“26 iyun paradı Ermənistan və onun havadarlarına mesajdır”
20.06.2018 14:54 A-reaksiya 1234
Şair Ramaldanov: “Düşmənlərimizin bu paraddan çıxartmalı olduğu dərslər var”
26 iyun tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ölkə paytaxtında bütün qoşun növlərinin iştirak edəcəyi paradla qeyd ediləcək. Bəs bu paradı həm də Ermənistan və eləcə də işğalçı dövlətin himayədarlarına yönəlik əzələ nümayişi kimi də dəyərləndirmək mümkündürmü? Ermənistanın bu paraddan almalı olduğu dərslər, çıxarmalı olduğu nəticələr varmı?
Moderator.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov sözügedən paradın Ermənistan və onun havadarlarına mesaj olduğunu qeyd etdi:
“Bu parad SQ-in 100 illiyi ilə əlaqədar keçirilir. Əsas səbəb budur. Məqsəd bu 100 illiyi təntənəli şəkildə qeyd etməkdir.
Paradda silah nümunələri göstərilir, güc nümayiş olunur. Bu baxımdan parad ilk növbədə Azərbaycan xalqı üçün SQ-mizin hansı gücdə, hansı qüdrətdə olmasının göstəricisidir. Insanlar görür ki, ordu onların qürur yeridir.
SQ-miz əvvəl ümummilli lider Heydər Əliyevin, sonra isə ali baş komandan İlham Əliyevin şəxsi diqqəti sayəsində ən müasir silahlarla təchiz edilib. Bu gün ordumuz dünyada ən müasir orduların sırasında yer alır. 130 dövlət sırasında beynəlxalq statitsikada Azərbaycan ordusu 53-cü sırada qərarlaşmışdı. Bu, böyük nəticədir. 50 əmsal əsasında aparılan müqayisələr nəticəsində bu yer müəyyənləşib.
Bədnam qonşularımız, Qarabağı zəbt edən işğalçı qüvvələr, Ermənistan Azərbaycanın hazırkı gücünü bu parad vasitəsi ilə görəcək. Azərbaycan bu paradda öz gücünü nümayiş etdirəcək. Düşmənlərinə belə bir mesaj verəcək ki, əgər siz işğalçılıq siyasətindən imtina etməsəniz, bu güclə qarşılaşacaqsınız. Odur ki, bu parada Ermnistan və onun havadarlarına qarşı həm də əzələ nümayişi kimi dəyərləndirmək mümkündür. Və əlbəttə ki, düşmənlərimizin bu paraddan çıxartmalı olduğu dərslər var ”.
Şərhlər