Alimdən iddia: Bakı lokal hərbi əməliyyat apara bilər

20.06.2018 13:15     A-reaksiya     1157

Həm Dağlıq Qarabağda, həm də Ermənistanda vəzifədə olan adamlar arasında klan mübarizəsi gedir.

Bu sözləri axar.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı deyib. O bildirib ki, Paşinyanın siyasi rəhbərliyə başlamasından sonra həm Ermənistanda, həm də Dağlıq Qarabağda gərginlik müşahidə olunur:

“Paşinyanın Dağlıq Qarabağa tez-tez səfər etməsinin səbəblərindən biri budur. Çünki burada artıq Paşinyn hakimiyyətini qəbul etməyən adamlar var. Eyni zamanda, qondarma rejimə rəhbərlik edənlər arasında Paşinyanın qəbul etmədiyi şəxslər mövcuddur. O, həmin şəxsləri hakimiyyətdən uzaqlaşdırıb, öz adamlarını bura yerləşdirmək üçün bölgəyə səfərlərinin sayını artırıb. Bir neçə gün əvvəl Dağlıq Qarabağda da müəyən insidentlər olmuşdu. Baş verən insidentlər də onu göstərirdi ki, həm Ermənistanda, həm də Dağlıq Qarabağda daxili siyasi və ictimai gərginlik hökm sürür. Paşinyanın hakimiyyətinin müvəqqəti olduğunu söyləyənlər də az deyil. Buna qarşı dirəniş bundan sonra da davam edəcək”.

Q.Çaxmaqlı vurğulayıb ki, Rusiya Paşinyan hakimiyyətinin müvəqqəti olacağını düşünür:

“Çünki Rusiyanın Ermənistanda hakimiyyətdə olmasını istədiyi adam Paşinyan deyil. Rusiya Paşinyanın hakimiyyətini sarsıtmaq üçün Azərbaycandan istifadə edə bilər. Cəbhədə gərginlik yaratmaq və belə bir fikir formalaşdırmaq istəyirlər ki, Azərbaycan bu siyasi xaosdan istifadə edib hər an hücum edə bilər. Paşinyan da bununla bağlı tədbirlər görülməsini önə çıxarır. Ermənistan hakimiyyətində olan şəxslər Qarabağa səfər etməklə qorxmadıqlarını göstərməyə çalışırlar. Burada qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur”.

Q.Çaxmaqlının sözlərinə görə, əgər gərginlik belə davam etsə, bu, lokal savaşa çevrilə bilər:

“Yəni Azərbaycan və Ermənistan arasında Azərbaycanın işğal edilmiş ərazisində lokal xarakterli toqquşma ehtimalı var. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə hazırdır. Ermənistanda olan hər cür siyasi qarışıqlıqdan və gərginlikdən öz xeyrimizə yararlanmalıyıq”.

Q.Çaxmaqlı qeyd edib ki, bu gün Rusiya gözləmə mövqeyindədir:

“Rusiya istəmir ki, Ermənistanı öz nəzarətindən buraxsın. Çünki Paşinyan hakimiyyəti Qərbə meyilli siyasət ortaya qoydu. Amma Rusiyanın əlində yetərli rıçaqlar var ki, Ermənistanı özünə tabe eləsin və Ermənistana öz siyasətini diqtə eləsin”.

Alim vurğulayıb ki, həmsədrlər iki ölkə arasında danışıqların davam etdirilməsində maraqlıdırlar:

“Paşinyan hakimiyyətə gələr-gəlməz belə bir bəyanat verdi ki, Dağlıq Qarabağ separatçıları da bu prosesə qoşulsun. Bu mümkün deyil. Çünki orada qanuni hakimiyyət yoxdur. Bu da danışıqlar prosesini uzatmaq üçün Ermənistan hakimiyyətinin növbəti cəhdidir. Ermənistan status-kvonu davam etdirmək istəyir. İllərdir ki, bu prosesi bir bəhanə ilə uzadırlar. Bu məsələnin həlli üçün Ermənistan tərəfindən heç bir normal addım atılmayıb”.

 

 

Şərhlər