“Kimlərinsə təşəbbüsü ilə hazırlanan qanun uzunömürlü ola bilməz” - - Ekspertdən irad
14.06.2018 14:26 A-reaksiya 1330
“Qüvvədə olan qanuna edilən əlavə və dəyişikliklər nəinki ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, hətta Milli Məclis üzvlərinin belə tənqid hədəfinə tuş gəlir”.
Reaksiya.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, təhsil qanunvericiliyinin əsas hissəsi təhsil haqqında qanundur:
“Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir. Təhsil qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir, sistemin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradır. 1999- cu ilin iyun ayında təsdiq edilən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda 1992-ci ildə tələsik qəbul olunan təhsil qanununun inkişafın qarşısını aldığı, hətta bir sıra yeni problemlər yaratdığı qeyd edilirdi. Həmin qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birilə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırdı. Qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yarandı, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanması və tətbiqində maneələr meydana gəldi. Beləliklə, 1992-ci ildə qəbul olunan qanun respublikada təhsil prosesinin inkişafına şərait yarada bilmədi”.
Nadir İsrafilov qeyd edib ki, 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu da öz mükəmməlliyi və dayanaqlılığı ilə ümidləri doğrultmayıb:
“Bu qanun ciddi mübahisə predmentinə çevrilərək, “çərçivə qanunu” statusu alıb. Əlavə olaraq, sahəvi qanunların -“elm haqqında”, “ali təhsil haqqında”, “məktəbəqədər təhsil haqqında”, “orta ümumtəhsil haqqında”, “peşə təhsili haqqında” və s.qanunların hazırlanmasına və qəbuluna, eyni zamanda mövcud qanunun özünə belə əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranıb. Təəsüfləndirici cəhət odur ki, qüvvədə olan qanun və ona edilən əlavə və dəyişikliklər nəinki ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, hətta Milli Məclis üzvlərinin belə tənqid hədəfinə tuş gəljr. Bu barədə ənənəvi və elektron mediada kifayət qədər münasibət öz əksini tapıb. Hesab edirəm ki, “Təhsil haqqında” Qanunun ətrafında yaranan vəziyyətə ən konkret və sərrast cavabı elə Milli Məclisin spikeri Oqtay Əsədov özü verib: “ İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı. Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur. Onda gəlin, Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”
Kimin və ya kimlərinsə konkret təklif və təşəbüsü ilə hazırlanan qanun uzun ömürlü və dayanaqlı ola bilməz. Qanunun hazırlanması geniş müzakirə və ümumi ictimai rəyin öyrənilməsini tələb edir. Əbəs yerə ölkə başçısının sərancamına əsasən, Milli Məclis tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməyib. Qanuna dəyişiklik edilsə belə, elə edilməlidir ki, onu hər dəfə dəyişdirməyə ehtiyac qalmasın”.
Qeyd edək ki, Milli Məclisin 12 iyun keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur.
Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddənin 5-ci bəndi yeni redaksiyada verilir:
Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilir. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.
Şərhlər