Qarabağın azadlığına Kərkidən başlayaqmı?

09.04.2018 12:13     A-reaksiya     1568

Son illərdə əmin olduğum bir məsələ var: Ermənistan mediası əslində işğalçı ölkənin həyata keçirəcəyi təxribatların müjdəçisi rolunda çıxış edir. Məsələn, xəbər yayırlarsa ki, Azərbaycan ordusu Ermənistanın yaşayış məntəqələrini atəşə tutub, deməli, həm ordumuz, həm də sərhədyanı ərazilərin sakinləri olduqca ayıq olmalıdırlar, nə isə plan var. Ya da sadəcə, düşmən öz günahını ordumuzun adına yazmaq üçün hərəkətə keçib.

Bazar günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan xəbər yayıb ki,  guya aprelin 7-dən 8-nə keçən gecə Azərbaycan ordusu Naxçıvan istiqamətindən atəşkəs rejimini pozub və “cavab atəşindən sonra susub”.  Erməni mənbələrindən bu xəbəri oxuyan kimi Azərbaycan Müdafiə Nazirliyinin saytına baxdım. 8 aprel saat 09.30 xəbərində qeyd olunurdu ki, düşmən sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub, həm də dövlət sərhədi boyunca.

Ancaq rəsmi xəbərdə Naxçıvan məsələsi yox idi. Nazirliyin mətbuat xidməti ilə də danışdım. Dedilər ki, baş verənlər rəsmi məlumatda əksini tapıb. Deməli, təxminlərimizdə haqlıyıq, düşmənin növbəti məkri var. Əks təqdirdə 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində 67 nəfəri qətlə yetirən, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadını diri-diri yandıran bu şərəfsizlər həmin hadisənin ildönümündə “ay aman, qoymayın, Naxçıvandan bizə atəş açırlar” şivəni qoparmazdı.

Eyni vaxtda Ermənistanda hakim koalisiyanın ortağı olan Daşnaksütun partiyasının lideri Kiro Manoyanın Naxçıvanla bağlı hay-küy salması da təsadüf sayılmamalıdır. Naxçıvan məsələsində Azərbaycanın Türkiyə ilə birgə hərəkət etdiyini deyən erməni deputat bildirib ki, Naxçıvan məsələsində diqqətli olmaq lazımdır.

Naxçıvan məsələsinin gündəmə gətirilməsində Ermənistanın bir neçə məqsədi ola bilər: 1. Serj Sərkisyanın təbirincə desək, Qarabağ məsələsi “həll olunub” və növbədə digər məsələlərdir. 2.Erməni tərəf Qars müqaviləsinin şərtlərinə görə Türkiyə və Azərbaycanın Naxçıvanda birgə hərəkət edəcəyini bildiyindən qabaqlayıcı tədbirlər görmək istəyir. 3.Naxçıvan məsələsi ola bilsin bu həftə baş nazirliyi qamarlamaq istəyən Serj Sərkisyanın dəstəsi tərəfindən məqsədli şəkildə ortaya atılıb ki, yerli əhalini təşvişə salaraq kürsünü zəbt eləsin. Axı, söhbət İrəvanın 50 km-liyindəki Naxçıvandan gedir.

Digər versiyalar da ola bilər. Bəlkə də rusa arxalanıb hansısa təxribata hazırlaşırlar Naxçıvan tərəfdən. Amma əslində Ermənistanın heç bir arqumenti Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz. Fakt budur ki, Azərbaycanın Naxçıvan istiqamətindən də ərazisi işğal olunub - Qars müqaviləsinin şərtləri pozulub! Düz 28 ildir! Ermənistan işğala 1990-cı ilin 18 yanvarından başlayıb, imperiyanın 7-ci ordusunun köməyi ilə Sədərək rayonunun Kərki kəndini zəbt etməklə! 1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində ərazisi daxilində anklav vəziyyətə düşən kəndi...

Türkiyənin Azərbaycana, Naxçıvan bölgəsinə hər cür dəstəyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun güclənməsi işğalçıda təşvişi artırır. Düzdür, ermənilər iddia edir ki, Naxçıvandan hücum olsa, Rusiya işə qarışacaq, həm də Ermənistan “bütün arsenalını” işə salacaq. Amma güvəndikləri Rusiya da Türkiyə ilə yaxın münasibətlərdədir, bu, satqın düşməni çox narahat edir, “birdən Bakı və Ankara anlaşar” deyə.

Kərki sakinləri indi Kəngərli rayonundakı Yeni Kərki kəndində məskunlaşıb və Qars müqaviləsinin icra gününü gözləyirlər. Ermənilərsə Kərkidə məskunlaşıb, adını “Tiqranaşen” qoyublar.

Bu gün təkcə Dağlıq Qarabağ və ətraf 7 rayon işğalda deyil. Kərki kəndi ilə yanaşı, Qazağın Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Qızıl Hacılı və Xeyrimli kəndləri də işğal altındadır. Ancaq bu kəndlərin taleyi barədə nəinki BMT-də danışılmır, hətta Minsk Qrupunun turist həmsədrləri ilə görüşlərdə də diqqətdən kənarda qalır.

Qarabağın azad olunmasına Kərkidən başlamağa tam haqqımız var. Türkiyənin prosesdə iştirakı Ermənistanı Qarabağdan da geri çəkilməyə vadar edə bilər. Bəlkə elə Qarabağın açarı Kərkidədir, ötən əsrin sonlarında ermənilərin ilk zəbt etdiyi kəndimizdə. Bir də nə vaxta qədər biz Naxçıvana “İran yolu” gedəcəyik, Cəbrayılın viran qalmış kəndlərinə baxa-baxa?!(musavat)

Reaksiya.az

Şərhlər