“TANAP-ın açılışı siyasi və təhlükəsizlik baxımından çox əhəmiyyətlidir” - Azay Quliyev 0 14 İyun 2018 13:51
14.06.2018 13:57 A-reaksiya 1157
Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın strateji layihəsidir və bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir. Bunu Trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, TANAP Azərbaycanın Avropanı Asiya ilə birləşdirən çox mühüm enerji layihəsidir.
Millət vəkili qeyd edib ki, bu layihənin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından da əhəmiyyəti var:
“Cənab Prezident İlham Əliyev bundan əvvəl TANAP haqqında belə bir fikir səsləndirmişdi: “TANAP Avropanın enerji xəritəsini tamam dəyişəcək”. Həqiqətən də bu gün Avropanı alternativ enerji ilə təmin edən çox böyük potensiala malik TANAP-ın açılışı böyük tarixi hadisədir və əminəm ki, bu layihə Azərbaycanın həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verəcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.
Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Şərhlər