Ermənistana Paris zərbəsi: İrəvanda xof - TƏFƏRRÜATLAR

20.07.2018 20:36     A-reaksiya     1318

Azərbaycan Prezidenti İlham Əliyev Fransada rəsmi səfərdədir. Dünən Fransa Senatının sədri Jerar Larşe və Fransanın ən böyük şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu gün isə İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronla təkbətək və geniş tərkibdə görüşləri, danışıqları olacaq.

Bakı ilə Paris arasında, onsuz da, intensiv olan əlaqələrin bu vizitdən sonra daha da fəallaşacağı şübhəsizdir. Emmanuel Makronun payızda Azərbaycana və Ermənistana rəsmi səfər edəcəyini nəzərə alsaq, Fransanın Cənubi Qafqaz regioundakı geosiyasi proseslərə təsir imkanlarını artırmaq, Bakı ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək niyyətində olduğu anlaşılar.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesi üçün ATƏT-in yaratdığı Minsk Qrupunda həmsədr ölkə olan Fransanın proseslərdə son vaxtlar zəifləməyə başlamış mövqeyi, xüsusilə də rəsmi Parisin düşərgələnmiş hakimiyyət qrupları arasında Ermənistana "himayə"ni artırmaqla Bakıya təzyiqlər göstərmək cəhdlərinin Azərbaycanda necə mənfi reaksiya doğurduğunu, nəhayət ki, fransızlar anlayıblar.

Paris dərk etməyə başlayıb ki, tam müstəqil xarici siyasət yürüdən, dünya gücləri ilə yanaşı, işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə normal, maraqların qarşılıqlı təminatına hesablanmış münasibətlər quran Azərbaycanla pressinq, təzyiq, xüsusilə də ikili standartlar siyasəti dili ilə danışmaq, aqressiv siyasət yürüdərək ideologiyasını militar şovinizmə kökləmiş İrəvanın şizofrenik davranışlarına göz yumaraq Bakıdan nələrisə tələb etmək absurddur.

Bununla belə, Paris onu da anlayır ki, Avropa Birliyinin lider ölkələrindən olan Fransa ilə münasibətlərin bütün sahələr üzrə inkişafı Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Azərbaycanın Fransa ilə bağlı gözləntiləri böyükdür. Ən azı Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prosesin beynəlxalq hüququn norma və prinsipləri, ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc, ədalətli çözümü istiqamətində Parisin praqmat, soyuqqanlı, ən əsası isə düşünülmüş və ədalətli mövqe tutacağını gözləyirik.

İrəvana embarqo şoku

Fransanın hərbi-sənaye kompleksi Azərbaycanın Müdafiə Nazirliyi ilə əlaqələr qurmağa çalışır.

Le Parisien nəşrinin yazdığına görə, Fransanın hərbi-sənaye şirkətlərinin Azərbaycana müdafiə xarakterli məhsulların satışına qoyulmuş embarqonu rəsmi Paris ləğv etmək niyyətindədir.

"Fransanın hərbi-sənaye kompleksinə daxil olan şirkətlər Azərbaycanda artıq marketinq araşdırmalarına başlayıblar", - qəzet bildirib.

Bundan başqa, Fransanın hərbi-sənaye şirkətləri 25-27 sentyabr günlərində Bakıda keçiriləcək 3-cü III Beynəlxalq müdafiə sərgisində (3rd Azerbaijan International Defence Exhibition, ADEX) iştirak edəcəklər. ADEX-də Fransanı MBDA Systems, CİFAL Group, Naval Group, Airbus Defense, Etienne Lacroix, Nexter Systems, Proengin, Thales və digər şirkətlər təmsil edəcəklər.

Xarici ölkələrdəki erməni diasporları arasında ən güclüsünün, nüfuzlusunun Fransada olduğunu, qondarma "erməni soyqırımı"nın tarixi fakt kimi danılmasının cinayət sayıldığı barədə qanunun Fransada qəbul edildiyini, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr olduğunu və ən nəhayət, ermənilərlə Ermənistanın tarix boyu Fransaya "hami, xilaskar və dayaq" ölkə qismində baxdıqlarını nəzərə alsaq, rəsmi Parisin mövqelərindəki dəyişikliklər Ermənistanı şoka salıb.

"Şok" ifadəsi təşbeh deyil - bu kəlməni erməni politoloqlar, media və siyasətçilər işlədir, Fransanın çox sərt tənqid edir, Parisi "xəyanətkar, yalançı" adlandırırlar.

Dağlıq Qarabağdakı terrorçu rejimin Parisdə "rəsmi nümayəndəliyi"nin fəaliyyət göstərdiyini və ermənilərin bu səbəbdən Parislə bağlı arxayınçılığının, ümidlərinin böyük olduğunu da xatırlasaq, İrəvanın təlaşı anlaşılandır.

Paşinyan vurnuxur

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa ilə bahəm, Belarusdan da inciyib.

O, "EuroRadio"ya müsahibəsində Belarusun Azərbaycana silah və hərbi texnika satmasını yolverilməz adlandırıb.

"Belarusla yaxşı münasibətlərimiz var. Və hesab edirəm ki, bu münasibətlərin böyük potensialı mövcddur, onları inkişaf etdirməliyik. Belarusun Azərbaycana silah və hərbi texnika satması isə sözsüz ki, bizdə ciddi narahatlıq yaradır. Bu, münasibətlərimiz üçün böyük problemdir. Belarus prezidenti Lukaşenko ilə bu barədə danımışam. Ermənistanla Belarusun KTMT üzvü, strateji tərəfdaş olmaları problemi daha da ağırlaşdırır", - Paşinyan deyib.

Daha sonra o, Minskin ünvanına ultimatum tipli ittiham səsləndirib: "Belarus Ermənistan qarşısında üzərinə götürdüyü müttəfiqlik öhdəliklərini yerinə yetirmir. KTMT üzvü olsa da o, müttəfiqi Ermənistanın düşməni olan Azərbaycanı silahlandırır".

Belarusun Azərbaycana "Polonez" reaktiv artilleriya sistemlərini satmasından çılğına dönən Nikol Paşinyan göründüyü kimi, Ermənistanın sabiq prezidenti Serj Sarqsyandan fərqli siyasət yürütdüyünü göstərməyə çalışır.

O, MDB daxilindəki strukturlarda Ermənistanın maraqlarının təminatını ön plana çəkdiyini vurğulayır. MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük amilindən də Belarusa və Rusiyaya Bakı ilə münasibətlərində "düşünülmüş addımlar atmaq" üçün təzyiq mexanizmi qismində yararlanmaq fikrinə düşən Nikol Paşinyanın cəhdlərinin uğursuzluqla başa çatacağı indidən bəllidir.

Çünki nə Moskva, nə də Minsk N.Paşinyana və onun iqtidarına inanmır. Hətta Rusiyanın hakimiyyət dairələrində N.Paşinyanı ikiüzlü, "Moskvaya üzdə dost kimi görünərək Qərblə sıx əlaqələr quran yalançı" kimi baxan, onu "Rusiya üçün ikinci Poroşenko" sayanların sayı sürətlə artır.

Belə situasiyada Ermənistanın Rusiyaya və Belarusa incik messiclər ünvanlaması, Moskva və Minskdən Bakı ilə əlaqələrə "yenidən baxmağı" tələb edərək məhdulaşdırılma istəməsi ermənilərin gözləntilərinin tam əksi olan effekt verə bilər, verəcək də.

Fransa-Azərbaycan münasibətlərinə gəldikdə isə, Paris illərdən bəri dəyişmədiyi mövqeyində Bakı ilə bağlı çox ciddi yanlışlıqlara yol verdiyini bildiyindən indi həmin nöqsanları tədricən aradan qaldırmağa başlayıb.

Onlar Ermənistana inanmır

Avropa Birliyi ilə Ermənistan arasındakı münasibətlərdə dərin böhran yaranıb. Səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü xarici siyasətinin, onun demokratiya və "Avropa dəyərlərinə can atmaq"la bağlı demaqogiyasının Brüsseldə ikrah doğurmasıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalski arasındakı qiyabi, amma çox sərt mübahisəni nəzərə alsaq, Brüssel bundan sonra İrəvanın siyasətindəki "yeniliklər"i ifrat diqqətlə izləyəcəyini vəd edib.

Ermənistan AB ilə əlaqələrini "mümkün qədər sürətlə inkişaf etdirmək" niyyətini açıqlasa da, Brüssel tələsmir.

Avropa Birliyi yetkililərinin dediklərinə görə, onlar İrəvandakı "inqilab"dan sonra Ermənistanda baş verənləri dəyənlərdirməlidirlər və bunun üçün vaxt gərəkdir.

AB-nin Ermənistandakı səfiri P.Svitalski isə daha sərt danışıb: "Avropa Birliyi Ermənistanla bağlı siyasətini necə və niyə dəyişməlidir ki, Ermənistanın AB ilə münasibətlərində heç bir dəyişiklik yoxdur".

Yəni P.Svitalski hesab edir ki, Ermənistan indi Avropa Birliyi ilə ciddi, məzmunlu münasibətlərə hazır deyil və yaxın gələcəkdə də heç nə dəyişən deyil.

Paşinyanın istəkləri də sərsəmdir: İrəvanda xaricdən idarə olunan "inqilab"dan sonra Ermənistanın xarici siyasətində istiqamət və keyfiyyət dəyişiklikləri yoxdursa, bütün "islahatlar" yalnız şou xarakterli kosmetik yeniliklərdirsə, Avropa Birliyi nə üçün İrəvana inanmalıdır ki...

Üstəlik, ermənilərin istəkləri merkantildir. Yəni Ermənistan Avropa Birliyindən pul dilənir.

Ermənistanın baş katibinin mətbuat xidmətinin rəhbəri Arman Yeqoryan istəmədən, bilaixtiyar olaraq bunu etiraf edib: "Biz Avropa Birliyindən ciddi, böyük məbləğdə maliyyə yardımı gözləyirik. Hazırda o pulları almaq üçün müvafiq proqramlar da hazırlayırıq".

Rəsmi İrəvan Avropadan nə qədər pul gözlədiyini rəsmən açıqlamasa da, ermənilərin 1 milyard avroya ümid etdikləri vurğulanır.

İrəvan mediasında son vaxtlarda Ermənistanla bağlı yeni "Marşal planı" ifadəsinin yer alması da təsadüfi deyil.

Amma bu, real deyil. Çünki Paşiyanın bütün siyasi təlxəkliyinə, vədlərinə rəğmən Ermənistanın Avropa Birliyi ilə inteqrasiya səviyyəsi Brüsselin Moldova, Gürcüstan və Ukrayna ilə münasibətləri səviyyəsində deyil.

Üstəlik, Avropa Birliyi hətta onun şərtlərinin hamısını yerinə yetirən ölkələrə belə, böyük məbləğdə yardımlar etmir.

Avropa Bakıya can atır

ABŞ prezidenti Donald Trampın Londonda və Helsinkində NATO ilə bağlı bəyanatlarından, Avropa Birliyinə qarşı aşkar demarş səciyyəli açıqlamalarından sonra Brüssel xarici siyasət vektorlarında yenilənməyə start verib.

Avropa Birliyi ölkələri "qəflətən" hiss ediblər ki, onlar postsovet məkanı dövlətləri, habelə Ön və Mərkəzi Asiya ölkələri ilə münasibətlərində köklü dəyişikliklər etməli, movetonluqdan əl çəkməli, normal ikitərəfli və çoxtərəfli təmaslara keçidi sürətləndirməlidir.

Erməni politoloq Anuş Sedrakyan erməniləri təlaşa salan məqamları dilə gətirib. Onun sözlərinə görə, Fransanın Azərbaycanla münasibətlərini intensivləşdirməyə başlaması Ermənistan üçün çox təhlükəlidir.

"Azərbaycan bütün imkanlardan, o cümlədən iqtisadi resurslarından hərbi məqsədlər üçün yararlana bilər. Avropa Birliyi ölkələri isə münasib və qeyri-münasib hər yerdə müttəfiq aramağa başlayıblar.  Belədə sual yaranır: niyə bu müttəfiq Ermənistan deyil?! Çünki Avropa Birliyini efemer hüquqi və demokratik məsələlər yox, iqtisadi, energetik, təbii qaz təminatı və hərbi aspektdəki problemlərin həlli maraqlandırır. Donald Trampın son qərarlarından sonra Avropa ölkələri üçün məhdudlaşan ABŞ bazarlarının yerinə yeni bazarlar uğrunda mübarizə gedir", - Anuş Sedrakyan deyib.

Gerçəkdən də, ABŞ prezidenti Donald Trampın son açıqlamalarından, Vaşinqtonla Avropa arasında münasibətlərin tam yeni müstəviyə çıxarılmasından və amerikalıların avropalılar qarşısında çoxsaylı şərtlər qoymasından sonra vəziyyət dəyişib.

Ermənistandan fərqli olaraq, Azərbaycan Avropa üçün müstəsna əhəmiyyət kəsb edir.

Avropa Azərbaycanın dəyərini yenidən anlayır və bu, erməniləri çox qorxudur.

Fransa Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kayts Minasyan da bədbindir.

"Azərbaycan iqtisadiyyatı güclüdür. Ermənistanla müqayisədə isə lap güclüdür. Bu səbəbdən də müttəfiq və dost saydığımız Fransa indi Azərbaycanla münasibətləri daha da sürətləndirməyə və genişləndirməyə başlayır", - K.Minasyan söyləyib.

... Parislə Bakı arasındakı danışıqlar Ermənistanda təlaşa səbəb olub. Həmin narahatlıq bundan sonra daha da güclənəsidir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar