İslamofobiya və terrora qarşı mübarizə dili - YANAŞMA

08.08.2015 14:54     A-reaksiya     2644

Terrorizm heç bir dinlə əlaqələndirilə bilməz. Qərb bu faktı qəbul etməlidir ki, İslamofobiya təbliğatından imtina etməsi onun dünyada sülhə nail olması üçün açar rolunu oynayacaq.
Media,  eləcə də siyasi və akademik dairələr tərəfindən geniş istifadə olunan “İslamofobiya” termini dünyanın ictimai rəyində əsas amillərdən birinə çevrilib.
Bu, İslama yönələn qınaq, nifrət və müsəlman azlığına qarşı irqçiliklə izah edilə bilər. 
Bu istiqamətdə müxtəlif diskussiyalar gedir və hətta İslam qorxusu ilə bir çox radikal addımlar da atılır.
İslamofobiya bir sıra cəmiyyətlərdə müsəlmanlara qarşı ayrı-seçkilik və önyarğı ilə, hətta bəzi cinayətləri leqallaşdırma cəhdləri ilə də müşahidə olunur. Keçmişdə Qərb Xrisitan kimliyini formalaşdıran İslam qorxusu yenidən Qərb insanını İslama və müsəlmanlara qarşı önyarğı ilə davranmağa sövq edir. 
Çox zaman müsəlmanlar müxtəlif siyasi motivlər səbəbi ilə dəhşət və terrorla bir sıraya qoyulur. Qərb araşdırmaçıları da, bir neçə istisna olmaqla, başqa sahələrdə istifadə etdikləri elmi perspektivləri İslama yanaşmada tətbiq edə bilmirlər.
Bu kontekstdə 13-cü əsrdə yaşamış mütəfəkkir Cəlaləddin Ruminin aşağıdakı sözləri yerinə düşər: “Önyarğı biliyi məhv edir. Önyarğılı yanaşma ilə elmə varmaq olmaz, önyarğı biliyi viran qoyur və saxtalaşdırır”.
Bəzilərinə görə, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktından sonra dünya “terrorizm dövrü” deyilən yeni siyasi eraya qədəm qoyub. Bu yeni erada alınan tədbirlər 2004-cü ildə Madriddə, 2005-ci ildə Londonda, 2015-ci ilin əvvəlində isə Fransada baş verən dəhşətli terror aktlarının qarşısını ala bilmədi.
Terrorla mübarizə dili
Bu terror hücumlarının təşkilatçıları Qərb mediasında, ictimai rəydə və eləcə də bir çox siyasilərin açıqlamalarında islamçı-terrorçu, radikal islamçı, fundamentalist musəlman, müsəlman terrorçuları və cihadçılar kimi təqdim olundular. Yanlış yanaşma həmçinin anti-terror tədbirlərində də özünü göstərdi. Bu cür konsepsiyalaşdırma və xarakterizələr Qərbdə yaşaan müsəlman icmalarına qarşı bir sıra barbar, qeyri-insani hərəkətlərin törədilməsinə, müsəlman azlıqların özlərini təzyiq altında hiss etməsinə səbəb oldu. Digər tərəfdən, yaradılan ictimai rəy qərblilərin altşüurunda müsəlmanlara yanaşmada önyarğı və potensial terrorçu təsəvvürü formalaşdırmış oldu.
Həmçinin qloballaşmanı nəzərə alsaq, Qərbdə islamofob yanaşma o qədər də böyük deyil, lakin Cənub-şərqi Asiya və Afrikaya doğru gəldikcə müsəlmanlara qarşı qorxu və ayrı-seçkilik daha çox hiss olunur. Bəzi hökumətlər terrorla mübarizə adı altında müsəlman azlıqların bir sıra elementar haqlarını da məhdudlaşdırmağa başlayıb. 
Afrikanın bir sıra ölkələrində yerli müsəlmanlar ciddi təqib və təzyiqlərə məruz qalır, niqab bə hicab geyinən qadınlar ciddi yoxlamadan keçməli olurlar. Hətta dini geyimlərlə bağlı bir neçə ölkədə də qadağa da tətbiq olunub.
Fələstində baş verənlər, mülki vətəndaşların müxtəlif təzyiqlərlə üzləşməsi də bir çox hallarda dünyaya anti-terror tədbirləri kimi təqdim olunur.
Birmada bəzi buddist icmaların yerli müsəlmanlara qarşı terror aktı törətmələri, Mərkəzi Afrika Respublikasında xristian təmayüllü qruplaşmaların müsəlmanlara terrora məruz qoymaları bir sıra beynəlxalq təşkilatların və hüquq müdafiəçilərinin bəyanatlarında da yer alıb.
Lakin Qərb mediasında cinayət və terrorla əlaqələndirilən yeganə din kimi İslam göstərilir. Hansısa müsəlman fərdlərin və ya qrupların əməlləri siyasi şəkildə ümumiləşdirilir və yanlış qiymətləndirilmə verilir.
Qərb mətbuatında İslam və müsəlmanlar barəsində yaradılan mənfi imic İslam haqqında yetərincə məlumatda olmayan insanlarda qorxu və nifrət yaradır, dünyanın sülhə doğru addımlamasında daha bir maneə yaratmış olur. 
Nəinki media, hətta bir sıra institutular və xüsusilə də, siyasi aktorlar tərəfindən bu cür təbliğatların gücləndirilməsi cəmiyyətlərdə qarşıdurmanı bir daha güclədirmiş olur.
İrlandiya və İngiltərədə baş verən terror aktlarında əsas motiv protestant və katolik münaqişələri idi. Lakin terrorçuların hansı dinə sitayiş etmələri bu hadisələrin dini terror kimi təqdim edilməsinə səbəb olmadı. 
Həmçinin erməni və ya yəhudi mənsubiyyətli şəxslərin yaratdığı müxtəlif terror qruplaşmaları hansısa din üzərindən təqdim olunmadı.
Mətbuatda da “xristian terrorçu”, “katolik terrorçu”, “yəhudi terrorçu” və ya “protestant terrorçu” ifadələrinə yer verilmədi. Əlbəttə ki, digər dinlərə göstərilən hörmət İslama da göstərilməli idi.
Məşhur boksçu Məhəmməd Əli 11 sentyabr qurbanlarını anmaq üçün Dünya Ticarət Mərkəzinin qalıqlarına baş çəkərkən, jurnalistlər ondan soruşmuşdu: “Onun İslam inancını bölüşən şübhəlilər barədə nə düşünür”. M.Əli isə suala sualla cavab vermişdi: “Bəz sizin inancı bölüşən Hitler barədə siz nə düşünürsünüz?”.
ABŞ-da 1980-dan 2005-ə kimi törədilən terror aktlarının cəmi 6 faizi müsəlmanlar tərəfindən törədilmişdi.
EUROPOL-un məlumatına görə isə, 2006-2008-ci illərdə törədilən terror aktlarının cəm 4 faizi müsəlman fərdlər və ya qruplaşmalar tərəfindən törədilib.
İslam və terrorizm
“Sülh” mənası verən İslamın terroru legitimləşdirməsinə dair heç bir əsas ortada yoxdur. Hətta bu cür əməllərə qarşı İslam mənbələrində cəza da nəzərdə tutulur.
İslam inancında və müsəlman adətlərində qonşu toplumlarla mehriban yaşamaq və birgəlik prinsipləri önəmli yer tutur.
Aydındır ki, hansısa terror və ya vəhşiliyin İslamla heç bir əlaqəsi yoxdur – terrorçuların iddialarına baxmayaraq.
İslamofobiya: Beynəlxalq sülhə təhdid
Bu gün Qərb dövlətləri terrorla mübarizədə müsəlman ölkələrini də yanında görmək istəyir və bu istiqamətdə əməkdaşlıq edən müsəlman ölkələr az deyil. Lakin bu mübarizənin səmərəli olması naminə, paralel olaraq eyni mübarizəni islamofobiyaya da qarşı yönəltmək lazımdır.
Müsəlmanalara qarşı tolerantlığın təbliğ olunması həm müsəlman ölkələrinin terrorla mübarizədə əməkdaşlığını səmərəli edə bilər, həm də İslama istinad edən qruplaşmaların böyüməsini məhdudlaşdıra bilər.
Çünki diskriminasiya və ögey münasibət insanları ekstremizmə itələyən əsas amillərdəndir.

Şərhlər

Çox oxunanlar