Jirinovski: Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun

02.02.2018 12:12     A-reaksiya     1861

Qarabağ münaqişəsinin yeganə həll yolu milli sərhədlər nəzərə alınmaqla, Rusiya Federasiyası ilə birləşməkdir.

Bunu “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə eyni problem var.

Yalnız bir çıxış yolu var – milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq – hamının bir torpağı olacaq”, – deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, Azərbaycana uzaq Avropa ilə müqayisədə Rusiya ilə əməkdaşlıq etmək daha sərfəlidir:

“Belə bir ittifaqın daxilində biz cənubda yetişdirilən bütün məhsulları almağa hazırıq. Əvəzində isə onlara hərbi və mülki texnika təklif edəcəyik.

Rusiyalı siyasətçi əlavə edib ki, rəsmi Moskva Bakının siyasətini həmişə dəstəkləyib və çətin zamanlarda kömək edib:

“Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, Azərbaycanda bunu başa düşürlər. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və həm hazırkı, həm də keçmiş prezidentlə görüşmüşəm. Bizim üçün çox əhəmiyyətli ölkədir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar