“Alyesinin “Polonez”lərlə bağlı səslədirdiyi fikirlər məntiqsizdir” - Şair Ramaldanov
03.02.2018 16:02 A-reaksiya 1919
Yanvarın 31-də Minskdə Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin iclası baş tutub və bu iclasda komitə sədri Oleq Dviqalyev cari il üçün tapşırıqları səsləndirib. İclas iştirakçıları üçün yeni Belarus silahlarının nümayişini təşkil ediblər.
Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin iclası ilə bağlı "Komsomolskaya pravda Belarus" qəzetinə açıqlama verən hərbi ekspert Aleksandr Alyesin bir sıra məsələlərə münasibət bildirib. Ekspert həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq hər iki ölkənin silahlandırılmasında müəyyən məqamlara diqqət ayırıb.
A.Alyesin həmçinin “Polonez” kompleksinin Azərbaycana satılması barədə bir sıra iddialar səsləndirib.
“Biz “Polonez”ləri Azərbayacana satmaq istəyirdik. Lakin KTMT üzrə müttəfiqimiz Ermənistan buna qarşı çıxdı. Nəticədə razılaşma baş tutmadı. Böyük ehtimalla, “Polonez”lərin ilk alıcısı Qazaxıstan olacaq”, - deyə o bildirib.
Maraqlıdır... Görəsən həqiqətənmi Azərbaycanın müttəfiqi olan Belarusiya “Polonez” komplekslərinin ölkəmizə satışını dayandırıb?
Məsələ ilə bağlı ordu.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Belarusiyalı həmkarının çıxışlarının qərəzli olduğunu və belə məsələlərdə ekspertlərin heç bir həlledici rəyə malik olmadıqlarını vurğulayıb: “Hesab edirəm ki, Aleksadr Alyesinin bu məsələ ilə bağlı səslədirdiyi fikirlərdə heç bir məntiq yoxdur. Əgər belə bir şey mövcud olsa və həmin məsələdə Azərbaycan tərəfi maraqlı olsa, onda mütləq Azərbaycan öz lazımi tədbirini görər... Bildiyiniz kimi ermənilər Belarusiyadan daha çox Rusiyanın himayəsi altındadır. Əgər bu gün Rusiya Azərbaycanı ən müasir - yəni son on il ərzində istehsal olunan silahları satırsa və burada heç bir məhdudiyyət yoxdursa, onda necə ola bilər ki, Belarusiya buna hansısa məhdudiyyət qoysun? Mən bunu Alyesinin Ermənistan tərəfindən çıxışı kimi qiymətləndirirəm”.
Şərhlər