Elçin Mirzəbəyli: TANAP-ın açılışı, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir
14.06.2018 11:46 A-reaksiya 1176
Son illər Türkiyə ətrafında baş verən hadisələri, bölgədə cərəyan edən ziddiyyətli geosiyasi prosesləri, regional güc mərkəzlərinin qlobal geoiqtisadi proseslərin, meqaenerji və nəqliyyat layihələrinin istiqamətini dəyişmək cəhdlərini nəzərə alsaq, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışını mühüm hadisə kimi qiymətləndirmək olar.
Bu fikri azərtaca açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindən sonra TANAP-ın açılışının keçirilməsinə Azərbaycanla Türkiyənin, təbii ki, Gürcüstan da daxil olmaqla, enerji dəhlizlərinin diversifikasiyası istiqamətində illər öncə başladığı və pozuculuğu dövlət siyasətinə çevirən bəzi ölkələrin skeptik yanaşdığı prosesin növbəti dəfə öz məntiqi nəticəsinə varması və nəticənin bayram edilməsi kimi yanaşmaq daha doğru olar. Region dövlətlərinin iqtisadi gücə çevrilməsinə, müstəqil siyasət yürütməsinə ən müxtəlif ölkələrdən və ən müxtəlif nüfuz müvəkkilləri vasitəsilə mane olmağa çalışan dairələr hələ də bu prosesə qarşı müqavimət göstərməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin söylədiyi kimi, TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün oldu. Cənub Qaz Dəhlizi ilə bağlı ilk bəyannamənin imzalandığı 2011-ci ilədək Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılıb, Mərkəzi Asiya da daxil olmaqla daha geniş bir ərazini əhatə edəcəyi bildirilən layihə təşəbbüsləri irəli sürülüb. Azərbaycanın iştirakının nəzərdə tutulduğu və tutulmadığı çoxsaylı ideyalar dilə gətirilib və hətta uzunmüddətli müzakirələrin predmetinə çevrilib. Nəzərə alsaq ki, bütün bu təşəbbüslərin ideya müəllifləri hansısa marginal qruplar, yaxud beynəlxalq arenada hər hansı bir təsir gücünə malik olmayan ölkələr deyil, tarixboyu dünyanın enerji xəritəsini cızan, istiqamətləri və hədəfləri müəyyənləşdirən dövlətlər və transmilli şirkətlər olub, o zaman Azərbaycan və Türkiyənin liderlərinin qətiyyətli mövqeyinin, gərgin əməyinin, siyasi manevr potensialının miqyasını müəyyənləşdirmək mümkündür. Azərbaycan Prezidenti TANAP-ın açılış mərasimindəki çıxışında bu layihənin ərsəyə gəlməsində göstərdiyi fədakarlıq barədə olduqca böyük təvazökarlıqla danışsa da, geridə qalan zaman kəsiyində baş verən tarixi proseslər, qlobal qarşıdurmalar, soyuq enerji və ticarət müharibələri müstəvisində dəyərləndirmələr aparmaq mümkündür.
Ümumi vəziyyətlə bağlı xatırlatma verən ekspert əlavə edib ki, 2002-ci ildən başlayaraq həyata keçirilməsi üçün hazırlıqlarına başlanılan “Nabukko” layihəsi ilə bağlı proses bəzi iştirakçı ölkələrin, eləcə də Avropanı təbii qazla təmin edən ənənəvi ixracatçıların manipulyativ davranışları, çoxsaylı informasiya təxribatları ilə qarşılaşdı. Türkmənistandan Azərbaycana, buradan isə Avropa İttifaqına, ilk növbədə, Avstriya və Almaniyaya çəkilməsi nəzərdə tutulan 3300 kilometrlik “Nabukko” qaz kəmərinin bu səbəbdən də dalana dirəndiyini deyən müsahibimiz bildirib ki, layihənin həyata keçirilməsinə başlanılması ilə bağlı hər dəfə yeni tarix müəyyənləşdirildi. Bu vəziyyət isə şübhəsiz ki, layihənin həyata keçirilməsində maraqlı olan dövlətləri, xüsusilə də Azərbaycanı və Türkiyəni, eləcə də Avropa İttifaqının birqütblü enerji asılılığında olmasını arzulamayan, bunun geoiqtisadi nəticələrini hesablayan dövlətləri qane edə bilməzdi.
Elçin Mirzəbəyli qeyd edib ki, bu vəziyyəti dəyişmək üçün “Nabukko” layihəsində də iştirak edən bəzi ölkələrin çoxsaylı manevrlərinə baxmayaraq, 2009-cu ildə Avropa İttifaqının enerji ixracatçılarının inhisarına son qoyulması məqsədilə “Üçüncü enerji paketi” qəbul edilib. 2011-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı bəyannamə imzalandı. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə Trans-Anadolu qaz boru kəməri gündəmə gəldi və layihənin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyənin liderləri təzyiq və təxribat xarakterli çoxsaylı kampaniyaların qarşısında vahid mövqe, güclü siyasi iradə nümayiş etdirdilər. Avropa İttifaqında ənənəvi qaz ixracatçıları vasitəsilə əsas qazpaylayıcı şəbəkələrə sahiblənmiş, Avropa İttifaqının enerji siyasətində aparıcı mövqelərini itirməklə barışmayan, eləcə də “Nabukko”dan əli üzülən bəzi ölkələr Azərbaycana və Türkiyəyə qarşı ən müxtəlif bəhanələrlə böhtan və qarayaxma kampaniyalarını gücləndirməyə başladıqlarını deyən ekspert vurğulayıb ki, Avropa Parlamentində Azərbaycan və Türkiyə ilə bağlı aparılan çoxsaylı müzakirələri, bu prosesdə Avstriya və Almaniyadan olan deputatların xüsusi fəallıq göstərmələrini xatırlamaq baş verənlərin mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsi, qətiyyətli mövqeyi maneələrin dəf edilməsinə, prosesin tez bir zamanda irəli aparılmasına imkan yaratdı. Məhz bu səbəbdən Prezident İlham Əliyev açılış mərasimində TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəri kimi qiymətləndirdi, hər iki ölkənin birlikdə XXI əsrin enerji tarixini yazdıqlarını vurğuladı. Bu, şübhəsiz, belədir. Layihədə iştirak edən və prosesi dəstəkləyən bütün digər ölkələrin və şirkətlərin əməyi də yüksək dəyərləndirilməlidir. Lakin bu tarixi hadisə, ilk növbədə, Azərbaycanın və Türkiyənin qələbəsidir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bölgə xalqlarının rifahına, Avropanın enerji təhlükəsizliyinə, sülhə, əmin-amanlığa, sabit və dayanıqlı inkişafa verdikləri ən böyük töhfədir.
Şərhlər