"KREML MÜDAXİLƏ EDİB, ERMƏNİSTANDA YENİ HAKİMİYYƏT FORMALAŞDIRACAQ" - AÇIQLAMA
24.04.2018 15:56 A-reaksiya 1548
"Serj Sarkisyanın istefasını Ermənistanın Rusiyadan əldə etdiyi müstəqillik kimi dəyərləndirənlərlə qəti razı deyiləm”.
Bunu "Sherg.az”a millət vəkili Zahid Oruc deyib.
O diqqətə çatdırıb ki, Sarkisyanın istefası barədə real vəziyyət tamamilə fərqlidir:
"Ermənistanın qərbpərəst qüvvələri həqiqətənmi cəmiyyətdə güclü dayaqlara malikdirlər? İqtidarı hakimiyyəti tərk etməyə məcbur edəcəkləri təqdirdə, baş nazir vəzifəsini ələ keçirə bilərdilərmi? Əsla belə deyil!
Etirazlara başçılıq edən Nikol Paşinyan sərt müxalif mövqeyinə rəğmən, ideoloq, güclü siyasətçi deyil. Hakimiyyətin hazırkı profilində parlamentin, hökumətin və iqtisadi qrupların yetərincə haqdan kənar formalaşdığını nəzərə alsaq, hələlik etirazçılar bir şəxsin iqtidarına son qoyublar. Bu məsələdə isə Azərbaycanın uzun onilliklər apardığı siyasətin rolu olub. Qarabağı ələ keçirib, hakimiyyəti işğal etməklə uzun illər xalqı əsarətdə saxlamağa səbəb oldu. Nəticə etibarı ilə, Rusiya da Qafqazlarda öz iqtidarını Ermənistan vasitəsilə formalaşdırdı. Sarkisyanın varlığı da Kremlə bağlı idi.
İndi sadə xalq öz aləmincə kütlə inqilabını həyata keçirir. Bir çoxları deyir ki, bu, geopolitik savaşdır, Avropa Birliyi ilə razılaşdırılmış sənədlər, Brüssel sammiti, Qərbdən alınacaq böyük vəsaitlər guya burada rol oynayır. Mən bu fikirləri qəbul etmirəm”.
Zahid Oruc hesab edir ki, Serj Sarkisyan Azərbaycan torpaqlarını işğal etmək müqabilində əynindəki hərbi səhra komandiri formasını prezidentlik libası ilə dəyişdi. Bir müddət xalqını çapıb taladıqdan sonra etirazlardakı ittihamlara layiq duruma çatdı:
"O, elə bütün xalq qarşısında səhv etdiyini anladı. Halbuki əsl inqilab sabah olacaq. Bu gün Razdan meydanında böyük eyforiya içərisində qələbə paradını qeyd edənlər, orduya inanalar, oturuşmuş cinayətkar sistemi devirənlər sabahkı inqilabın qarşısında aciz olacaqlar. Bu inqilab nəticəsində, Kreml proseslərə müdaxilə edərək, Ermənistandakı yeni hakimiyyəti formalaşdıracaq. Bəlli olacaq ki, devrilən yalnız bir şəxs oldu, üsul-idarə isə yaşayır.
Gümrü hərbi bazası oradakı hakimiyyətin canı, qanı, hətta başının üzərindəki "Demokl qılıncıdır”. Sərhəd qüvvələri isə bütövlükdə Rusiyanın inhisarı altındadır. Nəhayət, iqtisadiyyat bütövlükdə Moskvaya təslim edilmiş vəziyyətdədir. Ona görə, Kreml bu gün edilən inqilabın nəticəsini sabah, özü bildiyi kimi yazacaq”.
Şərhlər