AŞ PA-dan Azərbaycana qarşı təzyiq dalğası

08.06.2018 11:30     A-reaksiya     1217

Yeni məruzəçi təyinatına qərar verildi; Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra vəziyyətini müzakirə edir

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edəcək. Bu haqda AŞ-nin məlumatında bildirilir. Məlumata görə, AŞ PA-nın büro iclasında siyasi məhbus məsələsi üzrə Azərbaycana məruzəçi təyin edilməsi ilə bağlı təşəbbüs müzakirə edilib.

Büro məruzəçinin təyin edilməsinə qərar verib. Məruzəçinin təyinatının AŞ PA-nın yay sessiyasında gerçəkləşəcəyi bildirilir. 2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla AŞ PA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürüblər.

Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞ PA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatıı rədd edib. Onlar AŞ PA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

“Buna görə də Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uygundur”, müraciətdə bildirilirdi.

AŞ PA Bürosu həmin təşəbbüsü qəbul edib.

Bundan əlavə, Azərbaycanla bağlı daha bir ciddi gəlişmə var. Belə ki, iyunun 5-dən etibarən Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti müzakirə edilir.

Gündəlikdə Azərbaycanın da adı var. Komitə müxalif REAL Partiyasının sədri, həbsdə olan İlqar Məmmədov və daha bir neçə nəfərin işi ilə bağlı Avropa Məhkəməsinin qərarının icra edilməməsinə dair qərar verməli, bu qərar isə iyunun 7-də açıqlanmalı idi.

Avropa Məhkəməsinin bu ilin martında qəbul etdiyi qərarında qeyd edilir ki, İlqar Məmmədovun ədalətli mühakimə hüququ pozulub, ona qarşı istifadə olunan sübutlar mötəbər olmayıb. Ona görə də 3 ay ərzində Azərbaycanın Ali Məhkəməsi bu işə yenidən baxmalıdır. Həmin 3 aylıq müddət isə indi - iyunun 5-də başa çatsa da, qərar icra olunmayıb.

Avropa Şurasının sözçüsü Endryu Kattinq deyib ki, qərarları icra etməməsinə görə Azərbaycana qarşı sərt addımlar atıla bilər: “Nazirlər Komitəsi İlqar Məmmədov haqda qərarın icrası ilə bağlı problemi dəfələrlə Azərbaycanın diqqətinə çatdırıb. Qərar icra edilməsə, bununla bağlı Avropa Məhkəməsinə yenidən müraciət daxil olsa və məhkəmə qərarının icra edilməməsi konvensiyanın pozuntusu kimi tanınsa, o zaman Azərbaycana qarşı ciddi addımlar atıla bilər. Nazirlər Komitəsi sanksiyalardan tutmuş ölkənin üzvlüyünün ləğvinə qədər müxtəlif qərarlar verə bilər. İlqar Məmmədovun işi ilə bağlı məsələ Avropa Məhkəməsinin tarixində ilk dəfədir baş verir”.

Avropa Məhkəməsinin qərarlarının icrasına Nazirlər Komitəsi nəzarət edir. Endryu Kattinq deyir ki, qərarlar icra olunmursa, bu zaman diplomatik təzyiqlər edilə bilər ki, hökumətlər qərarları icra etsinlər.

Çingiz Əsgərov ile ilgili görsel sonucu

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov isə deyir ki, Bakı bu məhkəmənin bütün qərarları ilə bağlı lazımi addımlar atır: “İlqar Məmmədovla bağlı qərarı göndərmişik məhkəməyə. Ali Məhkəmə bu qərarın plenuma çıxarılıb-çıxarılmaması və ya necə icra edilməsi ilə bağlı qərar qəbul etməlidir”.

Qəzet çapa gedərkən Nazirlər Komitəsinin qərarı açıqlanmadığından bu barədə məlumat verə bilmədik.

Fuad Ağayev ile ilgili görsel sonucu

İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında Avropa Məhkəməsinin qərarının icra müddətinin üç ay olduğunu bir daha xatırlatdı: “Azərbaycan tərəfindən üç aylıq bu müddət artıq pozulub. Burada hakimiyyətin bir qanadının məsuliyyəti digər qanadın üzərinə yıxması hesab edirəm ki, elə də bir rol oynamır. Ona görə ki, dövlət deyildikdə mərkəz yada düşülür. Həmin qərar Ali Məhkəməyə göndərilirdisə, ilk növbədə, vaxtında göndərilməli idi ki, plenuma çıxarılsın. Digər tərəfdən, Ali Məhkəmənin kifayət qədər resursları var ki, Avropa Məhkəməsinin saytından İlqar Məmmədovun o qərarı haqqında məlumat alsınlar. Nazirlər Komitəsinin hansı qərarı verəcəyi barədə indidən danışmaq tezdir, gözləyək”.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, Azərbaycana siyasi məhbuslarla bağlı yeni məruzəçi təyin etmək konstruktiv yanaşma deyil: “Bundan əvvəl də belə bir cəhd olunmuşdu, lakin uğursuzluqla nəticələnmişdi. Bunlar münasibətlərin yaxşılaşdırılmasına yönəlik yanaşma kimi qəbul oluna bilməz. Ayrı-ayrı qüvvələrin, maliyyə resurslarının və erməni lobbisinin bu proseslərə təsiri istisna edilmir. Yeni məruzəçinin təyin edilməsi barədə ilkin qərar var. Yəqin ki, yaxın günlərdə təyin olunacaq. Bu münasibətlərin inkişaf tempinə mənfi təsir edə bilər. Cəzaların humanistləşirilməsi ilə bağlı Azərbaycanda ciddi addımlar atılır. Son əfv sərəncamı ilə 634 nəfər azad olundu və onların içərisində 12 nəfərin adı müxtəlif siyahılarda olan məhbus var idi. Azərbaycan hökuməti kənar təzyiqləri və təsirləri qəbul etmir. Son baş verənlər ölkəmizə qarşı növbəti təzyiqlər kimi qiymətləndirilə bilər. Avropa Şurasının bəzi üzvləri, strukturları Azərbaycanla əməkdaşlıq əvəzinə çox yanlış bir yol seçiblər. Bu təzyiq metodu Azərbaycan tərəfindən heç vaxt birmənalı şəkildə qəbul oluna bilməz. Avropa Məhkəməsinin qərarlarının icrası prosesini Azərbaycan daim aparır. Sadəcə, bunlar müəyyən prosedurlar şəklində həyata keçirilməlidir. Ali Məhkəmədə də qərarlar müəyyən müddətlər ərzində həyata keçirilir”.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycan hökumətinin qərarların icrasını ləngitdiyini bildirdi: “Görürəm ki, yeni məruzəçinin təyin olunmasına sevinirlər. Düşünürəm ki, Avropa Şurası heç bir şey edə bilməyəcək. Bu şura QHT kimi bir qurumdur. Yaxşı olardı ki, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına köməklik göstərərdilər. Boş-qoş qərarların qəbulunun heç bir əhəmiyyəti yoxdur. Ölkə daxilində vətəndaş cəmiyyəti olmadığı sürəcdə siyasi məhbuslar məsələsi həll olunmayacaq. Dəfələrlə görmüşük ki, siyasi məhbuslarla bağlı məruzəçilər təyin olunub, hesabatlar hazırlanıb, bir nəticəsi olubmu? Yenə də bir məruzəçi gələcək, ona 5-6 siyahı təqdim olunacaq, bu siyahılara da şübhəli baxışlar formalaşacaq, ortaya isə bir nəticə çıxmayacaq. Hələ ki ümidlənməyə bir səbəb yoxdur. Yaxşısı bu olardı ki, məruzəçini, sanksiya hədələrini gözləmədən bu məsələ həll olunsun”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu AŞ PA-da Azərbaycana qarşı qərəzli münasibətin davam etdiyini söylədi: “AŞ PA-da ölkəmizə qarşı son hücumlardan sonra gözləyirdik ki, yeni məruzəçi təyin edəcəklər. Təzə məruzəçinin olması ciddi bir hadisə deyil. Bizə ən çox vacib olan odur ki, Azərbaycan haqqında mənfi imic formalaşmasın deyə dekabra qədər amnistiya və digər yollarla bütün siyasi məhbuslardan azad olaq. Yalnız bundan sonra yeni addımlar ata bilərik”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar