ABŞ Rusiyaya qarşı siyasətində ən təhlükəli ölkə - İrəvanın Moskva ilə əlaqələri Vaşinqtonu qane etmir
16.02.2018 10:25 A-reaksiya 1922
Son zamanlar Amerikanın Ermənistana münasibəti kəskin surətdə dəyişir.
Dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın Rusiya ilə yaxın əlaqələri Amerikanı bezdirib:
“ABŞ bundan əvvəl həm Dağlıq Qarabağa, həm də Ermənistana yardım ayırırdı. Ancaq Azərbaycanın etirazından sonra Dağlıq Qarabağa yardımı dayandırdılar. Ermənistana ayrılan maliyyə yardımları isə hər il bir az azaldılır. Gələn il üçün də bu illə müqayisədə daha az yardım nəzərdə tutulub, hərbi yadım isə ümumiyyətlə dayandırılacaq. Bu proses üç il bundan əvvəl başlayıb və indi də davam edir. Ümumiyyətlə, gələcəkdə Ermənistana maliyyə yardımının dayandırılması ehtimalı böyükdür. ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı siyasətində ən təhlükəli ölkə olaraq Ermənistanı görür və İrəvanın Moskva ilə əlaqələrinin bu şəkildə olması Vaşinqtonu qane etmir. Çünki Ermənistan həm forpost, həm də Rusiyanın adi bir quberniyası kimi Kremllə həddindən artıq yaxınlıq nümayiş etdirir. Amerikanın Ermənistandakı səfiri də bəyan edib ki, Rusiya ilə ticarət əlaqələrini davam etdirən bütün şirkətlərə sanksiyalar tətbiq ediləcək. Bu açıqlamanın xüsusi mənası ondan ibarətdir ki, ABŞ diplomatik formada Ermənistana xəbərdarlıq edir. Çünki son 10 ildə Rusiya Ermənistana 5 milyard məbləğində pulsuz silah verib. Bunu Amerika kəşfiyyatı yaxşı bilir. Bu nöqteyi-nəzərdən ABŞ, bir növ, Ermənistana üstüörtülü şəkildə Rusiya ilə əlaqələri minimuma endirməyi, əks təqdirdə İrəvanın sanksiyalarla üzləşəcəyinə eyham vurur”.
Politoloq qeyd edib ki, Amerikadakı erməni lobbisi də bu məsələdə Ermənistanı ciddi surətdə qınayır:
“Ermənistan ABŞ-ın siyahısında cəzalandırılmağa namizəd olan ölkələrdən biridir. Bununla yanaşı, iki ölkə arasındakı münasibətlər də qaydasında deyil və getdikcə pisləşməyə davam edir. Ermənistanın Maliyyə naziri Vardan Aramyan da bildirib ki, ölkəsinə qarşı sanksiyalar riski mövcuddur. Ancaq İrəvanın başqa yolu yoxdur, Rusiya ilə əlaqələri kəsə bilməz. Onda Ermənistan dağılar, ermənilər isə acından qırılarlar. Rusiyanın strateji müttəfiqi ABŞ-ın bu xəbərdarlığı qarşısında acizdir və manevretmə imkanı yoxdur. Ona görə də işğalçıya qarşı sanksiyaların tətbiq edilməsi imkanı kifayət qədər realdır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2019-cu ildə Ermənistana maliyyə yardımını azaltmağı təklif edib.
ABŞ-ın büdcə layihəsinə əsasən, ABŞ Ermənistana 2019-cu ildə 3,24 milyon dollar yardım ayıracaq. Bu isə 2018-ci illə müqayisədə ayrılan vəsaitdən 600 min dollar azdır.
ABŞ həmçinin Ermənistana hərbi yardımı tam dayandıracaq. Belə ki, keçən il İrəvana 1 milyon dollar ayrılsa da, bu il həmin məbləğ verilməyəcək.(axar)
Şərhlər