Azərbaycan - Avropa İttifaqı münasibətlərinin taleyinə aydınlıq gətirildi

14.02.2018 14:37     A-reaksiya     1802

Elmar Məmmədyarov: "Bizim hansısa əməkdaşlıq layihəsində iştirakımız digər tərəfdaşlarımızın maraqlarına zidd ola bilməz

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlığa dair yeni saziş layihəsinə hazırlıqla bağlı ciddi maneə yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, sözügedən danışıqlar konstruktiv şəkildə və qarşılıqlı anlaşma əsasında həyata keçirilir: "Sənədin hazırlanması prosesinə xüsusi maneə yoxdur. Ticarət məsələləri ilə bağlı bir sıra fikir müxtəlifliyi var".

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil: "Odur ki, tariflər və subsidiyalarla bağlı bir sıra fikir ayrılıqları var. Bununla belə, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır".

"Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafı üçün çərçivə rolunu oynayacaq. Sənəd siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdə tutur", — deyə nazir əlavə edib.

XİN başçısı, həmçinin qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Bakının Moskva ilə dostluq münasibətlərinə təsir göstərməyəcək: "Bizim hansısa əməkdaşlıq layihəsində iştirakımız digər tərəfdaşlarımızın maraqlarına zidd ola bilməz. Bizim belə bir məqsədimiz və niyyətimiz yoxdur. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Avropa İttifaqı ilə əlaqələrə təsir etmədiyi kimi, Aİ ilə də əlaqələrimiz Rusiya ilə Azərbaycan arasında strateji əhəmiyyət daşıyan dostluq münasibətlərinə təsir etmir". 

Məmmədyarov vurğulayıb ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasbətlərinin inkişafına böyük əhəmiyyət verir və ümumilikdə bu əməkdaşlığın inkişafından məmnundur: "Biz ümumilikdə Rusiya ilə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrində əldə olunan nəzərəçarpan nəticələrdən razıyıq".

Qarabağ məsələsinə toxunan xarici siyasət idarəsinin rəhbəri deyib ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı hələlik plan yoxdur.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr 1991-ci ildə başlayıb. Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib.


Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Yeni sənəd əvvəlki razılaşmanı əvəz etməklə yanaşı, Aİ ilə Azərbaycan arasında bü gün üçün aktual olan ümumi mövcud məqsəd və problemləri əks etdirəcək. Bəyan edilib ki, müqavilə 2015-ci ildə Avropa Qonşuluq Siyasəti institutunun sənədində təsdiq edilmiş prinsiplərə riayət edilməsini və AB ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlığı yenilənmiş əsasda ehtiva edir.

Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqların ilk raunduna 25 apreldə Bakıda start verilib. Yeni sazişlə bağlı məsləhətləşmələr 2017-ci ilin fevralında başlayıb.


Reaksiya.az

Şərhlər

Çox oxunanlar