İsrailli politoloq: "Ermənistan terror təhlükəsi yaradır"

10.04.2018 14:59     A-reaksiya     1538

"Ermənistan Azərbaycan üçün terror təhlükəsi yaradır."

"Report" xəbər verir ki, bunu Azərbaycan-İsrail münasibətlərinə dair "dəyirmi masa" zamanı israilli politoloq Yuri Boçarov deyib.

"Müharibə olmayan zaman (ermənilər) niyə atış açırlar, niyə təxribata əl atırlar? Bilirsiniz, bir çox terror təşkilatları kiminsə tərəfindən maliyyələşdirilir və onlar aldıqları pulun qarşılığını verməlidirlər. Bu baxımdan çox oxşar vəziyyətdəyik, biz öz vətəndaşlarımızı qoruyuruq və buna tam hüququmuz var", - o bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan və İsrail strateji tərəfdaşdır və bu cür sıx əməkdaşlıq bəzi üçüncü ölkələri qıcıqlandırır.

Y.Boçarov Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini vurğulayıb.

İsrailin Homsdakı aviabazaya endirilən aviazərbələrlə əlaqəsinin olub-olmaması ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, İsrail Suriyada Bəşşər Əsəd rejimi ilə yox, İranın terror qruplaşmaları ilə mübarizə aparır.

"İsrail Suriyanın bütövlüyünə qarşı deyil, biz orada tamhüquqlu rəhbərliyin olmasını istəyirik. Suriya ilə 30 illik müharibə ərzində bizim sərhədimizdə heç bir təxribat olmayıb. Böyük ölçüdə, Suriya və Əsədə qarşı iddiamız yoxdur, biz İrana qarşıyıq. Bəli, bombardman olub, bəlkə də bizimkilər tərəfindəndir, amma sual yaranır: orada İranın pilotsuz uçan aparatlarının nə işi var idi və bombardmana 4 saat qalmış necə Rusiya aviabazanı tərk etdi?", - o diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər