Söyüşdən doğulan "mübarizlər"
04.05.2018 12:17 A-reaksiya 1858
Virtual məkanın insanlara geniş imkanlar yaratdığı günün reallığıdır və elmi-texniki tərəqqinin yaratdığı bu imkanlardan istifadə etmək informasiya mübadiləsini asanlaşdırır, internet resurslarından istifadəyə zəmin yaradır. Dünya əhalisinin böyük əksəriyyəti artıq internet şəbəkəsinin istifadəçisidir və cəsarətlə demək olar ki, bu gün internetsiz dünyamızı təsəvvür edə bilmərik. Ələlxüsus, sosial şəbəkələr bu mənada daha böyük maraq dairəsindədir və az qala hər kəs sosial şəbəkə istifadəçisinə çevrilib. Statistik göstəricilərə əsasən, deyə bilərik ki, Azərbaycan əhalisinin də 80 faizdən çoxu məhz internetdən, virtual məkandan və sosial şəbəkələrdən istifadə edir.
Azadlıq adı altında tərbiyəsizlik etmək qanun pozuntusudur və məsuliyyət tədbirləri tələb edir
İnternet resurslarından qəbul olunmuş qaydalar, etik normalar çərçivəsində istifadə etmək təqdirəlayiqdir və faydası təkzib edilə bilməz. Lakin heç də hər zaman bu resurslardan, virtual imkanlardan faydalı şəkildə istifadə olunmur və hətta bu imkanlardan çirkin məqsədlər üçün də istifadə edilir. Hətta qarayaxma kampaniyalarında da bəzi qüvvələr bu imkanlardan istifadə edir və ən acınacaqlısı odur ki, etik normalar belə gözlənilmir, söyüş və təhqir kimi qəbul olunmayan davranışlar sərgilənir. Maraqlıdır, siyasi səhnədə heç zaman olmayan bir neçə nəfər siyasi mübarizə adı altında təhqir üzərində köklənmiş, söyüşlə müşayiət olunan fəaliyyəti özlərinə rəva bilir, hətta bu fəaliyyət tərzini yaymaq niyyətini də gizlətmir. Özləri ilə eyni səviyyədə olanları bu işə cəlb etməyə çalışdıqları da ictimaiyyətin diqqətindən kənar deyil. Görünür, heç bir intellekt, bilik, bacarıq və təcrübə tələb etməyən bu tərbiyəsizlik özləri kimi bir çoxlarının da işinə yarayır. Çünki belələrinin başqa heç bir siyasi mübarizə üsuluna potensialı çatmır və daha dəqiq desək, söyüş və təhqirdən başqa heç nəyə qadir deyillər.
İctimaiyyət son vaxtlar mühacirət həyatı seçmiş bir neçə nəfərin internet şəbəkəsindən, virtual məkandan, sosial şəbəkələrdən istifadə edərək qeyri-etik davranışlar sərgilədiyinin şahididir. Avropa şəhərlərinin künc-bucağında, hətta zibilxanalarında daldalanan, bununla da ağzına gələni danışmağı özünə rəva bilənlər bəlkə də özlərini məsuliyyətdən kənar hiss edirlər. Acınacaqlı hal odur ki, bir çoxları azadlığı məsuliyyətsizliklə qarışdırırlar. Azadlıq adı altında tərbiyəsizlik etmək qanun pozuntusudur. Dərk etmirlər ki, dovlət atributlarını və simvollarını təhqir etmək qanun pozuntusudur və məsuliyyət tədbirləri tələb edir.
Siyasi mübarizədə olmayanlar qəflətən hardan peyda oldular və fəaliyyətləri nədən doğdu?
Mübarizənin mahiyyətini belə anlamayan, siyasi mübarizədə bircə dəfə də olsun adı çəkilməyən, siyasi səhnədə olmayan bir qrup şəxs söyüş söyməyi fəaliyyət növü kimi qəbul edərək, indi özünü mübariz kimi qələmə verməyə çalışır. Belələrinə həm ölkə hüdudlarından kənarda, həm də daxildə rast gəlmək olar və onların fəaliyyətinin, əslində, mahiyyəti eyni olduğu üçün qruplaşdırmağa belə lüzum qalmır. Dünyada analoqu olmayan bu ünsürləri söyüş qrupu kimi yalnız bir kateqoriyaya aid etmək olar.
İstər xaricdəki orduxanlar, mirzəlilər olsun, istərsə də daxildə onlara züy tutan bir çoxları siyasi mübarizədə, meydanlarda heç zaman yox idilərsə, birdən-birə qəflətən hardan peyda oldular? Tutaq ki, onlara bunu xatırladan olmayıb, bəs özləri düşünmürlərmi ki, bu vaxta qədər harda olublar və indi necə oldu yağışdan sonra çıxan göbələklər kimi ortaya çıxdılar? Sosial sifarişin olmadığı bir şəraitdə, heç bir səbəb tapılmadığı halda, özü də mənasız fəliyyətlə ortaya atılmağın adı nədir? Yaxud onların təşkilatlanmayan, nizamnaməsi olmayan qruplaşmaları hansı tələbat və hansı zərurət səbəbindən ortaya çıxdı? Fəaliyyətləri nədən irəli gəlir, bu söyüş qrupunun yaranması zərurəti hardan, nədəndir?
Bəzən özlərini hardasa şişirtmək, nəyə isə qadir olduqlarına, yaxud az da olsa, mahiyyətlərinin olduğuna kimlərisə inandırmaq üçün guyaonlara qarşı təzyiq edildiyi, hətta sui-qəstlərin hazırlandığı kimi müxtəlif variantlardan və şayələrdən istifadə edirlər. Amma bunun heç bir təsiri ola bilməz və heç inandırıcı da deyil. Nə də ictimaiyyət bu tərbiyəsizliyin qarşılığında həmin qruplaşmaya inanası deyil. Əksinə, bu təzahürlər artıq ictimai qınağa səbəb olub və cəmiyyət tərəfindən etirazla qarşılanır. Söyüşdən doğulan bu söyüş qrupunun doğuşu kimi onun analoji sonluğu da artıq yetişib. Şübhəsiz ki, söyüşlə meydana atılan bu ünsürlər cəmiyyət tərəfindən tezliklə söyüşlə də meydandan atılacaq və indi Avropanın zibilliklərini məskən edənlər tezliklə tarixin zibilliyində yer alacaq.(sia)
Şərhlər