Seçkilərdə qələbəni təmin edən əsas kriteriyalar və zərurətin yaratdığı nəticələr
20.02.2018 17:30 A-reaksiya 2334
Seçkilərə vaxt azaldıqca cəmiyyətin siyasi aktivləşməsi, siyasi ehtirasların qızışması təbii hal hesab olunur. Bu seçkilərə qatılmaq istəyən, seçkilərdə marağı olan ayrı-ayrı şəxslər, təşkilatlar, siyasi partiyalar öz fikirlərini, ideyalarını, proqramlarını çatdırmağa çalışırlar. Və təbii ki, bu zaman insanların beyni bir-birindən fərqlənən, həqiqətə, reallığa uyğunluq dərəcəsi müxtəlif olan fikirlər, ideyalar qəbul edir.
Bu baxımdan seçkiqabağı vəziyyəti qiymətləndirməsi, seçkilərin nəticələrinin proqnozlaşdırılması və bir sıra məsələlərin təhlil edilməsinin böyük əhəmiyyəti vardır. Və bir ziyalı kimi, çalışacağıq ki, məsələləri neytral mövqedən, obyektiv çıxış etməklə, xalqımız və müstəqil dövlətimizin maraqları baxımından təhlil edək.
Seçki yolu ilə müəyyən postun tutulması dövlətçiliyin sabitliyini və inkişafını, vətəndaşların demokratik və ədalətli cəmiyyətdə yaşamasını təmin edən amillərdən biridir. Seçki prosesinin mahiyyətində təbiət və cəmiyyətin təkamülündə əsas rol oynayan elementlər mövcuddur. Təbiətdə mövcud şəraitə uyğun müsbət keyfiyyətlərin saxlanması, əlverişsiz əlamətlərin aradan qaldırılması istiqamətində hər zaman təbii seçmə getmişdir. Hazırkı flora və faunanın forma və məzmunu bu seçmə nəticəsində formalaşmışdır.
Cəmiyyətin inkişafı prosesində də lazımi keyfiyyətlərin üstünlüyü istiqamətində müxtəlif müstəvilərdə hər zaman seçmələr getmişdir. Bəzən bu proses mənfi keyfiyyətlərin seçilməsi nəticəsində tənəzzülə, müsbət keyfiyyətlərin seçilməsində isə tərəqqiyə səbəb olmuşdur. Ona görə də cəmiyyət öz inkişafını təmin etmək üçün müsbət keyfiyyətlərin seçilməsini hər zaman arzu etmiş, buna səy göstərmiş və nəhayət, ədalətli seçki üsulunu tətbiq etməyə nail olmuşdur.
Azərbaycan xalqı da mütərəqqi, öz iradəsini diktə edə biləcək iradəyə malik bir millət olaraq seçki üsulu ilə hakimiyyətin müxtəlif qollarını formalaşdırmağı üstün tutmuşdur. Bu seçkilərin ədalətli, demokratik keçirilməsi, həqiqətən layiqli şəxslərin seçilməsi dövlətçiliyimizin inkişafında mühüm amillərdəndir.
Layiqli şəxslər deyəndə nələr nəzərdə tutulur? Bu suala cavab vermək üçün seçkilərdə qələbəni təmin edən əsas kriteriləri müəyyənləşdirək. Burada biz qələbə deyəndə, həm namizədin, həm də cəmiyyətin qələbə qazanmağının şərtlərini müəyyənləşdirməyə çalışacağıq. Bəri başdan deyək ki, seçkilərdə qələbə qazanmağın əsas kriteriləri amorf anlayış olaraq, zaman və məkandan, milli adət-anənələrdən asılıdır. Yəni seçkinin hansı tarixi dövrdə, hansı dövlətdə, hansı xalq tərəfindən hakimiyyətin hansı qolunun formalaşması prosesisindən asılıdır.
Bu məqaldə 2018-ci il aprelin 11-də Respublikamızda hakimiyyətin icraedici qoluna rəhbərlik edən Prezident seçkilərində qələbənin əsas kriterilərini müəyyənləşdirməyə və seçkinin nəticələrini proqnozlaşdırmağa çalışacağıq. Burada məsələyə, yuxarıda qeyd etdiyimiz kimi, iki konteksdən: xalqın, yəni seçicilərin və prezidentliyə namizədlərin seçkidə qələbə qazanmağının əsas kriterilərinin müəyyənləşdirilməsi baxımından yanaşmaq lazım gəlir.
Xalqın seçkidə qələbəsi 7 il dövlətin başında duracaq, onu dünyada təmsil edəcək, hər bir vətəndaşın hüquqlarının təminatçısı olacaq müsbət keyfiyyətlərə malik ən layiqli namizədi seçə bilməkdən ibarətdir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir:
- Seçkinin ədalətli, demokratik keçirilməsi. Burada dövlət və xalq olaraq biz, seçkilərin ədalətli keçirilməsində xarici müşahidəçilərdən və beynəlxalq təşkilatlardan daha çox maraqlı olmalıyıq.
- Seçicilərin aktivliyi. Yəni, “mən seçkidə müəyyən formada iştirak etməsəm nəticələrə o qədər də təsir etməz” – fikrini hər bir seçici özündən kənarlaşdırmalıdır.
- Seçkiqabağı proseslərdə fəallıq. Namizədlərin təbliğat proseslərini izləmək, öz namizədinin müsbət keyfiyyətlərini məntiqlə ətrafındakılara izah etmək. Bu işdə qərəzsiz jurnalistlərin və ziyalıların, elm və sənət adamlarının üzərlərinə böyük məsuliyyət düşür.
- Kütləvi informasiya vasitələri tərəfindən bitərəf mövqe.Yəni, hər bir namizədə eyni şəraitin yaradılması, onların öz fikirlərinin seçicilərə çatdırılmasında kömək göstərmək, hətta ən “pis” namizədə də şərait yaradılmalıdır ki, onun fonunda “yaxşı”nı xalq seçə bilsin.
- İşgüzarlıq, dəqiqlik. Seçkinin keçirilməsi ilə məşğul olan əlaqədar təşkilatlar prosesin mükəmməl, ədalətli başa catması üçün yüksək səviyyədə işləməli, qanunlara dəqiq əməl etməlidirlər.
Seçkilərdə iştirak edən namizədin qələbə çalması bir sıra obyektiv və subyektiv kriterilər ödənilməlidir.
Obyektiv kriterilər:
1. Namizədlərin bütün seçki məntəqələrini əhatə edən ərazilərdə layiqli nümayəndələri olmalı, onun ideyalarının, platformasının cəmiyyətin bütün təbəqələrinə çatdırılmasına çalışmalıdırlar.
2. Seçkilərdə hazırlıq, seçki öncəsi və seçkidən sonrakı dövrlərdə lazım olan fəaliyyət növlərini qanunauyğun şəkildə vicdanla, məntiqlə, bacarıq və işgüzarlıqla həyata keçirə biləcək vahid seçki komandası olmalıdır.
3. Namizəd prezident seçilərsə, hansı komanda ilə işləyəcəyini göstərməlidir.
Namizəd bir məsələni unutmamalıdır ki, xalq təkcə onun özünə deyil, həm də komandasının hər bir üzvünə səs vermiş olur. Ona görə də bu komandanın üzvləri ictimaiyyət tərəfindən vicdanlı, vətənpərvər, intellektual və peşəkar səviyyəli kadrlar kimi tanınmalıdır.
Subyektiv kriterilər:
1. Seçkiqabağı platforması. Namizədin seçkiqabağı platforması aydın, reallığa uyğun, məntiqə və zəkaya söykənən əsaslar üzərində qurulmalı, özündə seçicilərin böyük əksəriyyətinin ümumi arzu və istəklərini ehtiva etməlidir. Seçici bu platformada namizədin keçmişdə, hazırda göstərdiyi fəaliyyətin hesabatını görməli, gələcək planlarını öyrənməlidir. Eyni zamanda, hər bir vətəndaş bu platformada şəxs olaraq özünün, millətinin, dövlətinin problemlərini görməli, onun həlli yollarını bilməlidir.
2.Namizədin ideyalarının söykəndiyi əsas prinsiplər. Hər bir prezidentliyə namizədin keçmiş, indiki və gələcək fəaliyyətini müəyyənləşdirən, onun ideyalarını formalaşdıran və uzlaşdıran mənbə olmalıdır. Bu mənbə milli dövlətçiliyə, azərbaycançılıq məfkurəsinə söykənməli, praktikada özünü doğrultmuş, ölkənin inkişafına səbəb olmuş prinsipləri özündə ehtiva etməlidir. Burada onun hansı siyasi irsin varisi olması önəmli məsələdir.
3.Namizədin keçmiş və indiki fəaliyyəti. Namizədin keçmişdə və indiki zamanda göstərdiyi fəaliyyət onun imicinin xalq arasında formalaşmasında böyük rol oynayır. Onun gələcəkdə nə cür fəaliyyət göstərəcəyi barədə seçicidə mühakimə yürütmək imkanı verir.
4.Şəxsi keyfiyyətləri. Hər bir namizədin seçkidə qələbə çalmağının əsas şərtlərindən biri onun şəxsi keyfiyyətləridir. Şəxsi keyfiyyətlər dedikdə, onun intellektual səviyyəsi, müasir dünyada gedən mürəkkəb prosesləri düzgün qavraması, gələcəkdə baş verə biləcək hadisələr barədə qabaqcadan mühakimə yürütmək bacarığı, demokratik fikirli, milli dövlətçiliyə sadəqətli, hər bir vətəndaşın prezidenti ola biləcək düşüncə tərzinə malik olması, natiqlik qabiliyyəti, xarizması, cəsarəti və qətiyyəti, öz komandasında birmənalı qəbul edilməsi, verdiyi vədlərə sadiq qalması, qanunlara riayət etmək və cəmiyyətdə özünə inam formalaşdırmaq bacarığı kimi dəyərlər nəzərdə tutulur.
Zənnimcə, qeyd etdiyim obyektiv və subyektiv kriterilər prezidentliyə namizədin qalib gəlməsini təmin edən əsas şərtlərdir. Göstərilən kriteriləri tətbiq etməklə 2018-ci il aprelin 11-də Respublikamızda keçiriləcək Prezident seçkilərinin nəticələrini məntiqi əsaslarla proqnozlaşdırmaq mümkündür.
Seçkilərdə qələbəni təmin edəcək kriterilər əsasında Prezidentliyə iddialı şəxslərin şanslarını qiymətləndirməyə çalışaq. Bu şəxsləri siyasi baxışlarına görə əsasən 4 qurupa bölmək olar: Müxalif düşərgədən olanlar, yarımmüxalifət və ya yarımiqdidar partiyalarının təmsilçiləri, müstəqil namizədlər və iqdidar YAP-nın namizədi. Müxalifət düşərgəsində həmişə Prezidentliyə iddialı şəxslərin bolluğu müşahidə edilib. Və Müstəqillik tariximizdə keçirilən bütün seçkilərdə bu iddialı qurup tərəfindən qəribə və məntiqə sığmayan ənənələr meydana çıxıb. Onlar ya seçkiqabağı müəyyən birliklər yaradır, ya seçkini nəticəlrini seçki başlamazdan əvvəl “qiymətləndirib” küsürlər, beynəlxalq təşkilatlara şikayət edirlər, ya da sadəcə seçkini öz aləmlərində “dondururlar”- baykot edirlər. Hakimiyyətə iddialı siyasi qüvvələr sekçilərdə təkbaşına qalib gələ bilməyəcəyini dərk edib müxtəlif adlar altında birləşməyə başlayırlar. Məsələn, 2008-ci ildə sadəcə Prezident seçkilərinə qatılmadılar. 2005-ci ildə “Azadlıq” bloku ilə milli məclisə keçirilən seçkilərə, 2013-cü ildə isə “Milli şura” adı altında Prezident seçkilərinə qatıldılar və ciddi məğlubiyyətə uğradılar. Çox vacib məsələlərdə yanıldılar. Siyası partiya sədirləri öz liderliklərini, tərəfdarlarının ümidlərini ideyaları, məqsəd və fəaliyyəti bulanıq, aydın olmayan yazıçı-rejissora asanlıqla, düşünmədən və ucuz qurban verdilər. Beləliklə siyasi karyeları üzərindən növbəti xətt çəkdilər. Seçkiqabağı birliklər yaradıb, məğlub olduqdan sonra isə günahı bir-birində görən bu qurup bir-birini xəyanətdə, səriştəsizlikdə və s. günahlandıraraq, növbəti seçkiyə qədər enerjilərini mənasız yerə sərf edirlər. Seçkilər gələndə isə xalq, Vətən və dövlət qarşısında nə kimi xidmətlər göstərdiklərini söyləməyə çətinlik çəkirlər. Seçkiqabağı platformalarını isə yerli-yersiz hakimiyyətin tənqidi, populist vədlər, seçkilərin saxtalaşdırılacağı kimi öncəgörmə fikirlər üzərində qururlar.
Qəribə ənənələr sistemi bu dəfə də pozulmadı. Respublika Prezidenti tərəfindən seçkinin vaxtının önə çəkilməsi müxalif düşərgənin dumanlı, soyuq bataqlığa bənzər ideyalar, məqsədlər və ümumi baxışlar sistemini daha da qarışdırıb, anlaşılmaz etdi. Normal məntiqlə vəziyyəti qiymətlədirib, daha sürətlə seçki prosesinə hazırlaşmaq əvəzinə, günlərlə məsləhətləmələr, konfranslar və s. keçirdilər. Bu da onu göstərir ki, siyasi proseslərə ləng reaksiya verməklə yanaşı, komandada heç vaxt yekdil rəy olmayıb. Nəhayət baxdılar ki, çox ciddi məğlubiyyət qaçılmazdır və yaşları ötür, təfrdarları ardıcıl uduzmaqdan bezib onları tərk edəcək, seçkiyə qatılmaqdan imtina etdilər. Bunun üçün təxmini məntiqlə belə izah edilə bilməyəcək, həqiqət yükü olmayan “arqumentlər” gətirdilər. Təbii ki bu cür anlaşılmaz, efemer köklərə bənzəyən əsaslarla fəaliyyət az saylı tərəfdarları və geniş xalq kütlələri tərəfindən təccüb, ironiya hissləri ilə qrşılanır. Futbolçu olduğunu iddia edirsənsə, topdan və meydançadan niyə qorxursan? Sıravi vətəndaşda təbii olaraq məşhur bir sual yaranır: Axı siz nə istəyirsiniz?
Demokrtatik dövlətin inkişafı üçün siyasi baxışların, ideyaların, strategiya və taktikaların rəqabəti zəruridir. Bu rəqabət iqdidarla müxalifət arasında getməlidir. Rəqabət, zidiyyət, müxtəliflik inkişaf, həyat deməkdir. Bərabər səthdə su axmır. Bu mənada güclü müxalifət azərbaycan cəmiyyətinə və dövlətçliyinə lazımdır. Yaxın tarix göstərir ki, seçkilər arası dövr üçün mükəmməl və real fəaliyyət planları olmayan, Seçkiqabağı platformaları özlərinə də aydın olmayan, ideyalarının söykəndiyi əsas prinsiplərdə müasirlik, milli dövlətçilki, Azərbaycançılıq məfkurəsinin elementləri elmi əsaslarla sistemli şəkildə təşəkkül tapmayan, keçmiş və indiki fəaliyyətlərində cəmiyyətin və dövlətçiliyin inkişafı baxımından faydalı iş əmsalı məhçul olan indiki müxalifət, öz fəzifəsinin öhdəsindən gələ bilmir. Bunların nəticəsidir ki, real müxalifət qüvvələri formalaşmır və seçkilərdə anlaşılmaz, qəribə davranışlar müşahidə edilir. Odur ki, qalib gəlmək üçün şərtlər sisteminin cəmi sıfıra bərabər olan iddiaçıların seçkidən imtina edib, etməməsi prosesin mahiyyətinə təsir edən amil deyil. Sıfıra istinad etmək olmaz. Olmayan bir nöqtədən, bəlli məkana gəlmək mükün deyil.
Deyilən bu fikirləri qismən və başqa müstəvidə yarımmüxalifət və ya yarımiqdidar partiyalarından olan və müstəqil namizədlərə də şamil etmək olar. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu kateqoryadan olan namizədlərin heç bir praktiki nəticəyə söykənməyən, ictimaiyyət üçün istiqaməti və hədəfləri bəlli olmayan fikir və mülahizələri xalq üçün o qədər də maraq kəsb etmir. Azərbaycanın gepolitik vəziyyəti, qlobalşan və siyasi-iqdisadi maraqların dinamik dəyişdiyi, beynəlxalq böhran nöqtələrinin çoxluğu fonunda istənilən yeni yol, ciddi əsaslandırılmamış, elmi, məntiqi müstəvidə yer almayan söz yığınlarını müdirik, analiz və mühakimə qabilliyəti ilə seçilən xalqımız riskli hesab edir. Dövləti idarə edən, onun komandası, ideyalar sistemi seçkiöncəsi qısa zamanda deyil, uzun zamanda təkamül keçməli, formalaşmalıdır. Yəni, şahmatçı güclü rəqiblə oynamazdan əvvəl fiqurları tanımalı, neçə dama olduğunu bilməlidir.
Bütün bunlar nəzərə alınarsa, İlham Əliyevin 20018-ci il 11apreldə keçiriləcək prezident seçkilərində növbəti dəfə qələbə çalması zərurətdən doğan nəticə olacaqdır. Ona görə ki, seçkilərdə qələbəni təmin edəcək əsas kriterilər tamamilə ödənilmişdir. Bunun konkret səbəblərini göstərək:
- Seçkiqabağı platforması özündə dövlətə rəhbərliketyi dövürdə görülən işlərin hesabatı, gələcək fəaliyyətin istiqamətləri, hər bir vətəndaşın mənafeyini ifadə edəcək, respublikanın hər sahədə inkişafına səbəb olacaq elmi əsaslara söykənmiş islahatları, layihələri əks etdirir.
- İdeyalarının söykəndiyi əsas qaynaqlar müstəqil Azərbaycan dövlətinin banisi, dövrünün nəhəng siyasətçisi, böyük öndər Heydər Əliyevin ümumbəşəri və milli dəyərlərə söykənən siyasətinin əsas fəlsəfi prinsipləridir. Hansı ki, bu prinsiplər özünü praktikada doğruldub. Onun sayəsində keçən əsrin 90-cı illərinin əvvələrindəki vətəndaş müharibəsi astanasında olan, xaosun hökm sürdüyü, əraziləri işğal olmaqda davam edən Azərbaycan bugünkü iqtisadi cəhətdən inkişaf etmiş, dünyada qabaqcıllar sırasında yeri və sözü olan bir dövlətə çevrilmişdir;
- İlham Əliyevin indiyə qədər göstərdiyi fəaliyyət şəffafdır, ictimaiyyətə hərtərəfli bəllidir. Onun ARDNŞ –ın vitse-prezidenti, millət vəkili, MOK-un prezidenti, Baş nazir və prezident kimi göstərdiyi bütün fəaliyyət formalarının əsasında Vətənə, xalqa, dövlətə bütün bilik və bacarığı ilə böyük zəhmət sərf edərək xidmət etmək durur. Onun Azərbaycan dövlətinə, vətəndaşıarına göstərdiyi xidmətlər cəmiyyətə bəllidir. Onları bir-bir sadalamağa ehtiyac yoxdur;
- Prezident İlham Əliyevi təkcə Azərbaycan xalqı deyil, bütün region və dünya yüksək intellektli, xarizmatik xüsusiyyətlərə malik, verdiyi vədlərə sadiq, mürəkkəb situasiyalarda balanslaşdırılmış, incə və çevik siyasət yürütməyi bacaran, demokratik dünyagörüşlü mahir siyasətçi, böyük dövlət adamı kimi tanımışdır. O, bu xüsusiyyətlərinə görə, həqiqətən, müasir dünyada seçilən və sayılan dövlət başçılarından hesab edilir.
- Prezident İlham Əliyevi regionda və dünyada sabitləşdirici, millətlər, siviliyasiyalar və mədəniyyətlər arasında vəhdətin, dostluğun və sülhün qarantı ola bilən nadir dövlət başçılarındandır.
Seçkidə qalib gəlmək üçün əsas rol oynayacaq subyektiv kriterilərin İlham Əliyevdə tam ödənilməsi onun 2018-ci il prezident seçkilərində ən layiqli və şanslı namizəd olacağını əvvəlcədən söyləməyə əsas verirdi. Ən layiqli və üstün keyfiyyətlərinin seçilməsi xalqın seçkidə qələbə çalması, cəmiyyətin və dövlətin hərtərəfli tərəqqisi deməkdir.
Ənənəvi müxalifətin əvvəlcədən nəticələri aydın görünən bu seçkiləri “boykot” etməkdən savayı çarəsi qalmamışdı. 2003-cü il prezident seçkilərində məğlubiyyətlərini iğtişaşlarla ört-basdır etməyə çalışan, Milli Məclisə 2005-ci il seçkilərində çox ciddi məğlub olan, 2008-ci il prezident seçkilərində istirahət etməyi üstün tutan, 2013-cü ildə ciddi seçki kampaniyası aparmaq əvəzinə kiminsə gəlməyini gözləməklə, ikili vətandaşlıq məsələsini xalqın ən vacib problemi kimi müzakirə etməklə keçirən müxalifət öz varlığını simvolik olaraq saxlamaq üçün seçkidən imtina etdi. Bu, onların siyasət aləmində var olmasını göstərən yeganə yol idi.
Seçkidən imtina edən siyasi partiyaların içərisində seçkiyə qatılmaq istəyən şəxslər və ya qruplar da var idi. Əsasən, imtina tərəfdarı olan liderlər və onların ətrafının sözləri keçdi. Bunun səbəbi odur ki, labüd məğlubiyyət onların tutduqları postdan birdəfəlik getməsi demək idi. Buradan görünən isə o idi ki, bu partiyalar, bir qayda olaraq, demokratiya illuziyası yaratsalar da,əslində, avtoritar qaydalarla idarə edilir. Bu liderlər çayxanada öz həmkəndlilərini hər gün şahmatda udaraq qürrələnən şahmat həvəskarının qroysmesterlə oynamaqdan imtina edib, pərt olmuş vəziyyətdə öz tərəfkeşlərinə “oynamadım, deməli uduzmadım” fəlsəfəsinə bənzər ideyaları ilə seçkiyə qatılmadılar.
Prezident İlham Əliyevin “müasirləşmənin hüdudları yoxdur” sözləri müxalifət üçün də aktuallıq kəsb edir. Müxalifət artıq dərk etməlidir ki, hazırki liderlərlə, kadrlarla, indiyə qədər istifadə etdikləri taktika və strategiyalarla irəli getmək mümkün deyil.
Fikrimcə, müxalifətin müasirləşməsi, islahatların aparılması labüddür, qaçılmazdır və vacibdir. Müasirləşmə və islahatlar təkcə müxalifət üçün deyil, bütün siyasi partiyalar, hakimiyyət təmsilçiləri, cəmiyyət üçün aktuallaşıb. Qloballaşan dünyaya, Avroatlantik məkana, sivilizasiyalara inteqrasiya üçün sağlam, keyfiyyətli və yaxşı köklərin üzərində yeni pöhrələrin əmələ gəlməsi mühüm əhəmiyyət kəsb edir.
İlham Əliyev prezidentliyi dövründə böyük öndərin başladığı bütün işləri intellekt, peşəkarlıq, böyük zəhmət hesabına vətəndaşa,Vətənə, dövlətə sevgi motivləri ilə davam etdirdi. Regionda və dünyada Azərbaycan vaxtilə Heydər Əliyevin arzuladığı kimi söz və hörmət sahibi olub. Bunu şərtləndirən əsas amil kimi balanslaşdırılmış, incə xarici siyasi kursu və sürətlə inkişaf edən iqtisadi potensialı göstərmək olar. Obrazlı desək, Azərbaycan dünyada intellektli, zəngin gənc cəmiyyət içində necə varsa, o cür görünür.
Böyük öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən zaman nöqteyi-nəzərindən məntiqin göstərdiyi sürətdən daha intensiv şəkildə davam etdirilir.Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Bizim son illlər ərzindəki təcrübəmiz onu göstərir ki, nəyi planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə onu icra etmişik. Və çox hallarda vaxtından tez etmişik...”
Bütün bunları qısaca olaraq ona görə xatırladırıq ki, sadə bir riyazi hesablama aparaq. Müxtəlif siyasi baxışlara, dünya görüşünə malik hər bir kəs səmimi olaraq özlüyündə düşünsün ki, Azərbaycan vətəndaşının, cəmiyyətinin hərtərəfli inkişafında, milli dövlətçilik şüurunun formalaşmasında, dövlətin yaranmasında və inkişafında , beynəlxalq münasibətlərdə qurulmuş əlaqələrdə, inkişaf etmiş iqtisadiyyatda, makroiqtisadi infastruktur sistemində,respublikanın bütün bölgələrində, eləcə də, Bakının və böyük şəhərlərimizin indiki görkəmini müəyyənləşdirən çox elementli mahiyyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinin nəticələrini-yəni onların etdiklərini çıxdıqda yerdə nə qalır?
Bax bu sualın cavabı və Azərbaycan xalqının Şərqdə ilk demokratik dövlət qurmağı bacaran müdrik, incə duyumlu xalq olduğunu nəzərə alsaq, 2018-ci il 11 apreldə keçeiriləcək prezident seçkilərinin nəticələrinin hansı reallığa, zəkaya, məntiqə söykənən zərurətdən yaranacağı aydınlaşmış olar.
Sadıq Qarayev,
AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.ü.f.d., dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Şərhlər