Azərbaycan üçün növbəti fürsət: Qarabağda da inqilab başladı
04.06.2018 12:12 A-reaksiya 1164
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində - Dağlıq Qarabağda, Xankəndidə iyunun 2-də yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub. Xüsusi təyinatlıların qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb. Döyülənlər xəstəxanaya yerləşdirilib.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq “milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Bildirilir ki, Dağlıq Qarabağın “milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir.
Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma “DQR hökumətinin” yüksəkvəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, “prezident” Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət, bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Bundan sonra etirazçılar dağılışıblar və hakimiyyətə bir gün vaxt veriblər.
Erməni ekspert Tiqran Karapetyan Facebook-da yazıb ki, Qarabağdakı “hakimiyyətin” başçısı Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər. Çünki Dağlıq Qarabağda da rejim hər cür qanunsuzluqlarla məşğuldur. Lakin onun bildirdiyinə görə, güc strukturlarının rəhbərləri Bako Saakyana təzyiq edirlər ki, etirazçılara güzəştə getməsin. Çünki bu, kapitulyasiya deməkdir.
“Soros” fondu ilə bağlı olan amerikalı ekspert Coşua Kuçera da Dağlıq Qarabağda baş verənləri şərh edib. Onun sözlərinə görə, insanlar Ermənistanda baş verənlərdən ruhlanıblar və Nikol Paşinyanın taktikası ilə hərəkət edirlər - mərkəzi yolları, küçələri bağlayırlar. “Etirazlar bütün Qafqazı bürüyəcək” - Kuçera özünün twitter bloqunda yazıb.
Dağlıq Qarabağda müşahidə olunan hadisələr və yaranmış vəziyyətdən Azərbaycanın istifadə edib-etməməsi ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, orada da vəziyyətin qarışacağı gözlənilən idi: “Bundan əvvəl bir neçə dəfə Bako Saakyana bir neçə təşkilat xəbərdarlıq etmişdi ki, vəziyyət arzuedilən istiqamətə getmir, ”kadr dəyişiklikləri" həyata keçirilməlidir. Bildirilmişdi ki, Serj Sərkisyanın Dağlıq Qarabağdakı adamlarına qarşı təmizləmə əməliyyatları aparılmasa, onlar Xankəndidə kütləvi aksiyalar başlanacaq. Sözsüz ki, bu, elə-belə məsələ deyil və arxasında daha geniş planlar dayanır. Dağlıq Qarabağda başlanan etiraz aksiyaları İrəvanla, yeni hakimiyyətə gələn Nikol Paşinyanla qırılmaz surətdə bağlıdır. Paşinyan Bako Saakyanı Dağlıq Qarabağda yaşayan protest elektoratının əli ilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. Yəni plan İrəvanda hazırlanıb və işə salınmaqdadır. Bu plan qondarma “DQR”də “hakimiyyət” dəyişikliyinə gətirib çıxarmalıdır. Ona görə də iki gündür başlanan hadisələr miqyasca böyüyəcək və zənnimcə, “hakimiyyət” dəyişikliyi ilə nəticələnəcək. Çünki başqa variant yoxdur, Serj Sərkisyanın liderlik etdiyi Qarabağ klanının Ermənistanda hakimiyyətinə son qoyub, siyasi bağlarını kəsib Dağlıq Qarabağda bu klana toxunmamaq ağılsızlıq olardı. Dağlıq Qarabağda bu cinayətkar klanın dayaqları aradan qaldırılmasa, Paşinyanın Ermənistandakı hakimiyyətinə təhlükə hər an qalacaq. Bunu da rəsmi İrəvan bilir. Paşinyan bu təhlükəni aradan qaldırmaq üçün aprelin 13-dən sonra Ermənistanda başladılan prosesi indi də işğal altındakı Dağlıq Qarabağda reallaşdırmaqda maraqlıdır. Ermənistanda gedən proseslər işğal altındakı Dağlıq Qarabağda təkrar olunmağa başlayır. Böyük ehtimalla, qondarma “prezident” Bako Saakyanın istefası ilə proses başa çatacaq".
Azərbaycanın Dağlıq Qarabağda yaranmış gərginlikdən fürsət olaraq istifadə edib hərbi əməliyyatlara başlamasının vacib olub-olmadığına gəlincə, politoloq qeyd etdi ki, bu tamamilə qanuni və məntiqli olardı: “Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyət dəyişiklikləri proseslərində siyasi gərginliklər yaşananda Ermənistan fürsətdən istifadə edib Azərbaycanın rayonlarını işğal etdi. Azərbaycan Ermənistanda bu ilin aprelində yaşanan hakimiyyət böhranı, siyasi gərginliklərdən fürsət olaraq istifadə etmədi. İndi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda siyasi gərginliklər başlayıb və Azərbaycanın tam haqqı çatır ki, öz ərazilərində suverenliyini bərpa etmək və nizam-intizam yaratmaq üçün addımlar atsın. Biz bu ilin aprelində ələ düşən fürsətdən yararlanmaqdısa heç olmasa indi öz ərazilərində antiterror, antiseparatizm əməliyyatlarına başlaya bilərik. Buna görə heç kimin Azərbaycana etiraz etmək haqqı da yoxdur. Çünki Azərbaycan bu addımı atsa BMT nizamnmaməsinə uyğun olacaq. Azərbaycanın işğal olunmuş ərazilərində prosesləri öz nəzarəti altına almağa tam hüquqi var”.
Şərhlər