Putindən Bakı ilə bağlı nazirlərə - - Mühüm göstəriş

17.06.2018 11:13     A-reaksiya     1659

Azərbaycan Rusiyanın strateji tərəfdaşı, Ermənistan isə Rusiyanın strateji müttəfiqidir. Ancaq hər an yerlər Bakının xeyrinə dəyişə bilər.

Bu sözləri Axar.az-a Azərbaycan və Rusiya prezidentlərinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşü kifayət qədər müsbət əhəmiyyətə malikdir:

“Çünki Qarabağla bağlı danışıqlar prosesi, demək olar ki, tamamilə dayanıb. Həmsədrlər nə qədər çalışsalar da, danışıqlara intensivlik verə bilmirlər. Üstəlik, Ermənistanın yeni rəhbərliyi Serj Sərkisyan dövrünə nisbətən Qarabağ probleminə dair daha millətçi şüarlar səsləndirir, danışıqları yeniləmək üçün məntiqə sığmayan qeyri-konstruktiv şərtlər irəli sürür. Azərbaycan prezidenti son çıxışlarında sülh danışıqlarına ümid bəslədiyini bildirib və bunu İrəvanın sonuncu şansı adlandırıb. Danışıqlar prosesi bərpa edilməsə, bunun alternativi olan müharibə variantı işə düşəcək. Düzdür, prezidentin son mesaj və xəbərdarlıqlarından sonra Ermənistan siyasi rəhbərliyi tam olmasa da, ritorikasını müəyyən qədər dəyişib. Qarabağ adından danışmağa icazəsinin olmadığını deyən Paşinyan bu mövzuda İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib. Bu, ikibaşlı bir mövqedir və burada erməni hiyləgərliyinin özünü göstərdiyini görməmək mümkün deyil”.

Politoloq bu fonda son vaxtlar Lavrovun timsalında Moskvadan verilən mesajlara da diqqət çəkib:

“Lavrov Qarabağ separatçılarının danışıqlara qatılması haqqında məsələyə münasibət bildirərkən bunun daha çox Azərbaycandan asılı olduğunu qeyd etdi. Lavrova qalsa, o əvvəllər də qondarma rejimin danışıqlarda tərəf kimi çıxış etməsinin tərəfdarı olub. Ancaq indi Rusiyadan fərqli və yumşaq şərhlər eşidilməkdədir. İrəvana münasibətdə də əvvəlki tonun dəyişdiyini görməmək mümkün deyil. Yəni İrəvanda yeni kadr korpusunun formalaşdırılması və köhnə ruspərəst qüvvələrin sıradan çıxarılması, zənnimcə, Moskvada müəyyən ruh düşkünlüyü yaradıb. Əldə etdiyim məlumata görə, Moskva xarici siyasətlə bağlı olan nazirliklərə Azərbaycanla əlaqələrin daha da möhkəmləndirməsinə dair göstəriş verib. Bu o deməkdir ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olsa da, yerlər dəyişə bilər. Yəni Azərbaycana diqqət daha da arta və ölkəmiz Rusiyanın strateji müttəfiqinə çevrilə bilər. Bu şərtlə ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin və münasibətlərdə ikili standartlardan imtina edilsin. Hesab edirəm ki, Əliyev-Putin görüşündə bu məsələlər ətraflı müzairə ediləcək və Dağlıq Qarabağ məsələsində birmənalı mövqe ortaya qoyulmasına cəhd ediləcək”.

Politoloq Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı Moskvadan müsbət notların səsləndirilməsini də istisna etməyib:

“Hər halda danışıqlar mühüm əhəmiyyətə malikdir və Dağlıq Qarabağ problemində Rusiyanın siyasətində müəyyən dəyişikliklərə nail olmağa imkan var. Ümid edirəm ki, Bakıya imkanlar yaradıla bilər. Bu nöqteyi-nəzərdən prezidentlərin görüşü çox maraqlı və məhsuldar olacaq. Rusiyada beynəlxalq futbol turnirinin keçirilməsindən sonra Moskva müsbət əhval-ruhiyyədə olacaq. Bu müsbət əhval-ruhiyyənin təsiri altında Azərbaycan-Rusiya danışıqları uğurlu bir mərhələyə qədəm qoya bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Reaksiya.az

Şərhlər