"Hərbi parad işğalçılara çox ciddi mesaj olacaq"
22.06.2018 15:22 A-reaksiya 1304
“Şübhəsiz ki, 100 il geriyə baxanda bu gün Azərbaycan ordusunun əldə etdiyi uğurlar nəinki silahlı qüvvələrimizin döyüş qabiliyyəti, həmçinin ölkəmizin özünün müdafiə sənayesini olması, silahlı qüvvələrimizin ən müasir silah-sursat, texnika ilə təmin olunması bir möcüzə kimi görünür”. Bu fikirləri siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
100 il bundan öncəki şəraitin fərqli olduğunu deyən siyasi-şərhçi söyləyib ki, həmin dövrdə Azərbaycan torpaqlarının, paytaxt Bakının işğal altında olduğu dövrdə ordu yaratmaq, torpaqları işğaldan azad etmək, Bakını bolşevik erməni quldur dəstələrindən təmizləyərək paytaxt statusunu ona vermək böyük hadisə idi.
E.Mirzəbəyli bildirib ki, Azərbaycan ordusunun taleyinə hər yaranışda döyüşmək düşüb.
“Cümhuriyyətimizin ilk ordusu da məhz döyüşdə yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Cümhuriyyətimizin hüquqi səlahiyyətlərinin bütün ölkə ərazisində keçməsi üçün təkcə ordu deyil, eyni zamanda polis sistemi, silahlı qüvvələrin bütün strukturları, təhlükəsizlik qüvvələrinin yolu mübarizədən keçib. Bu gün 100 il əvvəlki tarixə nəzərə saldıqda babalarımızın göstərdikləri şücaət, qəhrəmanlıqla yalnız qürur duymaq olar. Bu gün biz yenə həmin azərbaycanlılarıq. Biz yenə öz dövləti ilə qürur duyan, Şərqdə ilk Cümhuriyyət quran, ilk demokratik cəmiyyət formalaşdıran, qadınlara ilk səsvermə hüququ verən və bütün demokratik dəyərləri bir sıra Avropa ölkələrindən daha öncə mənimsəyən xalqın övladlarıyıq. Bu gün qurduğumuz dövlət və onun inkişafı Azərbaycan xalqının potensialının nə qədər yüksək olduğunu sübuta yetirir. Şübhəsiz ki, belə bir millətin və xalqın ordusu güclü və ona layiq olmalıdır ”, - deyə siyasi şərhçi qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin silahlı qüvvələrin inkişafı üçün ən yüksək səviyyədə dəstək verdiyini xüsusi vurğulayan E. Mirzəbəyli prezidentin timsalında yürüdülən siyasətin Azərbaycanda vətənpərvərliyin ən gözəl nümunələrindən biri olduğunu deyib: “Bu gözəl nümunə həm vətəndaşlarımıza, həm silahlı qüvvələrimizin şərəfli əsgər və zabitlərinə müsbət təsir göstərir, onların döyüş ruhun yüksəldir. Mən şübhə etmirəm ki, Azərbaycanda ordumuzun 100 illiyi ilə əlaqədar keçiriləcək parad ölkəmizi sevməyən dairələrə və qüvvələrə, işğalçılara çox ciddi mesaj olacaq. Bu möhtəşəm tədbirin yaxın dövrlərdə Azərbaycanın işğal altında olan ərazilərində qələbə paradı ilə davam edəcəyinə əminəm”.(sia)
Şərhlər