Sahibə Qafarova: Azərbaycan Prezidenti ciddi arqumentləri ilə Ermənistanın keçmiş rəhbərliyini növbəti dəfə ifşa etdi

08.06.2018 11:36     A-reaksiya     1458

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində bir çox mühüm məsələlərə toxundu, ölkəmizin sosial-iqtisadi inkişafı, qarşıda duran hədəflərlə bağlı dərin təhlillərini diqqətə çatdırdı. O cümlədən dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın keçmiş kriminal hakimiyyətinin cinayətkar fəaliyyəti haqqında söylədiyi fikirlər həm beynəlxalq ictimaiyyətə, həm də erməni xalqına ciddi mesajlarla dolu idi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, dövlətimizin başçısının da ifadə etdiyi kimi, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd–yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir. Bu gün Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması heç kimdə şübhə doğurmur. Bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan separatçı, kriminal rejimi tanımır. Şübhə yoxdur ki, bütün bunlar Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın parlaq nəticələridir. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunacaq. Bu məsələdə Azərbaycan öz istədiyinə nail olacaq, ədalət bərpa ediləcək. Tarixi həqiqətlər, beynəlxalq hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi gücü, hərbi potensialı və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.

Milli Məclisin deputatı qeyd edib ki, erməni xalqı bu gerçəkliyi nə qədər tez dərk edərsə, bir o qədər onun xeyrinə olar. Bu gün Ermənistandakı ağır böhranın kökündə bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistana heç nə qazandırmayıb, əksinə, bu dövlət işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Bütün regional layihələrdən, mühüm enerji və nəqliyyat dəhlizlərindən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistan Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində dalana çevrilib. Təbii ki, bunda ölkəyə rəhbərlik etmiş kriminal ünsürlərin, o cümlədən Ermənistanın keçmiş rəhbərlərinin rolu olub.

Sahibə Qafarovanın fikrincə, Prezident İlham Əliyev iftar mərasimindəki nitqində çox ciddi arqumentləri ilə Ermənistanın keçmiş rəhbərlərini növbəti dəfə ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın əvvəlki hakimiyyətinin bir çox hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətdiyini, bu kriminal, quldur rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistanın acınacaqlı vəziyyətə düşdüyünü bildirdi. Prezident İlham Əliyev dedi ki, nəhayət, erməni xalqı da anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdüb. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və onlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, tarixi gerçəkliklər əsasında həlli prosesində səmimi olaraq iştirak edəcək. Sirr deyil ki, əvvəlki hakimiyyət danışıqlarda imitasiya ilə məşğul olurdu, müxtəlif təxribat və bəhanələrlə status-kvonu saxlamağa cəhd edirdi. Amma Azərbaycanın və münaqişənin həllinə vasitəçilik edən həmsədrlərin mövqeyi bundan ibarətdir ki, status-kvo dəyişməlidir və münaqişənin həlli ilə bağlı real addımlar atılmalıdır.(azərtac)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar