Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi...

21.07.2018 11:51     A-reaksiya     1299

Bu görüş dünyanın diqqət mərkəzindədir. Qənaətimə görə, Fransa-Azərbaycan, eyni zamanda, Azərbaycan-Aİ münasibətlərinin inkişafı üçün bu görüşün mühüm əhəmiyyəti var. Yaxın zaman kəsimində hər iki istiqamətdə münasibətlərin inkişafının şahidi olacağıq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Mattarellanın Bakı səfərindən dərhal sonra Fransaya getməsini və Prezident Makronla görüşünü şərh edərkən deyib. O bildirib ki, İtaliya və Fransa Avropa İttifaqının ən böyük dövlətlərindəndir:

“Aİ-nin siyasətinin müəyyənləşdirilməsində bu iki dövlətin müstəsna rolu var. Eyni zamanda, hər iki dövlət dünyanın mühüm iqtisadi gücünə malikdir. İtaliya hazırda ATƏT-ə sədrlik edir. Şübhəsiz ki, bu dövlətin mövqeyinin Azərbaycan üçün mühüm əhəmiyyəti var. Nəzərinizə çatdırım ki, İtaliya-Azərbaycan arasında çox geniş əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanda İtaliya Prezidentinin verdiyi bəyanat da sübut edir ki, əslində mahiyyət etibarı ilə Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaş münasibətləridir”.

Analitik qeyd edib ki, İtaliya prezidentinin Bakı səfərinin dərhal ardından Azərbaycan prezidentinin Fransaya getməsi mühüm əhəmiyyət kəsb edir:

“Nəzərə almaq lazımdır ki, Fransa Aİ-nin ən aparıcı, ən yüklü dövlətidir. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk Qrupunun həmsədridir. Azərbaycan üçün Fransanı diqqət mərkəzində saxlamağa sövq edən amillərdən biri isə bu ölkədə güclü erməni diasporunun olmasıdır. Bakı Fransa-Azərbaycan münasibətlərinə mane olmağa çalışan diaspor faktını neytrallaşdırmağı bacarıb. Bu prosesdə şübhəsiz ki, Azərbaycan prezidentinin rolu danılmazdır. Eyni zamanda, dövlət qurumlarımızın və Heydər Əliyev Fondunun Fransada keçirdiyi tədbirlər də burada mühüm rol oynayır. İndiki şəraitdə Ermənistan cəmiyyətində, mediasında Azərbaycan-Fransa münasibətlərinin inkişafı barədə yayımlanan narahatlıq dolu yazılarda “Fransanın Ermənistanı deyil, Azərbaycanı seçməsi” amilinin vurğulanması, Ermənistanın Fransaya təklif edəcək heç nəyinin olmaması faktının xüsusi olaraq qeyd edilməsi də diqqətdən yayınmamalıdır”.

Analitik vurğulayıb ki, Ermənistanda “Paşinyan inqilabı” layihəsini həyata keçirən qüvvələr və erməni diasporu düşünürdü ki, bu qondarma proses altında Qərbin diqqətini Ermənistana cəlb etmək mümkün olacaq:

“Bununla da Ermənistan Azərbaycanın mövqelərinə ciddi zərbə vurmuş sayılacaqdı. Amma erməni mətbuatı özü də etiraf edir ki, Ermənistanın Azərbaycandan fərqli olaraq, təqdim etməyə heç nəyi yoxdur. Ermənistanın resursları, geostrateji mövqeyi də buna imkan vermir. Faktiki olaraq Ermənistan bu gün bütün proseslərdən kənarda qalıb. Bu aspektdən erməni mətbuatının dəyərləndirmələrindən də açıq-aşkar görünür ki, “Paşinyan ssenarisi” fiaskoya uğrayıb və Azərbaycan yürütdüyü uğurlu siyasət nəticəsində erməni diasporunun və onu müdafiə edən bəzi dairələrin Cənubi Qafqazda reallaşdırmaq istədiyi layihə faktiki olaraq sıradan çıxıb”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb.

Reaksiya.az

Şərhlər