış edərək vurğuladı ki, Qarabağ məsələsini bir qərarla həll etmək qeyri-mümkün olacaq. Açıqlaması ondan ibarətdir ki, söhbət yenə mərhələli həlldən gedir.
Görünən budur ki, həmsədrlərin Krakovda danışıqları iki hissədən ibarət olub. Birinci, erməni tərəfi xeyli müddətdir çalışır ki, Vyana və Sankt-Peterburqdakı ümumi söhbətlər hansısa bir qərar halına gəlsin və Azərbaycanın üzərinə öhdəlik kimi qoyulsun. Söhbət ilk növbədə Azərbaycanın öz üzərinə atəş açmama və ya müharibə hüququnun olmamasına dair öhdəlikdən gedir. Halbuki, bu, qeyri-real məsələdir və dövlət olaraq heç zaman belə bir məsələdə razılşamağımızı gözləmək mümkün deyil.
İkinci, bölgədə Anjey Kaspişikin müşahidə missiyasının genişlənməsi ilə bağlıdır. Lakin burada iki fərqli yanaşma mövcuddur. Birincisi ondan ibarətdir ki, Azərbaycan qətiyyən sayca 8-10 nəfər olan şəxslərin 20-30 nəfərə qaldırılmasının əleyhinə çıxış etmir. Ancaq, bu şərtlə ki, missiya və mandatın konkret çərçivəsi bəlli olmalıdır. Erməni tərəfi isə bunu mühüm diplomatik hiyləyə çevirərkən guya Azərbaycanın “əl-qolunu bağlamaq” üçün həmin qüvvələrə bir sülhməramlı dəstə statusunun verilməsinə cəhdlər göstərir. Buradan görünür ki, Qərb dairələri Rusiyanın bölgədə müharibəni başlamaq və ya dayandırmaq imkanlarını bu və ya digər formada bloklamağa cəhd edərkən bölgəyə hər hansı bir çətir altında daxil olmağa çalışırlar”.
Z.Oruc, həmçinin qeyd edib: “Kaspişik Qarabağ məsələsində monitorinq missiyasını həyata keçirərək qocaldı. O, hərbi işləri yaxşı bilir. Regionun coğrafiyasından, üz-üzə dayanan tərəflərin hər birinin silahları, hərbi texnologiyalarına qədər onda müfəssəl məlumatlar mövcuddur. Azərbaycan indiyə qədər Kaspişikin yerinə yetirdiyi funksiyalara irad göstərməyib. Kaspişik bu fəaliyyətini cəsusluq missiyasına çevirməyib. Bu, çox önəmlidir. Amma, ATƏT burada müşahidə missiyasını artırsa belə, atəşin qarşısını almaq mümkün olmayacaq. Çünki, haradasa lokal toqquşma özünü göstərəndə yalnız bir neçə gün sonra həmin ərazilərə baxış keçirilir.
Açıq demək lazımdır ki, hazırda Ermənistanda anti-Rusiya mövqeləri çox güclü olduğundan iqtidarda dayananlar fərqindədirlər ki, onlar Kremlin siyasətindən kənara çıxa bilməzlər. Əks halda aqibətləri 1999-cu il parlamentdəki gülləbaranla eyni olar. Ancaq, gizli siyasət mövcuddur ki, ABŞ-ın hər hansı bir qüvvəsi Qarabağa gəlsin və Kaspişikin idarəsində yerləşsin. Halbuki, Vaşinqton keçmişdə bu və ya digər formada Qarabağı əldə saxlamaq üçün onlara maliyyə yardımı göstərsə də, hərbi cəhətdən regiona onları heç kim yaxın buraxmayacaq. Yəni, Qarabağda ABŞ-ın hərbi qüvvələrini gözləyən yoxdur. Çünki, Azərbaycan münaqişənin beynəlmillələşməsində maraqlı deyil”, - Z.Oruc deyib.
“Həmsədrlərin kreativ ideyaları nə ola bilər” sualına cavab olaraq Z.Oruc bildirib: “Krakovda kreativ yanaşmalar ondan ibarət ola bilər ki, Azərbaycan tərəfi ermənilərin bu mövqedən bir qədər geri addım atdığını müşahidə edir. Yəni, ermənilər bu prosesin uzunmüddətli olduğunu anlayır. Sarkisyan rejimi anlayır ki, söhbət yenə mərhələli həll planına qayıdacaq. Ona görə də Sarkisyanın son sözlərindən biri bu anlama gəlirdi ki, deyəcəyi söz ağır olacaq”.
Millət vəkili qeyd edib ki, 2018-ci ildə həmsdərlər prezidentləri görüşdürə bilərlər. Çünki Qarabağ münaqişəsinin qaynar fazaya keçməsi hələlik nə Rusiyaya, nə ABŞ-a, nə də Avropadairələrinə lazımıdır.
“Onlar Yəməndən Suriyaya qədər böyük bir zolaqda beynəlxalq dramın, hərbi teatrın içərisindədirlər. Düşünürəm ki, Azərbaycan tərəfinin bir qədər müsbət kontekstdə açıqlama verməsi, dövlət başçılarının görüşünün mümkünlüyü ilə bağlıdır. Fikrimcə, erməni tərəfi danışıqlarda iştirak edəcək”.
Politloq Qabil Hüseynli isə hesab edir ki, Krakov görüşü mülayim atmosferdə keçib: “Görüşdə status-kvonu dəyişdirməyə can atmaq meyli müşahidə olunub. Fikrimcə, nazir Elmar Məmmədyarov kreativ ideyalar dedikdə cəsarətli və özündə yeni yanaşmalar daşıyan ideyaların olduğunu nəzərdə tutub. Ancaq, hələlik danışıqlar prosesinin ciddi nəticələrə gəldiyi qənaətində deyiləm”.
Q.Hüseynli əlavə edib ki, danışıqların atmosferindən tərəflərin kompromisə doğru meyillənməsi hiss olunur: “Bəyanatlar danışıqların məzmunu barədə bir şey söyləməsə də, hesab etmək olar ki, irəliləyişlər üçün əsas var. Yəni, sülhyaratma prosesinin hərəkətə gəlməsi üçün əsas var. Sadəcə görünür tərəflər hələlik nələrdənsə çəkinirlər. Ona görə də hələlik irəliyə doğru yekun nəticədən danışmaq çətindir”. (Azvison.az)
Şərhlər