İRAN ŞİMAL SƏRHƏDDİNDƏN ARXAYIN OLMAQ İSTƏYİR
22.02.2018 16:01 A-reaksiya 1749
Iranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycanda səfərdə oldu. İranlı nazir əvvəlcə prezident İlham Əliyev, daha sonra müdafiə naziri Zakir Həsənovla görüşdü. Maraqlıdır ki, Əmir Hatəmi müdafiə naziri vəzifəsinə yeni təyin olunub və ilk xarici səfərini Azərbaycana reallaşdırıb. Onu da qeyd edək ki, Əmir Hatəmi əslən azərbaycanlıdır.
Müdafiə nazirləri Bakıda əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər. Regiondakı hərbi-siyasi vəziyyətdən danışan Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Iranın müdafinə nazirinin azərbaycanlı həmkarıyla görüşdə iki fikri diqqəti cəlb edib:
Birincisi, iranlı nazir deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəkləyir. İran rəsmiləri azərbaycanlı həmkarlarıyla görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini hər zaman qeyd edirlər. Ancaq İranın eyni rəsmiləri İrəvanda olanda “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” ifadələrini səsləndirmirlər. Belə nümunə yoxdur. Məsələnin digər tərəfi də maraqlıdır: Ermənistan rəsmiləri iranlı nazirlərin Azərbaycanı dəstəkləyən açıqlamalarından narahat olmurlar. Düşünürlər ki, onsuz da Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində balansı Azərbaycanın xeyrinə pozmayacaq.
İranın müdafiə nazirinin ikinci fikri daha maraqlıdır: “İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır”.
Sonuncu cümlə nə məna daşıyır? Azərbaycanın müdafiə qabiliyyətinin artırılması işğalçı Ermənistanı məğlubiyyətə uğratmaq məqsədi daşıyır və bunu İranın müdafiə naziri də bilir. İranın müdafiə naziri bunu bilə-bilə Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdırmı? Yoxsa Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından və alınan silahlardan narahat olduğuna görə Bakı ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir?
İran az sayda olsa da, müxtəlif silahlar istehsal edir. Azərbaycanın İrandan silah alması da istisna deyil, bir şərtlə ki, həmin silahlar yüksək keyfiyyətlərə cavab versin. Azərbaycan ordusunda həm İsrail, həm də İran silahlarının varlığı rəsmi Bakının balanslaşdırılmış xarici siyasətinə də uyğun olar.
İranın müdafiə nazirinin ilk xarici səfərinin Azərbaycana reallaşdırmasının başqa əhəmiyyəti də var. İran şimal sərhəddindən arxayın olmaq istəyir. Çünki Suriyada müharibə davam etdikcə İranın İsrail və ABŞ-la münasibətləri getdikcə gərginləşir. ABŞ və İsrail İranı Suriyadakı müxtəlif silahlı qruplara dəstək verməkdə, o cümlədən İsraili təhdid etməkdə ittiham edir. Tehran bu ittihamları rədd etsə də, vəziyyət sabitləşmir. Bugünlərdə başa çatan Münhen Təhlükəsizlik Konfransında İrana iki xəbərdarlıq mesajı ünvanlandı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster İrana qarşı hərəkət keçməyin vaxtı gəldiyini dedi. Ondan sonra çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu da eyni sözləri təkrarladı. Buna görə də İran təhlükəsizlik tədbirlərini gücləndirmək məcburiyyətindədir. ABŞ və İsrail Azərbaycana dost və tərəfdaş dövlətlərdir. Rəsmi Bakı Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının İrana qarşı yönəlmədiyini hər dəfə vurğulasa da, iranlı rəsmilər bunu hər dəfə yerində yoxlamaq istəyirlər.
“Atlas” Araşdırmalar Mərkəzi
Şərhlər