Ölkədaxili turizmin hazırki vəziyyəti
07.08.2015 12:39 A-reaksiya 1740
Bu ilin iyul ayında 160 min 285 nəfər Azərbaycan vətəndaşı müxtəlif məqsədlərlə Gürcüstana gedib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bugöstərici 7,9 faiz çoxalıb. Gürcüsatana üz tutanların çoxusu məhz istirahət məqsədilə qonşu ölkəyə yollanıblar. Ümumilikdə, Gürcüstanı ziyarət edən xarici ölkə vətəndaşları sırasında Azərbaycan ikinci yerdədir. Buna səbəb isə ölkəmizdə otel qiymətlərinin baha olmasıdır.
Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır. İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur. Bütün bunlar isə insanların istirahət etmək üçün xarici ölkələrə üz tutmasına səbəb olur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında turizm sahəsində qiymətlərin yüksək olması məsələsinə xüsusi toxunaraq, otel qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlar verib.
Qiymətlərin aşağı salınması təbii ki, regionlarda turizm sektorunun inkişafına öz müsbət təsirini göstərir.
Məsələ ilə bağlı insanların daha çox üz tutduqları rayonlardan olan Nabranda fəaliyyət göstərən “Atlant” otelin nümayəndəsi ilə əlaqə saxladıq. Otelin əməkdaşı Nigar Yusifova qiymətlərin aşağı salınmasından sonra daha çox insanların otelə müraciət etdiyini və ötən ilə nisbətən gələnlərin sayının artdığını bildirdi.
“Qafqaz Resort” otelinin inzibatçısı Fərhad Fazilov isə qiymətlərin aşağı salınmasının elə də əhəmiyyətli təsir göstərmədiyini bildirdi. Onun sözlərinə görə, otelə bu il daha çox insan müraciət edib. Buna səbəb isə otelin həyata keçirdiyi xüsusi endirimli kompaniyalardır. Həftə sonlarına olan statistikaya baxsaq, otel 95, hətta 100% dolu olur. Keçən il isə bu rəqəm 70-80% olub. Bu artım vətəndaşların ölkədaxili turizmə getdikcə daha çox üstünlük verməsinin göstəricisidir.
Bütün bunlar onu göstərir ki, qonşu ölkə Gürcüstana gedənlərin sayının artması ilə yanaşı ölkədaxili turizmə də maraq artıb. Otellər müştəri azlığından şikayət etmir.
Şərhlər