Putin emissarının İrəvan səfəri - PKK-erməni dostluğu və Qarabağ...
20.02.2018 12:03 A-reaksiya 2646
Rus xəfiyyəsi Narışkinin Ermənistan ziyarətində Türkiyə “izi” və... səfərin bəzi başqa pərdəarxası məqamları; Azərbaycanın böyük lobbisti olan İsrail müdafiə naziri Libermana qarşı sui-qəsd cəhdi təsadüfidirmi; azərbaycanlı general: “Erməni barmağı var...”
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin dünən - fevralın 19-da İrəvanda işgüzar səfərdə olub. Bu barədə informasiyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Narışkin İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanla görüşüb. “Yeni Müsavat”ın 1 in.am erməni nəşrinə istinadən verdiyi məlumata görə, tərəflər arasında əsas müzakirə mövzusu beynəlxalq terrorizm və transmilli cinayətkarlıq olub.
Maraqlıdır ki, Putinin kəşfiyyat emissarı İrəvanda olarkən Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə İrəvanda kürd terrorçuların axtarışına çıxıb (Virtualaz.org). Yerli KİV-lər xəbər verir ki, Ermənistanın güc strukturları Gümrü şəhərində də (burada 102 saylı Rusiya hərbi bazası yerləşir) terrorçuların axtarışını həyata keçirib. Məlumatlara əsasən, İrəvanda oxuyan erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb, sorğu-sual edilir.
Qeyd edək ki, ötən həftə “Aykakan Jamanak” nəşri PKK terrorçularının Türkiyədən Ermənistana qaçdığı barədə yazmışdı. Ermənistanın Türkiyə və İranla sərhədlərini isə məhz rus hərbçilər - Federal Təhlükəsizlik Xidmətinin qulluqçuları qoruyur. İstisna deyil ki, Narışkınin səfərində bu məsələ də diqqətdə saxlanılıb.
*****
Hər necə olmasa, PKK terror təşkilatı bəlli səbəbdən Türkiyənin hədəf aldığı və hər yerdə təqib elədiyi hörgütdür və onun üzvlərinin Ermənistana, hətta Dağlıq Qarabağa keçərək oturuşması, gizlənməsi satellit Ermənistandan daha çox, Rusiya-Türkiyə münasibətlərinə xələl gətirə bilər. Moskva-Ankara əlaqələri isə hazırda dinamik inkişafdadır və təkcə iqtisadi-ticari, turizm və energetika sahələrini (“Türk axını”, Akkuyu AES) yox, hərbi əməkdaşlıq sferasını (S-400-lər) də özündə ehtiva edir. Kremlin üzərində əsdiyi bu əlaqələrə PKK amilinə görə zərər gəlməsində Rusiya maraqlı ola bilməz.
O ayrı məsələ ki, terrorçu PKK-ya və onun uzantıları olan YPG və PYD-yə ermənilər xüsusi simpatiya bəsləyirlər. Təkcə Türkiyə amilinə görə yox. Həm də Azərbaycana, işğal altındakı Qarabağa görə. Bu xüsusda “Yeni Müsavat” Rusiyada yaşayan erməni üzdəniraq şərqşünas və anti-türkçü Semyon Baqdasarovun ötən sayımızda getmiş fikrini burada bir daha xatırlatmağı zəruri hesab edir.
Baqdasarov “Sputnik Armeniya” nəşrinə deyib: “Ermənistan Suriyanın şimalında və Türkiyənin cənub-şərqində kürdlərin başına gələnlərə laqeyd ola bilməz və olmamalıdır. Ermənistan kürd silahlılarına heç olmasa, humanitar kömək göstərməlidir. Sakitcə oturmaq olmaz. Ümumi düşmənlə (Türkiyə ilə - red.) mübarizə üçün səyləri səfərbər eləmək lazımdır. Cənub-şərqi Türkiyə Ermənistanla bilavasitə sərhəddir.
Deyilənlər Suriya konfliktinə də aiddir - hansı məsələdə ki, İrəvan anlaşılmaz səbəblərdən susur və hərəkətsizdir. Halbuki bu ərəb ölkəsinin ərazisində böyük erməni icması var və onların nümayəndələri islamçılara və türklərə qarşı döyüşürlər. Kürdlərlə əməkdaşlıq Ermənistan üçün hərbi nöqteyi-nəzərincə də əlverişli ola bilər. Məsələn, suriyalı kürdlərin (oxu: terrorçuların - red.) təcrübəsindən Azərbaycana qarşı istifadə eləmək olar. Kürd liderləri Stepanakertə (Xankəndinə - red.) dəvət edin. Qoy sizə göstərsinlər ki, canlı qüvvə və texnikada dəfələrlə üstün olan düşmənlə (oxu: Azərbaycanla - red.) necə mübarizə aparmaq olar. Qoy göstərsinlər ki, düşmənin arxasına keçməyi təmin edən döyüş tunellərini necə tətbiq eləmək olar”.
*****
Göründüyü kimi, özünü Rusiya cəmiyyətinə ekspert-şərqşünas kimi sırıyan bu erməni faşisti faktiki şəkildə Rusiya ərazisindən terrora, terrorçu kürdlərə dəstək nümayiş etdirir, onları Ermənistana, suveren dövlət olan Azərbaycanın işğal altındakı ərazilərinə çağırır, üstəlik də Ermənistanı onlara dəstək olmağa və “təcrübələrindən” yararlanmağa səsləyir.
Əslində təəccüblü deyil. Çünki ermənilər də terroru əsas mübarizə vasitələrindən bir kimi seçən millət olaraq ad çıxarıblar. Təkcə ASALA-nın ötən əsrin 80-ci illərində Türkiyə diplomatları və onların ailə üzvlərinə qarşı müxtəlif ölkələrdə reallaşdırdıqları terror aktlarını yada salmaq kifayətdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində isə ermənilər Azərbaycan xalqına qarşı silsilə terror aktları (metro, sərnişin avtobusları) törədiblər.
Yeri gəlmişkən, az öncə Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində mənbəyini Yaxın Şərqdən götürən ASALA-nın yerli özəyinin yaradıldığı haqda məlumat yayılmışdı. Ondan qabaq isə ASALA-çılar (Livan ermənisi Vazgen Sislyan) işğal altındakı Qarabağda peyda olmuşdular. Bu terror hörgütünün PKK-çılarla əməkdaşlığı isə tam realdır. Ən azından, Baqdasarovun da dediyi kimi, “ümumi düşmən”ə - Türkiyəyə görə.
*****
Terrordan söz düşmüşkən, bu arada İsrailin müdafiə naziri, Azərbaycanın böyük lobbisti Avidqor Libermana qarşı sui-qəsd cəhdi olub. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda İsrail xüsusi xidmətinin yaydığı xəbərdə 6 nəfərin həbs edildiyi deyilir. Bəs bu sui-qəsddə də erməni “barmağı” ola bilərmi?
“Avigdor Libermana sui-qəsd cəhdində erməni izinin olması istisna deyil”. Bunu Azərbaycanın müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bildirib (APA). Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb: “Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deməsi erməni deputatlarını son dərəcə məyus eləmişdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir. Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-İsrail qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər”.
Hərbi ekspert bu üsuldan istifadənin hətta bir çox erməni təşkilatlarının nizamnamələrində əksini tapdığını yada salaraq deyib. “Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb. Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq İsrail parlamentinin qondarma ”erməni soyqırımını" təsdiq etməməsidir", - deyə sabiq nazir əlavə edib.
Reaksiya.az
Şərhlər