Ehtiyatda olan polkovnik-leytenantdan həyəcan təbili: - "Paşinyan bir sıra addımları atmasa ..."
31.05.2018 11:55 A-reaksiya 1640
Üzeyir Cəfərov: “Mən istisna etmirəm ki, təkcə mülki yüklər deyil, eyni zamanda hərbi təyinatlı yüklərin də İrəvana, oradan isə işğal altında olan Azərbaycan ərazilərinə aparılması mümkündür”
“Ermənistanın baş naziri Nikol Paşinyanın “qazı” əvvəlki günlərlə müqayisədə xeyli azalıb. Mən onun məlum küçə hadisələri zamanı sağa-sola, elə küçə adamı səviyyəsində davranmaqla səsləndirdiyi bəyanatları və fikirləri bir balaca təhlil edərək belə qənaətə gəlirəm”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bunu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Ekspert erməni baş nazirin hökumət başına gədikdən sonrakı vurnuxmaları barədə danışarkən dedi ki, N.Paşinyan artıq reallıqları dərk etməyə başlayıb: “Bu adam Soçidə Rusiya və digər MDB ölkələrinin başçıları ilə görüşdən sonra deyəsən, hansı məsuliyyətin və yükün altına düşdüyünü yavaş-yavaş anlamağa çalışır. Ölkəni onsuz da çətin olan iqtisadi-siyasi durumdan çıxartmaq gərəkdir. Bunun üçün də yaxın-uzaq ölkələrlə əlaqələri həm genişləndirmək, bəzi təcili addımlar atmaq lazım gəlir”.
Ü.Cəfərov N.Paşinyanın Tiflisə səfəri barədə danışarkən işğalçı ölkənin Gürcüstandan istəklərinə də diqqət çəkdi:“Onun Gürcüstana tez bir zamanda səfər etməsi bunu deməyə əsas verir ki, Paşinyan yaxın vaxtlarda bir sıra addımları atmasa, Ermənistan çox ciddi çətinliklərlə üzləşəcək. Oliqarxlar və Paşinyanı istəməyən “klan”lar demək olar ki, “kran”larını bağlayıblar. Ancaq gürcüstanlı dostlarımızın ona sözsüz ki, Rusiyanın xahişi və bəzi vədləri qarşısında imkanlar yaratmasını mən çox böyük təəssüflə qarşılayıram. Gərək, gürcü dostlarımız Ermənistanın regionda necə destabilizasiya rolunu oynadığını unutmasınlar. İndi onlar dəmir yolu ilə Rusiya və oradan digər yerlərə gediş-gəlişi təmin edəcəklərsə, bu artıq separatçıların, onları dəstəkləyən qüvvələrin də işini xeyli yüngülləşdirəcək”.
Hərbi ekspert bunu ciddi təhlükə saydı: “Mən istisna etmirəm ki, təkcə mülki yüklər deyil, eyni zamanda hərbi təyinatlı yüklərin də İrəvana, oradan isə işğal altında olan Azərbaycan ərazilərinə aparılması mümkündür və yəqin ki, bu marşrutdan istifadə ediləcək”.
Ü.Cəfərov bildirdi ki, biz gərək Gürcüstan tərəfinə bu incə məqamı bir daha xatırladaq: “Prinsip etibarı ilə, bu Rusiyanın ideyası və həyata keçirmək istədiyi addımdır və yəqin ki, elə bir böyük maneə də yaradılmayacaq. Amma mən bu addımın Azərbaycan üçün xeyli zərərini görür və hiss edirəm. Ona görə də, biz gərək bütün diplomatik və digər səylərimizi ortalığa qoyaraq bu məsələnin tez bir zamanda reallaşmasının qarşısını almaq üçün hərəkət edək. Ən azından, bizim də milli maraqların qorunması və təhlükəsizliklə bağlı məsələlərin nəzərə alınması mütləqdir”.
“Mən hər zaman bu fikirdə olmuşam ki. Ermənistanda Qarabağla bağlı toplumun böyük əksəriyyəti ilə hakimiyyətdə olanlar arasında fikir eyniliyi dəyişməyincə, danışıqların heç bir nəticəsi olmayacaq”.
Bunu isə ermənişünas alim Qafar Çaxmaqlı N.Paşinyanın iştirakı ilə keçiriləcək Qarabağ danışıqlarının perspektivi barədə əməkdaşımıza açıqlamasında söylədi. Ekspertin fikrincə, Paşinyanın gəlişi problemə münasibətdə yenilik gətirməyib: “Ermənistan onsuz da məsləyə praqmatik yanaşma sərgiləməyib. Ona təklif olunan güzəştləri qəbul etməyib. Paşinyan guya xalqdan dəstək alan bir lider görünüşündə qalmaqda davam edəcək və məsələ daha uzanacaq. Beləsi ilə danışıq aparmağın heç bir mənası yoxdur”. Q.Çaxmaqlının sözlərinə görə, bu adam separatçı qurumun da tərəf kimi prosesə cəlb edilməsi şərtini irəli sürürsə və bunu bilə-bilə ki, bu qəbul edilə bilməz, onunla bir masa ətrafında oturmağa dəyərmi? Oğlunu Qarabağa əsgərliyə göndərməsi də o deməkdir ki, erməni cəmiyyəti bu dediyimiz işğalçı ideolojidən imtina etmir. Bu, savaşı davam etdirmənin işarəsi və xalqa mesajdır”.
Ekspert qeyd etdi ki, Paşinyanın Azərbaycan prezidenti ilə görüşməsini Minsk Qrupu istəyir: “Onlar öz missiyalarını neçə illətdir ki, bu sayaq aparırlar, işğalçı tərəfə heç bir basqı etmədən. Əlbəttə, bunların heç bir perspektivinin olmadığını özləri də bilirlər”.
Reaksiya.az
Şərhlər