“Mühacirlər” üçün anti-TAP oyunu Qarabağdan daha önəmlidir
02.02.2018 11:58 A-reaksiya 2159
Ekspertlərin fikrincə, milli təəssübkeşliyini itirmiş sapı özümüzdən olan baltalar, dövlətə zərər vuran tendensiyaların quluna çevriliblər
Avropa İttifaqının üzvü olan bəzi ölkələr "Cənub Qaz Dəhlizi” layihəsi başa çatdıqdan sonra Azərbaycanın təbii qaz ehtiyatlarına çıxış əldə edəcəklər. Artıq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan TAP-ın tikintisi 60-62 faiz təşkil edir. Lakin hələ 2010-cu ilin əvvəllərindən etibarən "Cənub Qaz Dəhlizi” və onun bir hissəsi olan Transadriatik boru kəməri (TAP) layihəsi əleyhinə Avropada kampaniya yürüdülməkdədir. Layihə əleyhinə süni şəkildə təşkil edilmiş qərəzli kampaniyalar hələ də aktuallığını itirməyib. Bu dəfə isə kampaniyaya TAP layihəsi əleyhinə "NO TAP” hərəkatı ilə yanaşı, azərbaycanlı müxalif mühacirlər də qoşulub.
Sosial şəbəkələrdəki paylaşmalardan görünür ki Avropada yaşayan bir qrup müxalif azərbaycanlı Almaniyada və Fransada yeni aksiyalar keçirməyə hazırlaşırlar. Diqqəti cəlb edən odur ki, bu aksiya Avropada yaşayan azərbaycanlı müxaliflərin ənənəvi "Siyasi məhbuslara azadlıq” şüarı altında keçirilməyəcək. Planlaşdırılan aksiyanın şüarı kimi "Enerji maraqlarına insan haqlarını qurban verməyin” seçilib. Aksiyanın təşkilatçısı – özünü "Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri” adlandıran qurum iştirakçıların Berlində rahat toplaşması üçün xüsusi avtobuslar da icarəyə götürüb. Azərbaycanın strateji maraqlarına qarşı belə "fəallıq” nümayiş etdirən müxalif mühacirlər, görəsən niyə bir dəfə olsun, Qarabağın işğaldan azad edilməsi üçün Ermənistan əleyhinə aksiyalar keçirmirlər?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri (AVP), millət vəkili Tahir Kərimlibildirdi ki, Azərbaycanın uğurlu inkişafı çoxlarını narahat edir: "Xüsusilə, müstəqil dövlət kimi siyasət yürüdəndə başqaları bundan əsəbilik keçirir. Azərbaycan dövlətinin müstəqil siyasəti, heç bir ölkədən asılı olmaması, iqtisadiyyatın inkişafı, beynəlxalq monitorinq təşkilatlarının reytinq cədvəlində ölkəmizin irəliləməsi onu deməyə əsas verir ki, prezident İlham Əliyev ölkədə sabitliyi təmin edə bilib. Bu gün dünyadakı qlobal böhrandan Azərbaycan uğurla çıxıb və ölkənin iqtisadi inkişafı ilə yanaşı, gələcək böyük perspektivlər var. Eyni zamanda Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi, təbii ki, başqalarında cığallıq hissi yaradır. Əlbəttə ki, qarşıdan prezident seçkiləri gəlir və kənardan əleyhimizə oynanılan bütün bu oyunlar məhz ona hesablanıb. Bizə olan münasibəti Avropa Şurasından və digər beynəlxalq təşkilatlardan da gördük. Amma başa düşmürlər ki, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələrin təşəbbüskarı Azərbaycandır. Çox yaxşı haldır ki, ilin sonuna qədər Ələt azad iqtisadi zonası və bir sıra logistika mərkəzləri istifadəyə veriləcək. Yəni, bu gün Azərbaycanın iqtisadi uğurları və gələcəkdə qazanacağı dividentlər çox böyük qıcıq yaradır. Özü də bu, bir sıra beynəlxalq təşkilatlarla, onların əlaqəli olduğu mərkəzlərlə yanaşı, onlardan qidalanan Azərbaycandakı bəzi qüvvələrə də təsirsiz ötüşmür. Bunlar da istəyirlər ki, həyata keçirilən beynəlxalq layihələri pozsunlar. Bununla nəinki Azərbaycana, hətta bizimlə əməkdaşlıq edən dövlətlərin özlərinə belə təsir göstərmək istəyirlər. Eləcə də ölkəmizlə əməkdaşlıq edən beynəlxalq təşkilatları tənqid atəşinə tuturlar. Bu baş verənlərin geniş vüsət alması, yenidən gündəmə gəlməsi təbiidir. Hər bir məsələnin də arxasında Azərbaycana təzyiq etmək rıçaqlarının əldə olunması dayanır. O cümlədən mövcud hakimiyyəti özündən asılı vəziyyətə salmağa hesablanıb”.
T.Kərimli qeyd etdi ki, Avropa Şurası Ermənistanın işğalı nəticəsində bir milyondan çox insanın didərgin düşməsi məsələsinə baxmadığı halda, bir nəfərin təəssübünü çəkir: "Bütün bunların hamısı eyni mərkəzdən idarə olunur. O cümlədən xaricdə yaşayan bəzi azərbaycanlılar da bu mərkəzlərin idarəçiliyi altındadır. Təəssüflər olsun ki, yaşadıqları ölkələrdə Qarabağ məsələsini, milli məsələləri qabartmırlar, lakin ölkəmizin uğurlarını kölgə altında qoymaq istəyirlər. Hamı bilir ki, TANAP və TAP layihələri Azərbaycanın təşəbbüsü olaraq Türkiyə ilə birgə həyata keçirilir. Məhz bu layihələr ölkəmizə gələcəkdə xeyli dividentlər gətirəcək. Nəticə etibarı ilə Azərbaycanda yaşayan əhalinin sosial vəziyyəti xeyli yaxşılaşacaq. Ölkəmizin xeyrinə olan bir layihənin əleyhinə aksiyalar keçirmək nəyə lazımdır? Deməli, bir cavab var: nə olur-olsun, Azərbaycan uğur qazanmasın, sosial vəziyyət yaxşılaşmasın. Çünki Azərbaycana və görülən işlərə düşmən gözü ilə baxırlar. Başqa ölkələrdə görürük ki, müxalif qüvvələr hökumətə müxalif olsalar da, dövlətin mövqeyini qoruyurlar. Misal üçün, ermənilər harada yaşamalarından asılı olmayaraq, hər zaman Ermənistanın mənafeyini güdürlər. Onlardan bir nəfər tapmazsan ki, dövlət maraqlarının əleyhinə getsin. Amma təəssüf edirəm ki, bizim ölkədən gedənlərin bəzilərində milli təəssübkeşlik yoxdur, əksinə, dövlətə zərər vuran tendensiyaların quluna çevrilirlər. Hesab edirəm ki, belələri bu addımları ilə özlərini ifşa edirlər”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, xaricdə yaşayan və ya saxta sənədlərlə mühacirət alan bir qrup şəxs müxtəlif güclərin təsiri altındadır: "TAP, TANAP və yaxud da Avropaya yönələn başqa layihələrin icrası ilə Azərbaycan məşğul olmağa hazırlaşanda, etirazlar başlayır. Etirazlarda da önə verilən həmişə bizim azərbaycanlılar olur. Bu, təkcə iqtisadi yönümlü layihələrlə bağlı deyil. ATƏT-in son toplantısında çıxışım zamanı auditoriyaya sual ünvanladım ki, niyə Azərbaycan, Belarus, ya da başqa dövlətlər Avropa İttifaqı ilə iqtisadi, siyasi, biznes layihələri ilə bağlı danışıqlara başlayanda, müqavilələr imzalamaq ərəfəsində olanda, hay-küy təşkil edilir? Bunu təşkil edənlərin çoxu Avropada olan təşkilatlardır. Məsələn, Çexiyada fəaliyyət göstərən PİN təşkilatı, Polşada Helsinki Fondu, Norveç İnsan Hüquqları Evi və sair. TAP, TANAP layihələrinin həyata keçirilməsində maraqlı olmayan hansı qüvvələrdirsə, deməli, həmin adamlar da o qüvvələrə xidmət edir. Avropa üçün alternativ enerji mənbələrinin yaranmasının marağında olmayan kimlərdir? Təbii ki, bunlar hamısı bəllidir. Vaxtilə dediyimiz kimi, "Avropa” deyib qışqıranların əslində hamısı başqa yerlərə bağlı olan adamlardır. Təkcə onlar deyil, eyni zamanda ölkə daxilində də böyük bir şəbəkə var. Həmin o aksiyaların təşkilatçısı qeyd etdiyim ermənipərəst təşkilatlardır”.
S.Məmmədov vurğuladı ki, hələ Bakı-Tbilisi-Ceyhan kəməri çəkilən ərəfədə 200 nəfərdən ibarət koalisiya yaradılmışdı: "O vaxt maraqlı tərəflər o qədər güclü olmadığı üçün heç nə edə bilmədilər. Belə etirazlar hər zaman olub. Həmin aksiya keçirən mühacirlər də bağlı olduqları yerin tapşırığını yerinə yetirirlər. İndiki halda onların kurasiyası ermənilərə məxsus olan PİN təşkilatındadır. Onların əlində internet televiziya, güclü resursları var. Eyni zamanda ölkə daxilində və xaricdə nankor azərbaycanlılardan, o cümlədən Azərbaycan əleyhinə olan insanlardan ibarət şəbəkə də qurulub. Bir ölkəni vurmaq üçün ən yaxşı silah elə onun öz vətəndaşıdır və bu səbəbdən azərbaycanlıları bura cəlb ediblər. Yəni, sapı özümüzdən olan baltalar. Ona görə də bizim "milli” qüvvələrdən "səmərəli” istifadə edirlər”.
Şərhlər