Pənah Hüseyn: “Əsas maraqlı proseslər seçkidən sonradır”
04.04.2018 12:06 A-reaksiya 1702
“Sərdar bəy istedadlı adamdır, lakin çərçivə ona da mane olur”
Prezidentliyə namizədlərin İTV-də ödənişsiz efir vaxtı dünən başa çatdı. Namizədlərdən kimin hansı mövqedə olduğu bu debatlarda bir daha ortaya çıxmış oldu.
AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirib ki, çıxışları izləyib və ADP-nin namizədi Sərdar Cəlaloğlunun üstün olduğu qənaətinə gəlib:
“Namizəd qismində çıxış eləyən şəxslərin və onların nümayəndələrinin çıxışlarının əksəriyyətinə baxmışam. Sözün doğrusu, xüsusi siyasi həyəcan olmasa da və seçkinin mahiyyəti ilə bağlı hansısa bir gözləntim olmasa da, amma hər halda, bir siyasətçi olaraq çıxışları izləmək mənim üçün maraqlıdır. Sizə səmimi deyim ki, bütün əvvəlki seçkilərlə müqayisədə ən sönük məhz bu seçkilərdir. Ən azı müəyyən təhlillər üçün İTV-də gedən debatların əksəriyyətinə baxmışam. İlk üçüncü debatdan sonra, sözün doğrusu, mənim də marağımda bir xeyli azalma baş verdi. İlk debatlarda Hafiz Hacıyevin çıxışları müəyyən marağa səbəb olmuşdu. Amma sonra çıxışlarında çox bərbad dönüş baş verdi. Mən səmimi deyirəm ki, bununla da Hafiz Hacıyevi demək olar ki, sıradan çıxardılar. Sonuncu çıxışları onu, məncə, ictimai rəyin fokusundan kənara qoydu. Sərdar Cəlaloğlunun çıxışları isə əlbəttə ki, müəyyən çərçivə daxilində olsa da normal çıxışlardır. Sərdar bəy istedadlı adamdır, lakin çərçivə ona da istedadını, imkanını tam olaraq nümayiş etdirməyə mane olur. Amma hər halda, özünü nə qədər sıxsa da, Sərdar Cəlaloğlu maraqlı məsələlərə toxunur. Qalan namizədlər isə yəqin onlar özləri də razılaşar ki, yaddaqalan bir şey yoxdur”.
Sərdar Cəlaloğlunun debatda onu müdafiə etməsinə Pənah Hüseynin münasibətinə gəlincə, AXP sədri ADP sədri ilə şəxsi dostluq münasibətlərinin olduğunu dedi: “Sərdar bəylə siyasətçi münasibətlərdən əlavə şəxsi dostluq münasibətlərimiz var. Sərdar Cəlaloğlu və ADP ilə zaman-zaman müttəfiqlik, əməkdaşlıq münasibətlərimiz olub. Məni müdafiə etdiyi üçün ona təşəkkür edirəm. Hesab edirəm ki, Sərdar Cəlaloğlu, ümumiyyətlə, bir halda ki, seçkidə iştirak edir, debatda çıxış edir, oradakı çıxışlara münasibət ifadə eləməsi doğrudur. Orada müxalifətə qarşı etikaya uyğun olmayan hücumlara cavab vermək Sərdar bəyin üzərinə düşür.
Orada baş nazirin müavini, YAP-ın rəhbərliyinə daxil olan şəxs oturub və onun gözünün qarşısında etikaya uyğun olmayan ifadələr siyasi qüvvələrə qarşı işlədilir. Lakin bu adam bu məsələyə bir kəlmə də olsun münasibət bildirmir. Onun bu davranışı əslində çox şeyi deyir. Sərdar Cəlaloğlu bu susqunluğa da öz münasibətini bildirmişdi".
P.Hüseyn Sərdar Cəlaloğluna dəstək verib-verməyəcəyi barədə isə bunları dedi: “Sərdar bəylə görüşümüz, danışıqlarımız olub. Seçkiyə münasibətdə mövqelərimiz fərqlidir. Amma mən Sərdar Cəlaloğlunun və partiyasının seçkidə iştirak etmək haqqında qərarlarına hörmətlə yanaşdığımı bəyan eləmişəm. Prinsipcə hesab edirəm ki, İTV-dəki debatların da qalibi Sərdar bəydir. Sərdar Cəlaloğlunun əslində siyasi çəkisi elədir ki, mən bu seçkilərdə iştirakına birmənalı münasibət bəsləməmişdim. Sərdar Cəlaloğlu debatlarda hökuməti çox ciddi, arqumentli tənqidlərə məruz qoydu. Müxalifətə səs vermək üçün seçki məntəqələrinə gələnlər olacaqsa bu çıxışlarına görə Sərdar Cəlaloğluna səs verəcəklər. Mən hesab edirəm ki, məsələyə ümumi yekun vurmaq üçün seçkinin sonunu gözləyək, seçkinin nəticələrinə münasibət daha konkret aydın olandan sonra Sərdar Cəlaloğlunun bu seçkilərdə iştirakına da yekun qiyməti onda verəcəyik. Müsavat Partiyasının başqanı ilə görüşməsi və ona dəstək verilməməsinə gəldikdə, bu da Müsavatın mövqeyidir və buna da normal yanaşmaq lazımdır. Çünki Müsavat Partiyası bu seçkilərə münasibətini əvvəldən ifadə edib. Bizim də mövqeyimiz Müsavat Partiyasının mövqeyi ilə üst-üstə düşür”.
“Seçkidən sonrakı prosesləri necə proqnozlaşdırırsınız” sualına isə Pənah Hüseyn belə cavab verdi: “Hazırda cəmiyyəti daha çox iqtidarın özünün daxilindəki proseslər, iqtidarın özünün ölkənin daxilində olan problemlərə, xarici aləmdə baş verən çağrılara adekvat cavabının olub-olmayacağı maraqlandırır. O baxımdan da mən hesab eləmirəm ki, seçkilər prosesi yekunlaşdırır və 7 il üçün hər şeyə nöqtə qoyulur. İqtidar bu növbədən kənar seçkiyə getməklə, əlbəttə, özünün müəyyən problemlərini həll edib. Lakin əsas problemlər öz aktuallığını saxlayır. O baxımdan da ölkədəki proseslərin dramatikliyi heç də seçkinin bitməsi ilə azalmayacaq. Əsas maraqlı proseslər, maraqlı hadisələr qarşıdadır, seçkidən sonrakı dövrə aiddir”.
Şərhlər