"Bu, cavab jesti idi"
07.08.2015 16:36 A-reaksiya 3086
Futbol üzrə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Qəbələ-Apollon matçında Cavid Hüseynovun jesti hər kəs tərəfdən maraqla qarşılandı. Matç zamanı Türkiyə və Şimali Kipr Türk Respublikasına dəstək şüarlarının səsləndirilməsi, sonda C.Hüseynovun Türkiyə və Azərbaycan bayraqlarını başı üstə qaldıraraq stadionda dolaşması Türkiyə mediasının da gündəmində yer alıb.
Hamımıza məlumdur ki, bu ilk belə hal deyil. Avrovision musiqi yarışmasında da Nigar və Eldar qalib kimi səhnəyə qalxanda Azərbaycan bayrağı ilə yanaşı türk bayrağını da qaldırmışdılar. İlk Avropa oyunlarında da qardaş Türkiyə idmançıları eyni hərəkəti bizə qarşı nümayiş etdirdilər. Türkiyə idmançıları öz bayraqları ilə yanaşı Azərbaycan bayrağını stadionda gəzdirdilər. Azarkeşlər Türkiyə idamançılarının qələbələrinə də Azərbaycanın qələbəsi kimi sevinirdilər.
Dünənki hadisə ilə bağlı C.Hüseynov reaksiya.az-a bunları dedi: “Oyunda etdiyim hər iki jest rəqib komandanın həm oyunçularının həm də azarkeşlərinin bizə qarşı olan münasibətinə bir cavab idi. Bilirsiz ki, orada azarkeşlər tərəfindən bizim bayrağımız cırılmışdı və yandırılmışdı. Mən də onlara cavab olaraq bu jesti etdim”.
Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanan bu cür olaylarla bağlı bir neçə media qurumlarının rəsmilərindən münasibət öyrəndik.
Türküstan qəzetinin baş redaktoru Aqil Camal “Qəbələ”-“Apollon ” oyunu ilə bağlı iki məqama toxundu. “Birincisi, bu qarşılaşma səbirsizliklə gözlənilirdi. Çünki, Kiprdə keçirilən qarşılaşmada Azərbaycan bayrağı və başqa milli atributlarımız kiprli “Apollon” azarkeşləri tərəfindən təhqir olunmuşdu. Bunun hesabını sormaq istəyən xeyli sayda gənc həmvətənlərimiz vardı. Amma bəlli olduğu kimi, burada keçirilən oyunda nə rəqib komandaya, nə də Kipr dövlətinə qarşı hər hansı aşağılayıcı hərəkətə yol verilmədi. Sadəcə, gənclərimiz Azərbaycan, Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinin bayraqlarını dalğalandırdılar, milli şüarlar səsləndirdilər. Bu kiprli azarkeşlərin hərəkətlərinə verilən ən layiqli cavab idi. İkincisi, Cavid Hüseynovun oyunun sonunda Türkiyə və Azərbaycan bayraqlarını stadionda dalğalandırması... Məncə, bu sıradan bir jest deyildi. Əvvəla, Cavid Hüseynov Kiprdəki oyunda da “Apollon” tərəfdarlarına onlara yaraşan tərzdə cavab vermişdi. Sonuncu oyunda bayraq qaldırması əvvəlki jestinin davamı idi. Mən öyrəndim ki, Cavid Huseynovun atası Cəbrayılda batalyon komandiri olub, 1993-un sonlarında Qarabağ döyüşlərində şəhid olub. Yəni, onun istər Kiprdə, istərsə burada keçirilən oyunlarda nümayiş etdirdiyi, belə deyək, dəliqanlılıq, ailədən, gendən gələn bir duyğudur. Bütün idmançılarımızda Caviddə olan milli hissi, milli qüruru görmək xoş olardı”.
Yazar Əkbər Qoşalı dünyada Azərbaycan və Türkiyə bayrağı qədər bir-birinə yaraşan, bir-biriylə görüşməyi, öpüşməyi gözəllik saçan başqa bayraqlar tanımadığını söylədi. “Azərbaycanla Türkiyənin münasibətləri tarixin ən qədim qatlarından su içib, birgə keçmişimizi özündə yaşadan, bu gün öz zirvə məqamlarını yaşayan və gələcəyə də böyük üfüqlərlə gedən münasibətlərdir. Bizim qardaşlığımız, münasibətlərimiz elə bir səviyyədədir ki, dünyada faktiki olaraq analoqu yoxdur. Təkcə, Azərbaycanla Türkiyənin dostları deyil, düşmənlərimiz də bu münasibətlərin fərqindədirlər. Və zaman-zaman hansısa şəkildə bunu təcəlli etdirirlər. Azərbaycan və Türkiyə idmançılarının, sənət adamlarının ayrı-ayrı arenalarda, yarış meydanlarında, dünyanın gözü qarşısında bu iki qardaş bayrağın birgə dalğalandırılması qürur mənbəyimizdir. Gənc nəslimizin yüksək vətənpərvərlik hissi ilə böyüməsinin göstəricisidir. Cavidin adından gələn o gözəllik, o işıq ki var, hesab edirəm ki, onun həm Kiprdə, həm də Azərbaycanda göstərdiyi oyun, münasibət yalnız, bir idmançının deyil də, bu türk düşünürünün məsələlərə filosofcasına yanaşmasının nəticəsi idi. Mən bu məsələdə siyasət, kin-küdurət axtarmıram, axtaranları da qınayıram. Xüsusən də, Cavidin Kiprdəki hərəkətini qınayanların özünü qınayıram ki, bir balaca nəzakət göstərib özlərini Cavidin yerinə qoysunlar. Təsəvvür edin ki, sənin qardaşın olan Kipr türklərinə zülm etmiş insanların övladları tərəfindən dünyalar gözəli bayrağın təhqir olunur və sən buna reaksiyasız qalırsan. Əlbəttə ki, bu mümkünsüzdür, yolverilməzdir. Bu məsələlərdə Cavidi qınamaq çox çətindir. Cavid və komandanın digər oyunçuları növbəti mərhələyə keçməklə rəqiblərinə dərs vermiş oldular. Və əlbəttə ki, sonda iki qardaş ölkənin bayrağını dalğalandırmaqla dünyaya bir daha qardaşlıq mesajı verdilər. Cənab prezidentimizin çox qiymətli fikri var ki, “Biz artıq hücum diplomatiyasına keçməliyik”. Mən bu sözü bütün əməli fəaliyyət sahələrinə şamil etmək istərdim. Biz çox müdafiə mövqeyində dayandıq, çox gözələdik. İndi daha açıq-açığına, istər futbol meydanında, istərsə də siyasət meydanında hər kəsə haqq etdiyi münasibəti göstərməliyik. Mən Cavid Hüseynovu və onun həmkarlarını alqışlayıram”.
Şərhlər