Paşinyanın Avropa fiaskosu - “Bizi başdan elədilər...”

14.07.2018 18:25     A-reaksiya     2383

Qərb paytaxtlarından Rusiyaya qarşı qarant və 160 milyon avro almağa gedən erməni baş nazir pərt oldu; Paşinyandan acı etiraflar: “Avropanın bu mövqeyi bizim üçün aydın və qəbuledilən deyil, Ermənistan konkret kömək gözləyirdi, onlar isə...”

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya ilk səfəri erməni tərəfinin, onun KİV-nin yaratdığı təbliğati hay-küyə rəğmən, uğursuz oldu. N.Paşinyan Brüssel səfərindən məyus və əli boş qayıtdı. Artıq bunu əminliklə qeyd eləmək olar. Avropa Birliyi (AB) və NATO rəsmiləri ilə, Fransa və bəzi digər AB ölkələri prezidentləri ilə görüşsə də, işğalçı ölkənin rəhbərinə real heç bir maliyyə-siyasi, təhlükəsizlik vədi verilmədi. Qarabağ məsələsində də İrəvanın gözləntiləri puç oldu.

Nikol Paşinyan “inqilabın” lideri kimi əmin idi ki, AB-dən və onun rəsmilərindən özünə və ölkəsinə qarşı böyük diqqət olacaq. Amma onun önünə heç kim “qırmızı xalça” sərmədi, Paşinyanın təntənəli şəkildə, alqışlarla qarşılanması da baş vermədi...

*****

Erməni baş nazir isə belə görünür, özünü sındırmamaq üçün səfərin əsas nəticəsi kimi “İrəvanın mövqeyinin Avropa paytaxtlarına izah eləməsində” gördüyünü deyib. “Yeni Müsavat” “Sputnik Armeniya” nəşrinə istinadən xəbər verir ki, bunu Paşinyan Brüsseldə səfərin yekunları ilə bağlı erməni və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.

“İnqilabdan sonra Ermənistan demokratik yolla inkişaf eləmək niyyətindədir” deyən Paşinyan beynəlxalq tərəfdaşlarının köməyi ilə Ermənistanın bunu daha tez həyata keçirə biləcəyini söyləyib. “Lakin İrəvan yalvarışçı durumda da olmayacaq”, - deyə o, bu yöndə real dəstək görmədiyi Avropa paytaxtlarından gileyini ifadə edib.

Eyni zamanda o, Avropanın Ermənistana münasibətdə mövqeyinin ona tam aydın olmadığını etiraf edib: “Ermənistandakı ”məxməri inqilab"dan sonra Avropa paytaxtlarının yüksək səviyyəli bəyanatları real işlə tamamlanmayıb. Az öncə bəyan edildi ki, Avropa Birliyi Ermənistana 160 milyon avro yardım eləməyə hazırlaşır. Bu, məhz AB tərəfindən bu və ya başqa şəkildə nəzərdə tutulan yardımın məbləği idi. Mən tərəfdaşlarımıza dedim, baxmayaraq ki, əvvəllər bu rəqəm açıqlanmayıb, ancaq mən işin içindəyəm ki, bir neçə ay öncə bu məsələ var idi. Yəni heç nə dəyişməyib".

Yekunda erməni baş nazir təəssüflə qeyd edib ki, Avropa liderlərinin isti bəyanatlarına rəğmən, onların İrəvana münasibətdə siyasəti mahiyyət etibarilə dəyişməz qalıb. “Halbuki Ermənistan onlardan daha konkret və daha böyük həcmdə dəstək gözləyirdi. Açığı, mən bizim tərəfdaşlara anlatdım ki, bu, bizim üçün elə də aydın və qəbuledilən deyil. Başqa yandan, bir daha təkrarlayım ki, biz dilənçi mövqeyində də olmayacağıq. Bu - onların mövqeyi, onların seçimidir. Hansı siyasəti yürütmək də onların öz işidir. Nə vaxt mövqelərini dəqiqləşdirırlər, o vaxt da biz onların siyasətinə münasibətimizi müəyyən edərik”.

Paşinyan ile ilgili görsel sonucu

Erməni qaynaqlarının yazdığına görə, Paşinyan qeyd edib ki, “bu mövqeni avropalı tərəfdaşlarına anladıb” və bundan ötrü “müxtəlif üsul və aksentlərdən” istifadə edib. “Onlar hay-küylü bəyanatlar verirlər, amma işə gələndə əvvəlki rəqəmləri yeni kimi təqdim edirlər. Əgər onların işi yalnız bundan ibarətdirsə, qoy tempi bir az aşağı salsınlar. Yox, tonu aşağı salmırlarsa, onda kömək eləsinlər və daha yaxşı əməkdaşlıq eləsinlər”, - deyə erməni baş nazir bir az da Avropa liderlərinə ağıl öyrədirmiş kimi, hədələyici tonda fikrini tamamlayıb.

*****

Beləcə, Ermənistanın baş naziri çox ümid elədiyi Avropa turnesindən “əli ətəyindən uzun”, heç bir maliyyə, hətta ciddi siyasi dəstək almadan geri dönüb. Paşinyan Brüsselə səfəri zamanı, məlumatlara görə, cidd-cəhdlə AB-dən ən azı, 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait büdcəsi boş olan Ermənistanda yeni seçkilərin keçirilməsi üçün vacibdir. Görünən budur ki, Nikol Paşinyan nə qədər ki, nüfuzu qalır, qısa müddətdə seçkilər keçirib məsələni həll etmək istəyir. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə vəsait yoxdur və ona hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi.

Məmmədyarov-Mnatsakanyan ile ilgili görsel sonucu

Bütün bunların adı isə fiaskodur. “Yeni Müsavat” ötən sayında yazdığı kimi, o sırada Paşinyanın Qarabağ şərti də (separatçıları müstəqil tərəf kimi sülh danışıqlarına qoşmaq tələbi) Avropada qəbul olunmayıb və Brüsseldə həmsədrlərin iştirakı ilə reallaşan və 4 saat çəkən ilk Məmmədyarov-Mnatsakayna görüşü ilə köhnə formatda danışıqlar davam etdirilib. AB-nin baş diplomatı Federiko Mogerini məhz İrəvana açıq mesaj olaraq bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir.

Bundan əlavə, istər Azərbaycanla AB arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə bir daha dəstək ifadə olundu. Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı.

*****

Böyük bir heyətlə Brüsselə gedən Paşinyanın fiaskosunun səbəblərinə gəlincə, onun Qərb liderləri ilə gülərüz şəkillər çəkilməsinə rəğmən, bir daha əminlik hasil oldu ki, Avropa paytaxtlarında, Vaşinqtonda haqlı olaraq, Nikol Paşinyanın öz sələfi Serj Sərkisyan kimi xarici oriyentasiya ilə bağlı “iki stulda” oturmaq siyasəti ciddi qəbul edilmir. Onlar Rusiyanın ağuşunda ola-ola, Kremlin hərbi-siyasi müttəfiqi və hərbi qalası qismində qala-qala, demokratik dəyişikliklərin baş verəcəyinə və köklü islahatlar aparılacağına inanmırlar. Kəsəsi, Paşinyanın inqilabi islahat proqramına şübhə ilə baxırlar.

Diqqət edin, qonşu Gürcüstanla bağlı Brüsseldə aydın bir mesaj verildi ki, bu ölkə mütləq NATO-nun üzvü olacaq, eyni zamanda NATO-nun Yekun bəyannaməsində ilk dəfə olaraq, Rusiyadan, üstəlik, öz işğalçı qoşunları Gürcüstan ərazisindən çıxarmaq tələb olundu. Münasibət, yanaşma, real dəstək budur.

İlham Əliyevin Avropa və NATO rəsmiləri ilə görüş ile ilgili görsel sonucu

Elə Azərbaycana münasibət də kifayət qədər isti, ciddi və Ermənistandan qat-qat güclü oldu. Azərbaycan prezidenti İlham Əliyevin Avropa və NATO rəsmiləri ilə görüşdə ölkəmizin regiondakı rolu və Avropa üçün önəmi, o sırada qitənin energetik təhlükəsizlyində Azərbaycanın ildən-ilə artan əhəmiyyəti bir daha, xüsusi vurğulandı. Azərbaycan prezidentinin və erməni baş nazirinin Brüsselə səfərləri əslində güclü, özünə güvənli böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazının açıq nümayişi oldu.

Hər necə olmasa, işğalçı ölkədən fərqli olaraq, müstəqil və şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycanın Avropa üçün ən azından energetik dəyəri var. Ermənistan nə ilə dəyər kəsb edir bəs - ərazisindəki Rusiya qoşunları ilə və ya Moskvanın girovu olması iləmi? Paşinyan öncə bunlardan qurtulub Ermənistanın vassal yox, müstəqil dövlət olduğunu Avropaya sübut eləməlidir. Avropa, ABŞ ondan ən əvvəl bunu gözləyir. Əks halda, heç bir maliyyə, maddi, siyasi dəstək olmayacaq.

Paşinyana Avropadan verilən ən güclü mesaj da budur.(Musavat.com)

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar