Türkiyə Suriya və İraqdan sonra Dağlıq Qarabağa yönələ bilər
09.04.2018 11:07 A-reaksiya 1703
Nəzakət Məmmədova: “Bu yaxınlaşmanın Qarabağ probleminin həllinə təsirsiz olacağını demək olmaz”
Türkiyənin Suriya və İraqda apardığı əməliyyatlar başa çatandan sonra Ankaranın diqqətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələcəyi ehtimalı artıb. Tarix boyu milli problemlərimizdə yanımızda olan qardaş ölkənin Rusiya ilə yaxın əlaqələrindən istifadə edəcəyi bildirilir.
Dağlıq Qarabağ probleminin həllində əsas rolun Rusiyada olduğu heç kəsə sirr deyil. Bu baxımdan qardaş ölkənin Kremllə yaxın əlaqələrinin Azərbaycanın yalnız xeyrinə işlədiyi, gələcəkdə bu əlaqələrin Azərbaycana ciddi töhfələr verəcəyi vurğulanır.
Politoloq Nəzakət Məmmədova Rusiya-Türkiyə yaxınlamasının Dağlıq Qarabağ məsələsinə təsirsiz ötüşməyəcəyini düşünür: “Doğrusu, bu ehtimal var, lakin o qədər də yüksək deyil. Çünki Türkiyə və Rusiyanın ciddi tarixi-geosiyasi rəqabətləri olub və bu, hazırda Suriyadakı ümumi maraqlara görə arxa plana atılıb. Suriyada ABŞ-ın və ümumilikdə Qərbin, eləcə də Səudiyyə, İsrail və başqa dövlətlərin maraqları ilə Türkiyə və Rusiyanın maraqları ziddiyyət təşkil edib, buna görə də bu iki dövlət müttəfiqlik münasibətləri qurublar. Ancaq bunun daimi ittifaqa çevrilməsi müşkül məsələdir. Çünki həm Türkiyə, həm də Rusiya regionda hegemonluq uğrunda mübarizə aparır. Onlar imperiya dövlətləri olduqlarını unutmur və bununla fəxr edirlər. Putinin rus çarları, Ərdoğanın Osmanlı sultanlarını örnək aldığı iddia olunur. Belə bir şəraitdə onların müttəfiq olacağı inandırıcı deyil. İmperiyalar müttəfiq olmurlar, onlar müvəqqəti olaraq daha güclü imperiyaya, bu halda ABŞ-a qarşı birləşirlər. Əgər Türkiyə və Rusiya daimi müttəfiq olmaq istəsəydilər, bu, çox böyük geosiyasi dəyişiklik demək olardı.
Bu da Avrasiyaçılığın reallaşması demək idi. Lakin Türkiyənin ABŞ-la dialoqa can atması, məsələn, Ankarada keçmiş dövlət katibi Tillersonla görüşdə bəzi razılaşmaların əldə olunması, Türkiyənin NATO-da qalmağa davam etməsi göstərir ki, Türkiyə birmənalı surətdə Atlantik əməkdaşlıqdan imtina etməyib və bu, onun tam Rusiya ilə yaxınlaşmadığını göstərir. Bu da o anlama gəlir ki, Qarabağ məsələsinə təsir inandırıcı deyil. Türkiyə Rusiyaya elə bir şey təklif etməli, elə bir güzəştə getməlidir ki, o, Qarabağdan imtina etsin. Amma nə təklif edə bilər? Nəyin müqabilində Rusiya Türkiyəyə görə Qarabağdan əl çəkə bilər? Lakin birmənalı surətdə də bu yaxınlaşmanın Qarabağ probleminin həllinə təsirsiz olacağını da demək olmaz. Burada ən əsası odur ki, ermənilərin Rusiyaya etimadı azalır. Onlar gördülər ki, Rusiya heç də onların təsəvvür etdiyi kimi, Türkiyəyə qarşı daim möhkəm şəkildə onların arxasında dayanmır. Lazım gələndə müttəfiq də olur, Türkiyə və Azərbaycana silah da satır. Yəni, aradakı etimad zəiflədi, şübhə toxumu səpildi və ermənilər gördülər ki, onlar heç də özlərinin təsəvvür etdiyi kimi Rusiya üçün olduqca qiymətli müttəfiq deyillər. Rusiyaya Türkiyə lazım olanda ruslar erməniləri arxa plana ata bilirlər”.
Politoloq mövcud durumda Azərbaycanın vəziyyətindən də söz açdı: “Bu vəziyyətdə Azərbaycanın vəziyyəti daha üstündür. Türkiyə daima Azərbaycanın yanındadır, Rusiya isə lazım olanda Ermənistanın bütün narazılığına rəğmən, onun maraqlarına zidd addımlar atır. Azərbaycanın müttəfiqi Türkiyə daha etibarlıdır. Türkiyə prezidenti Ərdoğan bütün platformalarda Qarabağ məsələsini gündəmə gətirir. Hətta Soçidə də Putinlə bu məsələni xüsusi müzakirə etmişdi. Lakin Qarabağ Rusiyanın Cənubi Qafqaz siyasətinin ayrılmaz hissəsidir və nə qədər ki, o, imperiya ambisiyalarına əsaslanan siyasət yürüdəcək, bu məsələ öz həllini tapmaqda çətinliklə üzləşəcək. Bununla belə, Rusiya-Türkiyə ittifaqı uzunmüddətli olarsa, bu, Ermənistandakı Rusiya hərbi bazasının əhəmiyyətini azalda bilər. Çünki bir NATO ölkəsi olan Türkiyə istiqamətindən təhlükə gəlmədiyi üçün Rusiya üçün daha az əhəmiyyətli olar. Bu da Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığının müəyyən dərəcədə zəifləməsinə, daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində davam etməsinə gətirib çıxara bilər. Ən əsası isə odur ki, tarixdə Türkiyə və Rusiya heç zaman bu qədər yaxın olmayıb və daima Rusiya tərəfindən Türkiyəyə qarşı istifadə olunan ermənilərin də forpost dövlət və əlaltı xalq kimi əhəmiyyəti ruslar üçün azala bilər. Lakin Qarabağ ona görə işğal olunmayıb ki, ruslar bunu ermənilərə görə ediblər. Rusiya bununla Ermənistan və Azərbaycanı təsirində saxlamaq üçün istifadə edir. Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olub Rusiyayönümlü siyasət yeritsə, bu məsələ bizim xeyrimizə həll olunacaq və Ermənistanın etirazına baxan olmayacaq. Sadəcə bu, Azərbaycanın real müstəqilliyinin sonu olacaq və Azərbaycan buna getmək istəmir. Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olsaydı, birbaşa problemin həllində söz sahibi ola bilərdi. Amma nə Rusiya, nə Ermənistan buna imkan verir”.
Şərhlər